Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-28 16:24:00
Maykl Fullan “Yeni çağırışlar”da qonaq olacaq

Aprelin 29-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Proqramın budəfəki qonağı Toronto Universitetinin fəxri professoru, “Dərin öyrənmə üçün yeni pedaqogika” Beynəlxalq Təşəbbüsün Qlobal Liderlik üzrə direktoru, beynəlxalq səviyyədə tanınan yazıçı və təhsil tədqiqatçısı Maykl Fullan olacaq.

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Maykl Fullanla təhsildə liderlik və dərin öyrənmə barədə danışılacaq.

Maykl Fullan, həmçinin Toronto Universiteti Ontario Təhsil Araşdırmaları İnstitutunun sabiq dekanıdır. O, təhsildə islahat və liderlik üzrə ən tanınmış mütəxəssislərdən hesab edilir. 40-dan çox liderlik və dərindən öyrənmə üzrə kitabın müəllifidir. Professorun kitabları bir çox dildə çap olunub və qlobal mükafatlar qazanıb. Maykl Fullan 2003-2014-cü illərdə Ontarionun Baş nazirinin təhsil məsələləri üzrə baş məsləhətçisi olub.

 

Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və “T-Network” platformasının təşkilatçılığı ilə davam edən proqram Təhsil Nazirliyinin feysbuk səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.

“Yeni çağırışlar”da dünyaca məşhur “Khan Academy”nin qurucusu və baş icraçı direktoru Sal Xan, Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus, dünyanın ən zəngin ikinci adamı İlon Maskın anası, yazıçı, dietoloq və model Mey Mask, tanınmış təhsil tədqiqatçısı və yazıçı Özgür Bolat, dünyaca məşhur finlandiyalı professor Pasi Sahlberq, alim, Harvardda Dəyişiklik üzrə liderlik qrupunun rəhbəri Toni Vaqner və Türkiyə Təhsil Dərnəyinin prezidenti Səlcuq Pəhlivanoğlu qonaq olub.