Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-17 13:14:00
135 yaşlı Tuğ kənd məktəbi - FOTO

Azərbaycanın zəngin tarixə, mütərəqqi ənənələrə malik təhsil ocaqlarından biri Xocavənd rayon Tuğ məktəbidir. Əsası 1885-ci ildə Azərbaycanın görkəmli şairi Mir Mehdi Xəzani tərəfindən qoyulmuş bu məktəbdə Qori Müəllimlər Seminariyasını bitirmiş Mustafa Cahangirov, Mirzə Qara Məhərrəmov, Abdulla bəy Məlik Aslanbəyov, Məmməd bəy Məlikyeqanov, Kazan Universitetini bitirmiş Əsgər bəy Eyvazov kimi ziyalılar müəllimlik ediblər.

 

AzEdu.az xəbər verir ki, fəaliyyət göstərdiyi 135 il ərzində Tuğ məktəbi ölkəyə yüzlərlə alim, dövlət məmuru, hərbçi, təhsil, mədəniyyət və incəsənət işçiləri bəxş edib. Məktəbin görkəmli məzunlarından biri Azərbaycan Xalq Cümhuriyyətinin dəmir yolu, poçt və teleqraf naziri, parlamentin üzvü olmuş, sonrakı illərdə ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmuş texnika elmləri doktoru Xudadat bəy Məlikaslanovdur.

 

Təhsil ocağının məzunlarından olan Vahid Göyüşov doğma kəndləri və məktəbləri ilə bağlı xatirələrindən danışıb. Bildirib ki, uşaqlığı, gəncliyi bu kənddə keçib. “Gördüyünüz bu dağılmış məktəbdə təhsil almışam. 8-ci sinfə qədər bu məktəbdə, 8-10-cu sinifləri isə başqa məktəbdə oxumuşuq. Məktəb 1978-ci ilə qədər köhnə binada fəaliyyət göstərib. Ulu öndər Heydər Əliyevin Sərəncamına əsasən 1975-1978-ci illərdə Tuğ kəndində müasir tipli yeni məktəb binası inşa edildi. Ermənilərlə eyni məktəbdə, amma ayrı-ayrı siniflərdə dərs keçirdik. Qarabağda erməni separatizmi başlayanda ermənilər bir azərbaycanlı şagirdi bıçaqla qətlə yetirdilər. Bundan sonra azərbaycanlı şagirdləri başqa binaya köçürdülər. 1991-ci il oktyabrın 30-da Tuğ kəndi işğal ediləndən sonra köhnə məktəbin binası gördüyünüz kimi, ermənilər tərəfindən yandırılıb. Allaha şükürlər olsun ki, Prezidentimizin qətiyyəti, ordumuzun gücü sayəsində kəndimiz işğaldan azad edildi və mən bu gün öz doğma yurduma gəlmişəm. Əminəm ki, tezliklə kəndimizdə həyat yenidən qayıdacaq və Tuğ məktəbi keçmiş şöhrətini bərpa edəcəkdir".

 

Azərtac