Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-14 15:42:00
"Direktorların yeni qaydada seçilməsi heç də ideal deyil" - Professor çatışmazlıqları dilə gətirdi

Təhsil sisteminin uğurlu olmasının vacib elementlərindən biri də idarəçilərin düzgün seçimidir. Çünki hər bir direktor rəhbərlik etdiyi təhsil müəssisəsinin güzgüsüdür.

 

Azərbaycanda təhsil müəssisələrinə, orta məktəblərə direktor seçimi yeni qaydalarla, bir neçə mərhələdə həyata keçirilir.

 

Son illərdə vəzifəsinin öhdəsindən uğurla gələ bilməyən bəzi məktəb direktorları işdən çıxarıldı, bəziləri yaşına görə təqaüdə göndərildi.

 

Bəs maraqlıdır, müasir təhsil sistemi ilə ayaqlaşa bilən direktor necə seçilməlidir?

 

Bu barədə Modern.az-a danışan pedaqoji elmlər doktoru, professor, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki Fərrux Rüstəmov müasir məktəbin əsas məqsədlərini sadalayıb. Mütəxəssis hesab edir ki,  məktəbə gələn hər şagirdin yaş və fərdi xüsusiyyətlərini nəzərə almaqla  onların fəaliyyəti üçün zəruri şərait  və ümumi təhsil almaq imkanları yaratmaq məktəbin əsas funksiyasıdır:


"Həmçinin məktəbin məqsədi şagirdlərin əqli, əxlaqi, etik, estetik, fiziki və ruhi inkişafına kömək etməkdən, daxili potensiallarını, təbii imkanlarını aşkara çıxarmaqdan,  humanist münasibətlər formalaşdırmaqdan ibarətdir. Bu, ideal yanaşmadır və ona nail olmağın xeyli obyektiv və subyektiv  çətinlikləri var. Amma təhsilimizdəki dəyişikliklərin əsas hədəfi  zəruri  bilikləri mənimsəyən, siyasi, iqtisadi, hüquqi mədəniyyəti və yaradıcı təfəkkürü ilə fərqlənən, insani  hissləri, məsuliyyətliliyi, vətəndaşlıq mövqeyi ilə seçilən,  əxlaqi və fiziki cəhətdən sağlam nəsil tərbiyə etməkdir.

 

Məktəb böyük bir xor kollektivini xatırladır. Xor kollektivinin uğuru dirijordan asılı olduğu kimi, məktəbin  də nailiyyətləri direktordan asılıdır.  Uğurlu direktor  uğurlu məktəb, eyni hədəfə doğru irəliləyən humanist kollektiv, kollegial idarəetmə, məsuliyyəti bölüşmək deməkdir. Məktəbin nüfuzu və imicinin formalaşması onun  şəxsi keyfiyyətlərindən, idarəetmə qabiliyyətindən asılıdır.  Müdriklərdən biri yaxşı idarəetməni yaxşı Konstitusiyadan üstün hesab edirdi. Ulu öndər deyirdi ki, rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək  mənəvi haqqın olsun. İdarəetmə məharəti namuslu olmaq məharətindən ibarətdir".

 

F. Rüstəmov xatırladıb ki, Azərbaycanda məktəb direktorlarının seçiminə həmişə həssaslıqla yanışılıb, müəyyən tələblər qoyulub:

 

"Məktəblər çox zaman direktorun adı ilə tanınıb. Məsələn, Sona xanımın məktəbi, Zahid müəllimin məktəbi və s. Bu gün məktəb direktorlarının seçiminə fərqli yanaşmalar həyata keçilir. Məktəb direktoru ilə bağlı müəyyənləşdirilən  şərtləri  ödəyənlər  müsabiqəyə buraxılır. Qəbul isə dörd mərhələdə (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə)  həyata keçirilir. Bu, yanaşma obyektivliyi, şəffaflığı təmin etməyə  hədəflənib. Təhsil Nazirliyi məktəblərimizi liderliyi və idarəetmə  qabiliyyəti, peşəkarlığı və pedaqoji səriştəliliyi ilə seçilən  direktorlarla təmin etməyi hədəf seçib.

 

Direktorların yeni qaydada seçilməsi təqdirəlayiq  yanaşma olsa da, heç də ideal deyil.   Məktəblərimizdə təhsil mühitinin sağlamlaşdırılması, idarəetmənin təkmilləşdirilməsi, direktor-müəllim, müəllim-müəllim, müəllim-şagird, məktəb - valideyn münasibətlərinin humanistləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, çox güman ki, gələcəkdə məktəb direktorlarının seçimində də yeni meyarların yaranmasına səbəb olacaq”.