Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-30 13:23:00
Təhsil Nazirliyi kampaniyaya dəstək verməyə və əməkdaşlıq etməyə hazırdır    

Erkən uşaqlıq dövrü inkişafı və Azərbaycanda Milli Eudi kampaniyası”nın təqdimatı olub

 

 Aprelin 22-də “Erkən Uşaqlıq Dövründə İnkişaf (EUDİ) və Azərbaycanda Milli EUDİ kampaniyası”nın təqdimat mərasimi keçirilib.

 

Tədbir Heydər Əliyev Fondunun dəstəyi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə baş tutub.

 

Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin müdiri, Milli Məclisin deputatı Soltan Məmmədov  EUDİ layihəsinin Azərbaycanın hər zaman tətbiqində yüksək siyasi iradə nümayiş etdirdiyi 17 davamlı inkişaf məqsədlərindən 11-nin uğurlu icrasına öz töhfəsini verəcəyini diqqətə çatdırıb. Soltan Məmmədov ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun uşaqların sağlamlığı, təhsili və sosial təminatı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirdiyini vurğulayıb.

 

Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov son dərəcə vacib məsələyə həsr olunan tədbirdə iştirakçıları Təhsil Nazirliyi adından salamlayıb, təqdimat mərasiminə uğurlar arzu edib.

 

Heydər Əliyev Fonduna, Avropa İttifaqına, UNİSEF-ə təhsilin inkişafında, uşaqların inkişafına verdikləri diqqət və dəstəyə görə minnətdarlığını bildirən nazir müavini qeyd edib ki, tədbirin belə mötəbər tərkibdə keçirilməsi öz-özlüyündə məsələnin bütün cəmiyyətimiz üçün nə qədər vacib olduğuna işarə edir. Tədbir 2 əsas məsələni önə çəkir:

 

- Birinci: uşağın düzgün inkişafına dəstək nə qədər tez başlasa, səmərəsi bir o qədər yüksək olacaq;

- İkinci: uşaqların erkən inkişafına dəstək yalnız ailənin və bir sahənin - təhsil və ya sosial sahə kifayət etmir. Burada bir çox sektorların birgə və nizamlı fəaliyyəti vacibdir.

 

“Eyni zamanda etiraf edilməlidir ki, erkən yaş dövründə uşaqların inkişafında aparıcı rol böyüklərin üzərinə düşür. Onlar uşaqların inkişafı və optimal sağlamlığı üçün lazım olan bütün şərtləri təmin edir. Əsas şərtlərdən biri uşaqların tərbiyəsində iştirak edənlərin vahid pedaqoji yanaşmasıdır. Xüsusən ailədə hansı ki, uşağın tərbiyəsi ilə bir neçə nəfər məşğul olur: ana, ata, nənə və başqaları. Çox vaxt onların uşaqla davranışı bir-biri ilə razılaşdırılmır və daimi olmur”.

 

F.Qurbanov sözlərinə əlavə edib ki, belə olduqda uşaq nə edəcəyini və necə davranacağını başa düşmür. Bəzi uşaqlar çox həssasdırlar, böyüklərin tələblərinə tabe olmurlar, daha güclüləri isə öz davranışlarını dəyişərək vəziyyətə uyğunlaşmağa çalışırlar, hansı ki, bu, onların imkanları xaricindədir.

 

Ona görə də çox mühümdir ki, uşaqlara tələblər nəinki ailədə, eyni zamanda, məktəbəqədər müəssisələrdə valideyn və müəllimlə razılaşdırılmaqla onların gücü yetəcək şəkildə tənzimlənməlidir.

 

Nazir müavini F.Qurbanov qeyd edib ki, uşaq inkişafının 4 əsas istiqaməti - fiziki, əqli, əxlaqi və estetik inkişafı dövlətin diqqət mərkəzindədir. Məktəbəqədər təhsilin həm əhatə dairəsinin genişləndirilməsi, həm də keyfiyyətinin yüksəldilməsi milli prioritetlərimizdəndir.  “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın tələbinə uyğun olaraq məktəbəqədər təhsilin son mərhələsi olan və 5 yaşlıları əhatə edən məktəbəhazırlığı təmin etmək məqsədilə Təhsil Nazirliyi hələ 2014-2015-ci illərdə pilot olaraq məktəblərin nəzdində 5 yaşlılar üçün məktəbəhazırlıq qrupları açdı. Müəllim müşahidələrinə əsaslanmış sadə tədqiqatlar sübut etdi ki, bu tədbirin balaca şagirdlərin həm öyrənmə fəaliyyətinə, həm də sosial bacarıqlarının inkişafına verdiyi səmərə yüksək olmuşdur. 2016-cı ildən etibarən isə məktəbəhazırlıq qruplarının dövlət büdcəsi hesabına açılması prosesinə başlanıldı. Məktəbəhazırlıq qruplarında 5 yaşlı uşaqların 90%-ni əhatə etmək hədəfinə bu gün biz çox yaxınıq. Cari tədris ilində məktəbəhazırlıq qruplarında 104000-dən çox 5 yaşlı təhsil alır.

