Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-18 12:37:00
“Sənətkarlığın Gələcəyi” proqramına yekun vuruldu  

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Plimut İncəsənət Kollecinin tərəfdaşlığı ilə "British Council"ın “Sənətkarlığın Gələcəyi” ("Crafting Futures") proqramı çərçivəsində keçirilən “Craft Talk” müzakirələrinin yekununa dair görüş keçirilib.

 

AzEdu.az-ın məlumatına görə, proqramın həyata keçirilməsində məqsəd gənc müəllimlərin sənətkarlıq təcrübələrinin öyrənilməsi, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, sənətkarlığa dair müvafiq tədqiqat işlərinin aparılması, müxtəlif maarifləndirmə tədbirləri ilə ustaların təcrübə mübadiləsinin və peşəkarlıq səviyyəsinin artırılmasından ibarət olub.

 

Onlayn formatda təşkil edilən görüşdə Təhsil Nazirliyinin  Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev, “British Council”in Azərbaycan üzrə direktoru Samr Şah, Plimut İncəsənət Kollecinin müəllimi Dr.Kim Beqli və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə çıxış ediblər.

 

Proqram çərçivəsində Plimut İncəsənət Kollecinin müəllim və sənətkarları tərəfindən “Yaradıcılığın stimullaşdırılması üçün müstəqil şəkildə inkişaf etdirilən parametrlər”, “Yaradıcılıqdan keçən düşüncə: Studiyada risk almaq və problemləri həll etmək”, "Yaradıcı insanlar üçün məkanın yaradılması: yaradıcı sinif otağının formalaşdırılması" mövzuları üzrə sənətkarlıq, rəssamlıq, incəsənət və digər istiqamətləri əhatə edən müəllimlər üçün təşkil olunan vebseminarlar sosial şəbəklərdə üç gün canlı yayımlanaraq geniş auditoriya kütləsini əhatə edib.

 

Qeyd edək ki, bütün dünyada sənətkarlığın və tətbiqi sənətin növlərinin inkişafını dəstəklən “British Council”ın “Sənətkarlığın Gələcəyi”  proqramı sənət və dizaynın müxtəlif sahələrində peşəkar təlim verən Plymouth Art College (Böyuk Britaniya), Asmart Creative Hub (Azərbaycan), Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə icra edilir.