Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-23 11:50:00
 Təhsil İdarəçiliyi Beynəlxalq Konfransına start verilib

22 aprel 2021-ci il tarixində Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyi, Təhsil İdarəçiləri Assosiasiyası və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə Təhsil İdarəçiliyi Beynəlxalq Konfransı start götürüb. Konfransda 9 fərqli ölkədən yerli və beynəlxalq tədqiqatçılar, alimlər və təhsil işçiləri iştirak edirlər.

 

AzEdu.az-ın mlumatına gör, konfransın açılış mərasimində Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev çıxış edib. Cənab nazir çıxışında təhsil siyasəti və təhsil inzibatçılığında qarşıda duran əsas vəzifələr barədə məlumat verib. Təhsil Nazirliyi olaraq hər bir vətəndaşı əlçatan, keyfiyyətli və bərabər imkanlı təhsil hüququ ilə təmin etməyin əsas prioritetlərdən olduğu vurğulanıb. Ölçülə bilən və müqayisə edilə bilən göstəricilərin təhsil idarəçiləri üçün daha effektiv imkanlar yaratması təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır. E.Əmrullayev qeyd edib ki, təhsilin idarə olunmasında məzmun, tədris və qiymətləndirmə kimi faktorlara xüsusi önəm verilməlidir. Vacib məsələlər sırasında məktəbəqədər, inklüziv və icmaəsaslı məktəbəqədər təhsilin inkişafı və genişləndirilməsi diqqətə çatdırılıb. Həmçinin, təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər sırasında beynəlxalq qiymətləndirmələrin əhəmiyyətindən danışan Təhsil naziri PISA, PIRLS və TIMSS kimi tədqiqatlar çərçivəsində Azərbaycandan olan şagirdlərin nəticələrində müsbət dinamikanın nəzərə çarpdığını bildirib.

 

Daha sonra Təhsil İnstitutunun direktoru Rüfət Əzizov çıxışında məzmunun yenilənməsi, gənclərin rəqəmsal bacarıqlarının artırılması və beynəlxalq qiymətləndirmələrdə irəliləyişlərin əldə olunması kimi mövzuları əhatə edib. Tədrisdə məzmunun tərtibatı zamanı kritik düşüncə, ixtira, müzakirə və layihə əsaslı interaktiv dərslərin təşkili, fənlərarası inteqrasiya və müəllimlərin aidiyyəti üzrə ixtisaslarını artırması kimi vəzifələrin əsas götürüldüyünü qeyd edib.

 

Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Prof. Dr. Cəfər Cəfərov, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Prof. Dr. Şahlar Əskərov, Şərqi Karolina Universitetinin professoru Dr. Lewis Travis, Baltistan Skardu Universitetinin professoru Dr. Ashfaque Ahmad Shah, ADA Universitetinin prorektoru Dr. Vəfa Kazdal, Təhsil İnstitutunun şöbə müdiri Prof. Dr. Piralı Əliyev və digər spikerlər çıxış ediblər.

 

Qeyd edək ki, konfransda seçilmiş məqalələr “Azərbaycan Məktəbi” jurnalının xüsusi buraxılışında çap ediləcək. Konfrans 25 aprel tarixinə qədər davam edəcək.