 

Lakin biz anlayırıq ki, bütün 5 yaşlılarımızı məktəbəqədər təhsilə cəlb etmək hələ işin bir hissəsidir. Anlayırıq ki, məktəbəqədər təhsili əlçatan etməklə biz uşaqların erkən inkişafını təmin etmək hədəfində cəmi 1 yaş irəli getmişik. Növbəti hədəfimiz 3-5 yaş arasında olan kiçik vətəndaşlarımızın inkişafını dəstəkləmək olmuşdur. Bu məqsədlə Azərbacan Respublikasının Təhsil İnstitutu UNİCEF-lə birlikdə 2018-ci ildə icmaəsaslı məktəbəqədər təhsil qruplarını yaratmağa başladı. 50 icmada 50 qrupla işə başlanıldı və bu gün icmaəsaslı qruplarımızın sayı 179, oraya cəlb edilmiş uşaqların sayı isə 9373-dür.

 

Firudin Qurbanov qeyd edib ki, pandemiya bütün dünyada olduğu kimi, bizim təhsilimizə də ciddi zərbə vurdu: bu, danılmazdır. Amma özümüzdə güc tapıb problemin üzərinə gedirik. 2020-ci ilin 11 mart tarixindən məsafədən öyrətmənin təmin edilməsi məqsədilə teledərslər yayımlanmağa başladı. Vacib faktdır ki, efir vaxtında bəlli limiti olan layihədə məktəbəhazırlıq qrupundakı uşaqlar üçün də məşğələ yayımlanmağa imkan tapdıq. Bundan əlavə, həmin ilin may ayından etibarən icmaəsaslı məktəbəqədər qrupların uşaqları üçün məşğələlər yayımlanmağa başladı. Bu, həm də valideynlər üçün bir öyrənmə mənbəyi oldu.

 

Demək lazımdır ki, bu böhran dövründə valideynlərin üzərinə olduqca ağır yük düşdü. Həmin yükü azaltmağın bir yolu da Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında hədəf kimi qoyulmuş “Səriştəli valideyn” proqramının hazırlanması və bütün əlçatan vasitələrlə - televiziya, radio, mətbuat - işıqlandırılmasıdır. Gənc valideynlərin səriştəsinin artırılmasına həm tibb sektoru, həm sosial sektor, düşünürəm ki, elə işəgötürənlər də dəstək olmalıdır. İşləyən gənc valideynlər üçün korporativ maarifləndirmə sessiyalarının təşkili faydalı ola bilər. Biz onu da vacib bilirik ki, bu maarifləndirmə sessiyaları ənənəvi olaraq yalnız analar üçün deyil, həm də atalar üçün keçirilsin.

 

Nazir müavini Firudin Qurbanov çıxışının sonunda diqqətə çatdırıb ki, Təhsil Nazirliyi olaraq erkən uşaqlıq dövründə inkişaf kampaniyasına hər vasitə ilə dəstək verməyə, bütün aidiyyəti sektorlarla bu sahədə ideya mübadiləsi aparmağa və əməkdaşlıq etməyə hazır olduğumuzu bir daha bildiririk.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova EUDİ layihəsinin vacib və yüksək nəticəyə hesablanmış bir layihə olduğunu qeyd edib.

 

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas EUDİ layihəsinin Azərbaycan xalqına və gələcək nəsillərə töhfə verəcəyinə ümidvar olduqlarını bildirib.

 

Sonra erkən uşaqlıq dövründə inkişafla bağlı qısa videoçarx nümayiş olunub. EUDİ layihəsinin məqsədləri, layihə çərçivəsində yaradılmış www.eudi.az  portalı, Erkən Uşaqlıq Dövründə İnkişaf Resurs Mərkəzinin fəaliyyəti, o cümlədən gələcəkdə nəzərdə tutulan digər fəaliyyətlər barədə ətraflı məlumat verilib.

 

Sonra www.eudi.az  portalına həsr olunmuş videoçarx nümayiş olunub.

 

Tədbir müzakirələrlə davam etdirilib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, səhiyyə nazirinin müavini Rəhim Əliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı, Milli Məclisin deputatları Hicran Hüseynova, İlham Məmmədov, Müşfiq Məmmədlinin çıxışları dinlənilib. Çıxışlarda vurğulanıb ki, Azərbaycanda Erkən Uşaqlıq Dövründə İnkişaf (EUDİ) Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.  

Azərbaycan müəllimi