Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-19 15:36:00
 Bu yaz tamam başqa yazdır – RTŞ müdirindən təsirli yazı

 

 

 

 

AzEdu.az  İmişli rayon Təhsil şöbəsinin müdiri Ələmdar Quliyevin yazısını təqdim edir:

 

 

 

Yəqin ki, Bahar bayramının Azərbaycan xalqı üçün nə dərəcədə önəmli olmasını izah etməyə ehtiyac yoxdur. Nədən ki, Novruz əsrlərdən gələn bir el şənliyidir və biz onu bu günə qədər qoruyub saxlamışıq.

 

Yenə Bahar gəlir. Amma builki yaz ovqatımız tamam fərqlidir. 30 illik Qarabağ həsrətindən sonra ilk dəfə əsl sevinc yaşayacağıq, axı, ürəklərimizdəki nisgil artıq silinib, düşmən üzərində qələbə özümüzə olan inamı, sevgini birə onqat artırıb. Yalanla dolu erməni mifini dağıtmışıq, millətimizin necə döyüşkən, vətənpərvər olduğunu bütün dünyaya göstərə bilmişik. 44 günlük Vətən Müharibəsində Azərbaycan xalqı sözün əsl mənasında tarix yazdı. Ordumuzun göstərdiyi rəşadət XXI əsrin həyat tarixinə düşdü. Şəhidlər verdik, qazilərimizdən nə qədəri yarımcan oldu, ancaq faşist ermənilərin başını əzə bildik, ölkə başçısı İlham Əliyevin təbirincə desək, onları iti qovan kimi torpaqlarımızdan qovduq.

 

Təbii ki, nə müzəffər ordumuzun rəşadəti, nə də şəhidlərimiz heç vaxt unudulmayacaq. Xalq onların xatirəsini daim ürəklərində yaşadacaq, dövlətimiz şəhid ailələrinə yüksək səviyyədə himayədarlıq edəcəkdir. Heç uzağa getməyək, bu il fevralın 26-da Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını yada salaq. Dövlət başçımız həmin tədbirdə bir çox məsələlərə toxundu. Bəzi statistik rəqəmlərə nəzər salaq.

 

İlk növbədə onu qeyd edək ki, məhz ölkə başçısı İlham Əliyevin xüsusi qayğısı nəticəsində şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlərlə təminatı proqramı ildən-ilə geniş miqyas alır. Baxın, 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572 mənzil və fərdi ev verilib. Bu il isə 3 minədək belə evlərin verilməsi nəzərdə tutulub. İldən-ilə artan yüksəliş dinamikası göz qabağındadır.

 

 

Sözügedən tədbirdə Azərbaycan Prezidentinin gənclərimiz barədə səsləndirdiyi fikirlər həm həqiqəti əks etdirirdi, həm də ölkəmizin gələcəyi barədə əminlik yaradırdı. Əlbəttə, danılmaz həqiqətdir ki, Vətən Müharibəsində döyüşənlərin, canlarından, qanlarından keçənlərin böyük əksəriyyəti gənclər idi.

 

 

Ümumiyyətlə, ölkə Prezidenti İlham Əliyevin istər Ramanadakı, istər Qarabağa son səfərindəki, istərsə də digər çıxışlarındakı bir məqam xalqımızın gözündən yayınmır: qətiyyətlilik! Bu xüsusiyyət sanki dövlət başçısının fəaliyyətində ana leytmotiv kimi yer tutur. Şübhəsiz ki, bura yüksək intellekt, manevr etmək bacarığı, diplomatik qabiliyyət və digər mühüm komponentləri də əlavə etmək olar.

 

 

Bu da bir həqiqətdir ki, müharibə başa çatsa da, hələ həllini tapmayan bir sıra problemlərlə üz-üzəyik. Hələ Qarabağ torpaqlarında bizi nəhəng quruculuq işləri gözləyir. Hələ Ermənistanda revanşist qüvvələrin hakimiyyət uğrunda mübarizəsi səngimir. Hələ dünyanın ədalət tərəzisi tam düzəlməyib. Bu “hələ”lər təbii ki, bizi daha ayıq-sayıq olmağa, daim ordu quruculuğunu inkişaf etdirməyə sövq edir. Təsadüfi deyil ki, bir neçə gün idi Azərbaycan Ordusu əməliyyat-taktiki təlimlər keçirirdi. Təlimə 10000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif canlı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunmuşdu (təlimlər martın 18-də başa çatıb).

 

 

Bir məsələyə də toxunmaq istərdim. İstər müharibədən əvvəl, istərsə də postmüharibə dövründə Qərbin və Avropa ölkələri rəhbərlərinin Azərbaycana qarşı sərgilədikləri müxtəlif səviyyəli münasibətlərin dəfələrlə şahidi olmuşuq. Bizə daim Qarabağ konfliktinin yalnız sülh yolu ilə həll olunması fikrini aşılayırdılar. Beləcə, Azərbaycan tərəfi 30 il dözdü. Yalnız Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi nəticəsində məsələ hərb müstəvisində öz həllini tapdı. Sözsüz ki, bizim hərbi quruculuğa illərlə hazırlaşmağımız, müasir silahlarla təchiz olunmağımız qələbə qazanmağımızda çox böyük rol oynadı və sonda dünya da reallığı qəbul etdi. Azərbaycan Prezidentinin sözləri ilə desək, bu reallığı biz yaratdıq.

 

 

Bir vaxtlar ATƏT-in Minsk Qrupunun həmsədrləri gəlirdilər-gedirdilər, ortalıqda isə nəticə görmürdük. Əlbəttə, imitasiya təsiri bağışlayan belə səfərlər ermənilərə və onların havadarlarına sərf edirdi. Nəhayət, Azərbaycan illərlə formalaşmış belə “sülh danışıqları” stereotipini dağıtdı, biz gerçəkdən tarix yazdıq!

 

 

Bu il martın 14-də İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyəti Prezidenti İlham Əliyev tərəfindən qəbul edildi. Mən öz söhbətimi dövlət başçımızın həmin görüşdə səsləndirdiyi bir fikirlə tamamlamaq istərdim: “Biz artıq Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması ilə bağlı danışıqlar prosesinə başlamışıq. Bu, noyabrın 10-da imzalanmış Bəyanatın bir hissəsidir. Danışıqların müxtəlif səviyyələrdə artıq bir neçə mərhələsi olub. Düşünürəm ki, məhz bu məsələ müharibə səhifəsini tamamilə bağlamaq və onu tarixdə qoymaq üçün başlanğıc nöqtəsi ola bilər”.

Bir sözlə elimizə, obamıza, torpağımıza Bahar gəlib. Bu tamam ayrı bir Bahardır. Bu Qarabağ Yazıdır, bu Qarabağ Baharıdır. İndi düzlərimizdə, çəmənlərimizdə lalələr daha gözəl və daha al görsənir. Bu bəlkə də ərənlərimizin, igidlərimizin qanı ilə suvarılmış torpağda bitdiyi üçün belədir.

 

 İndi Qarabağımız azaddır! Bütöv Azərbaycanımız, Baharımız mübarək olsun.

 Qarabağ Azərbaycandır!