Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-01 10:51:00
“Təhsil İnstitutu və Azərbaycan pedaqoji fikrinin inkişafı” mövzusunda vebinar

Azərbaycan Respublikasının Təhsil İnstitutu 90 illik yubileyi ilə əlaqədar silsilə vebinarlara start verib. “Təhsil İnstitutu və Azərbaycan pedaqoji fikrinin inkişafı” mövzusunda keçirilən ilk tədbirin moderatoru Elmi-pedaqoji tədqiqatlar mərkəzinin direktoru İlham Cavadov olub.

Bu barədə AzEdu.az-a Təhsil İnstitutundan bildirilib. Vebinarda spiker qismində Təhsil İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Ənvər Abbasov çıxış edib.

Təhsil İnstitutunun Azərbaycan pedaqoji fikrinin inkişafına verdiyi töhfələr haqqında çıxış edən Ə.Abbasov 1931-ci il iyulun 1-də Azərbaycan Xalq Maarif Komissarlığının Elmi-Tədqiqat Pedaqoji Kabineti və Bakı Xalq Maarif Şöbəsinin laboratoriyası əsasında indiki Təhsil İnstitutunun bünövrəsinin qoyulması və keçdiyi inkişaf dövrü barədə danışıb. O qeyd edib ki, öncə kiçik bir şöbə və bir neçə qrup formasında fəaliyyətə başlayan institut getdikcə genişlənib və fəaliyyət istiqamətlərini artırıb. Artıq 2000-ci ildə Təhsil İnstitutu elmi şöbələrdən ibarət və pedaqogikanın aktual məsələlərini öyrənən bir qurum olub.

 

Hazırda struktur şöbələr və 5 mərkəzdən ibarət olan Təhsil İnstitutu təhsilin nəzəri və təcrübi məsələləri ilə bağlı, o cümlədən təhsil siyasəti üzrə prioritetlərin müəyyənləşdirilməsi və strateji planlaşdırma istiqamətləri üzrə tədqiqatların aparılması, təhsil müəssisələrində keyfiyyət göstəricilərinin artırılması, təhsil imkanlarının genişləndirilməsi və təhsilalanlar üçün bərabər imkanların yaradılması məqsədilə tədqiqatların aparılması, elmi-pedaqoji tədqiqatlar və elmi-pedaqoji kadr hazırlığı, müxtəlif pillələr üzrə təhsilin məzmun və qiymətləndirmə standartlarının, nümunəvi (variativ) kurikulumların və təhsilin keyfiyyət standartlarının hazırlanması kimi sahələri əhatə edir. Eyni zamanda, müxtəlif təhsil müəssisələrində təhsilin inklüzivliyi, psixoloji xidmətin təşkil edilməsi, istedadlı uşaqlarla işin düzgün qurulması və tədris resurslarından istifadə sahəsində metodik tövsiyələrin hazırlanması, elektron təhsilin inkişafı və elektron məzmunun hazırlanması, milli və beynəlxalq qiymətləndirmə tədqiqatlarının həyata keçirilməsi, təhsilin normativ-hüquqi bazasına aid sənədlərin hazırlanması, təhsil islahatlarına yönəlmiş layihələrin icra olunması kimi fəaliyyətləri həyata keçirir.

Tədbirdə Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri İntiqam Cəbrayılov, elmi katib, pedaqogika üzrə elmlər doktoru, professor Akif Abbasov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Pedaqoji fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov, ADPU-nun əməkdaşları Zülfiyyə Vəliyeva, Fəridə Hüseynova Təhsil İnstitutunun Azərbaycanın təhsil tarixindəki mühüm rolu barədə fikirlərini bildiriblər.

Tədbirdə ali və orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyəti, tədqiqatçı, doktorant və dissertant, magistr, məktəb rəhbəri və digər pedaqoji sahələrdə çalışan şəxslər iştirak ediblər.