Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-09 13:22:00
İmtahan sualları və  qəbul qaydalarında dəyişiklik, açıqlanan nəticələr – Təhsil icmalı

 

 

 

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

 

Yola saldığımız həftədə 1-7 mart təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

 

II, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirmə keçiriləcək:

 

 

5-12 mart tarixlərində  III, VI və VII sinif şagirdləri arasında milli qiymətləndirmə təşkil ediləcək. Məqsəd ümumi təhsil pilləsində keyfiyyət göstəricilərini müəyyən etməkdir.

 

 

7000-ə yaxın şagirdin iştirakı nəzərdə tutulan milli qiymətləndirmə əyani formada təşkil olunacaq. Qiymətləndirmə COVID-19 pandemiyasının tələb etdiyi gigiyenik şərtlərə uyğun olaraq ölkənin təsadüfi seçilmiş 20 regionunda keçiriləcək.

 

 

Buraxılış imtahanları ilə bağlı daha bir dəyişiklik edilib:

 

 

Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyinin mütəxəssisləri hazırki vəziyyəti bir daha təhlil edərək tapşırıqların formasını daha da sadələşdiriblər.

 

 

DİM-dən verilən məlumata görə,  əvvəlcədən elan olunduğu kimi, “Abituriyent” jurnalının xüsusi buraxılışında verilən modeldən fərqli olaraq yeni təqdim olunan imtahan modelinə əsasən, imtahanda yazılı cavab tələb edən açıq tipli tapşırıqlar istifadə olunmayacaq.

 

 

Buraxılış imtahanlarına salınan test tapşırıqlarının sayı dəyişdirilib:

 

 

Buraxılış imtahanının bir mərhələdə keçirilməsi ilə əlaqədar, fənlər üzrə test tapşırıqlarının yeni sayı əks olunub.

 

 

“Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”nda dəyişiklik edilib. 

 

 

9 illik bazadan kolleclərə qəbul qaydaları dəyişib:

 

 

Baş nazir Əli Əsədov "Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilməsi haqqında” qərar imzalayıb. 

 

 

Qərara əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qüvvədə olduğu müddətdə qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada bir mərhələdə keçirilir.

 

 

 

“Sabahın alimləri” müsabiqəsinin bağlanış mərasimi keçirilib:

 

 

Martın 2-də “Sabahın alimləri” X respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib. Müsabiqədə 14 şəhər və rayonun ümumtəhsil məktəblərində təhsil alan 208 şagird 123 elmi  layihə ilə iştirak etmək hüququ qazanıb. Bu layihələrdən 37-si fərdi, 86-sı isə kollektiv layihədir. Şagirdlər müsabiqəyə riyaziyyat  üzrə 14, fizika, astronomiya  üzrə 16, kimya üzrə 8, biologiya üzrə 16, tibb və sağlamlıq üzrə 12, ekologiya, ətraf mühitin idarəolunması üzrə 20, kompüter elmləri  üzrə 10, mühəndislik üzrə 17 layihə ilə qatılıblar.

 

 

Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək:

 

 

Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunun keçiriləcəyi tarixlər açıqlanıb.

 

 

Belə ki, martın 8-də informatika fənni, martın 10-da isə digər fənlər (Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya) üzrə respublika mərhələsinin yarımfinal turu keçiriləcək. Bu mərhələyə qeydiyyat https://www.olimpiada.edu.az/ saytı vasitəsi ilə elektron formada həyata keçirilib.

 

 

Təhsil işçilərinin vaksinasiyasına başlanılıb:

 

 

3 mart 2021-ci il tarixindən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb. İlkin olaraq yaşı 50 və daha yuxarı olan pedaqoji və texniki heyətin vaksinasiyasına start verilib.

 

 

Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında əməkdaşlıq genişləndirilib:

 

 

Martın 3-də Təhsil Nazirliyi və “Microsoft” şirkəti arasında keçirilmiş onlayn tədbirdə birgə təhsil layihələri üzrə əməkdaşlığın davam etdirilməsi barədə niyyət sənədi imzalanıb. 

 

 

Təhsil naziri Emin Əmrullayev və "Microsoft" korporasiyasının vitse-prezidenti Antoni Salkito tərəfindən imzalanan sənədin məqsədi tərəflər arasında təhsil sahəsində əməkdaşlığı genişləndirmək və birgə innovativ layihələrin icrasını təmin etməkdir. 

 

 

Tələbələrin köçürülməsi üzrə nəticələlər açıqlanıb:

 

 

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr elan olunub.

 

 

Transfer.edu.az portalı vasitəsi ilə  ali təhsil müəssisələrindən köçürülmək üçün ümumilikdə 2 721 nəfər müraciət edib. Onlardan 1 856 nəfərin müraciəti müsbət cavablandırılıb. Ali təhsil müəssisələrindən köçürülməsinə icazə verilən 1 856 nəfərdən 1 777-ni bakalavriatura, 20-ni magistratura səviyyəsi üzrə, 59-nu isə xarici ali təhsil müəssisələrindən köçürülənlər təşkil edir.

 

 

Direktorların işə qəbulu üzrə test imtahanlarına start verilib:

 

 

Cari ilin 6-7 mart tarixlərində Bakı şəhəri daxil olmaqla 12 bölgədə yerləşən 25 imtahan mərkəzində direktorların işə qəbulu üzrə test imtahanları keçiriləcək. İmtahanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla sanitar-epidemioloji qaydalara uyğun olaraq həyata keçiriləcək.

 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni  müdir müavinləri təyin  edildi:

 

 

Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Xəyalə Əhmədzadə və Orxan Kərimov BŞTİ-nin müdir müavini vəzifələrinə təyin ediliblər. Qeyd edək ki, bu təyinata qədər Xəyalə Əhmədzadə Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyada direktor müavini və direktor vəzifələrində, Orxan Kərimov isə Azərbaycan Respublikası Təhsil İnstitutunun Layihə Katibliyinin rəhbəri vəzifəsində çalışıb.

 

 

8 Mart üçün pul yığsalar, bu nömrəyə zəng vurun- Nazirlik

 

 

Təhsil Nazirliyi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə məktəblərdə yarana biləcək xoşagəlməz hallarla bağlı ictimaiyyətə müraciət edib.

 

 

Müraciətdə bu və ya digər hallarla bağlı Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə və ya elektron ünvanına müraciət etmələri qeyd olunur.

 

 

Magistraturaya qəbul imtahanının nəticələrini elan edib:

 

 

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 28-də keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.

 

 

DİM-dən verilən məlumata görə, imtahan nəticələri ilə buradan tanış ola bilərsiniz.

 

 

Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb:

 

 

Bakıda daha bir məktəbda koronavirusa görə tədris müvəqqəti dayanıb. 

 

 

Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 106 saylı tam orta məktəb COVİD-19 səbəbilə karantinə bağlanıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları