Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-19 12:24:00
Respublika fənn olimpiadalarının finalçıları ilə görüş

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən Respublika fənn olimpiadalarının final turuna vəsiqə qazanan məktəblilərlə onlayn görüş keçirilib.

 

Bu barədə AzEdu-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva olimpiadanın yarımfinal turunda müvəffəqiyyət əldə edən məktəbliləri təbrik edib, bu uğurların davamlı olacağına və əldə olunan təcrübənin gələcəkdə daha böyük nailiyyətlərə yol açacağına əminliyini ifadə edib.

 

İdarə müdiri olimpiadaların təşkil edilməsində əsas məqsədin istedadlı uşaqların aşkara çıxarılması, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaratmaqdan ibarət olduğunu bildirib.

 

Son illərdə azərbaycanlı şagirdlərin beynəlxalq olimpiadalardakı yüksək nəticələrindən danışan Mehriban Vəliyeva ölkəmizdə bu prosesin təşkilinə xüsusi diqqət yetirildiyini qeyd edib.

 

Bolluq, xeyirxahlıq, gözəllik və humanist ideyalar bayramı olan Novruz münasibətilə tədbir iştirakçılarını təbrik edən İdarə müdiri istedadlı şagirdlərin yaradıcılığa və elmə olan marağını artırmaq, nəzəri və təcrübi biliklərini təkmilləşdirmək, şagirdlər arasında sağlam rəqabət mühiti yaratmaq məqsədilə keçirilən müsabiqələrin əhəmiyyətini vurğulayıb.

 

Görüşdə olimpiadaya hazırlıq məqsədilə “İstedad qazandır” layihəsi çərçivəsində görülən işlərdən bəhs edilib, müvafiq təklif və tövsiyələr səsləndirilib.

 

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 118 şagirdi fənn olimpiadalarının respublika mərhələsinin final turunda iştirak etmək hüququ qazanıb. Onlardan 24 nəfər Azərbaycan dili və ədəbiyyat, 11 nəfər biologiya, 18 nəfər coğrafiya, 14 nəfər fizika, 12 nəfər kimya, 10 nəfər riyaziyyat, 16 nəfər tarix, 13 nəfər informatika fənni üzrə müvəffəqiyyət əldə edib.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları