Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-14 11:58:00
“Kibertəhlükəsizlik” təlim layihəsi davam edir  

Martın 13-də Təhsil İnstitutu tərəfindən “Kibertəhlükəsizlik” təlim layihəsinin üçüncü fazasının açılış tədbiri keçirilib.

 

Bu barədə AzEdu.az-a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, tədbiri institutun direktoru Rüfət Əzizov açaraq rəqəmsallaşmanın geniş vüsət aldığı bir dövrdə ölkəmizdə və dünyada kiberhücumlarla bağlı problemlərin artdığını və kibertəhlükəsizlik sahəsində görülən işlərin getdikcə daha böyük əhəmiyyət kəsb etdiyini söyləyib. Qeyd edib ki, məhz bu səbəbdən tələbələrin belə təlim layihələrində iştirakı onların günümüzün və gələcəyin aktual peşə sahələrinə yönləndirilməsini təşviq edir. Eyni zamanda, kibertəhlükəsizlik sahəsində mütəxəssislər yetişdirilməsi müvafiq qlobal şirkətlərin ölkəmizə axınını sürətləndirəcək.

 

Təhsil İnstitutunun Ömürboyu təhsil üzrə milli kvalifikasiyalar şöbəsinin müdiri, “Kibertəhlükəsizlik” təlim layihəsinin koordinatoru Səbinə Babayeva bildirib ki, layihənin əsas məqsədi Azərbaycanda informasiya təhlükəsizliyinin səviyyəsini artırmaq, bu sahədə mütəxəssislərin yetişdirilməsinə, həmçinin informasiya cəmiyyətinin və kibertəhlükəsizlik icmasının qurulmasına dəstək verməkdir.

 

Onlayn formatda keçirilən tədbirdə təlimçi qismində xaricdə təhsil alan, kibertəhlükəsizlik sahəsi üzrə ixtisaslaşan həmyerlilərimiz Pərvin Sadıqova və Miraqşin Abutalıbov çıxış ediblər.

 

Qeyd edək ki, Pərvin Sadıqova proqram yoxlanılması və təhlükəsizlik üzrə “King's College London”da kompüter elmləri namizədidir. Digər təlimçi Miraqşin Abutalıbov isə Oksford Universitetində proqram təminatı və sistemlərin təhlükəsizliyi üzrə magistr tələbəsidir.