Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-15 11:38:00
Türkiyə Təhsil Dərnəyinin prezidenti “Yeni çağırışlar” onlayn müzakirə proqramında  

Martın 17-də “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Bu buraxılışda Türkiyə Təhsil Dərnəyinin (TED) prezidenti qonaq olacaq. Proqram qeyd edilən tarixdə Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərində canlı yayımlanacaq.

 

Bu barədə AzEdu.az -a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar”da Türkiyənin təhsil təcrübəsi, təhsildə dəyişiklik və liderlik, gələcəyin məktəb modelləri, davamlı öyrənmə və XXI əsrdə tələb edilən yeni bacarıqlar haqqında danışılacaq.

 

Türkiyə Təhsil Dərnəyi (TED) Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün təşəbbüsü ilə 1928-ci ildə qurulub. Hazırda TED 41 məktəbi və eyniadlı universiteti, Ali Təhsil Fondu, tedmem düşüncə qurumu, simfonik orkestri və digər quruluşları ilə fəaliyyət göstərir.

 

TED-in prezidenti Səlcuq Pəhlivanoğlu, həmçinin Türkiyə Prezident Administrasiyasının Təhsil və Təlim siyasətləri şurasının üzvü, TED Ali Təhsil Fondunun qurucusu, TED Universitetinin İdarə Heyətinin və Qəyyumlar Şurasının sədridir. O, 35 illik idarəçilik təcrübəsinə malikdir.

 

Qeyd edək ki, sözügedən proqram “T-Network” koordinatoru Cəfər Mənsiminin təqdimatında ayda iki dəfə yayımlanır. Proqramın əvvəlki qonaqları dünyaca məşhur "Khan Academy"nin qurucusu və CEO-su Sal Khan, Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus, tanınmış təhsil tədqiqatçısı və yazıçı Özgür Bolat, dünyaca məşhur finlandiyalı professor Pasi Sahlberq, harvardlı alim, Dəyişiklik üzrə liderlik qrupunun qurucusu Toni Vaqner olub. “Yeni çağırışlar” müzakirə proqramı haqqında ətraflı məlumatla T-network-un “Facebook” səhifəsindən tanış olmaq mümkündür.