Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-11 15:37:00
"Pandemiya bitən kimi şəhidlərimizin  xatirəsinə ithafən olimpiadalar təşkil edəcəyik"-Təhsil idarəsinin rəhbəri

44 günlük müharibədə düşmən qüvvələrinin atdığı ağır artilleriya nəticəsində bir çox bölgəmizdə yaşayış binaları, məktəblər dağıdıldı. Həmin günlərdə xeyli sayda mülki vətəndaşlarımızı itirdik. Həm pandemiya, həm də müharibə bölgələrdəki təhsilə təsirsiz ötüşmədi. AzEdu.az bölgə rayon təhsil şöbələrinin rəhbərləri ilə mütəmadi əlaqə  saxlayaraq təhsil sistemindəki son vəziyyəti öyrənməyə çalışdı. Müharibə Azərbaycanın haqlı qələbəsi ilə yekunlaşdı. Hazırda vəziyyət necədir?, Müharibənin, pandemiyanın təhsilə təsirləri ötüşə bilirmi?

 

AzEdu.az Gəncə Şəhər Təhsil İdarəsinin rəhbəri Anar Qədiməliyevlə olan müsahibəni təqdim edir:

 

Pandemiya dövründə Gəncə təhsili -Anar müəllim artıq 6 aydır ki, GŞTİ-nin rəhbəri vəzifəsində çalışırsınız. Rəhbər təyin olunduqdan sonra ilk olaraq hansı sahəni təkmilləşdirdiniz və gördüyünüz işlər nədən ibarət oldu?

 

-Bəli, 2020-ci il iyulun 21-dən GŞTİ-nə rəhbər təyin olunmuşam. Hər bir işə başlamazdan öncə mümkün qədər dəqiq diaqnostik qiymətləndirmə aparmaq, cari vəziyyəti real olaraq öyrənmək daha sonra mövcud resurslarla inkişafın təminatı üçün müvafiq strateji planlamanı hazırlamaq lazımdır. Tətil dövrü, pandemiya və əlavə olaraq Gəncə şəhərinin düşmənin raket atəşinə məruz qalması bu məsələni bir az da çətinləşdirdi. Bütün çətinliklərə baxmayaraq ilkin olaraq idarədaxili komanda işinin qurulmasına start verdik və tez bir zamanda komandanın hər bir üzvü qiymətləndirmənin aparılmasına və strateji planlamaya dəstək oldu. Birlikdə bu işlərin inkişaf etdirilməsinə başladıq. Təhsil sahəsi geniş olduğu üçün əvvəlcə konkret sahələr müəyyənləşdirildi. Bunlar mövcud vəziyyətdə proseslərin daha da səmərəli təşkili, şagirdlərin keyfiyyətli təhsillə təmin olunması, şəffaf idarəçilik metodunun tətbiqi və hesabatlılıq, data əsaslı qərarların verilməsi, yeni çağırışlara açıq olmaq, məktəb mühitinin sağlamlaşdırılması, idarəçilərin, müəllimlərin və digər heyətin peşəkar inkişafının təminatı və qanunvericilik və digər sahələrdə Təhsil Nazirliyinə təkliflər hazırlamaq idi. Ümumiyyətlə səmərəlilik çox vacib bir anlayışdır. Hər hansı bir iş görülür və onun nəticəsi müsbət olduğu halda işimizin uğurlu olmasına sevinirik. Lakin biz bu işi daha səmərəli icra edə bilərdiksə, o zaman düşünməli və yenidən daha uyğun qərarlar verməliyik. Buna uyğun olaraq diaqnostik qiymətləndirməni ən tez zamanda və daha çox insanı əhatə etmək məqsədilə yay aylarından distant qaydada görüşlər təşkil etməyə başladıq. İlkin olaraq bütün məktəblərə “outlook” elektron hesab açıldı və bütün tapşırıqların distant olacağı bildirildi. Burada həm məktəb rəhbərləri, həm də müxtəlif fənn müəllimləri cəlb olunaraq, müvafiq mövzular müzakirə olundu. Bu kimi görüşlər məktəb rəhbərlərinə danışmaq, müvafiq problemlərə münasibət bildirmək imkanı verdi., eyni zamanda, bizim məktəb rəhbərlərini daha da yaxından tanımaq imkanımız oldu. Müəllimlər, şagirdlər və valideynlər təhsil idarəsinə çox yaxın olduqlarını hiss etdilər və bizimlə əməkdaşlığa başladılar. Bütün bunlar bu qədər ağır konyukturanın olmasına baxmayaraq müvafiq diaqnostikaya və strateji planlamaya kömək oldu. Daha sonra çox ağır bir tapşırıq aldıq ki, o da distant təhsilin təşkili idi. Distant təhsilin təşkili və tənzimlənməsi birbaşa məktəb rəhbərliyinin bacarığından asılıdır. Məktəb rəhbərliyi kompüter, internet və sair müvafiq sistemlərlə nə qədər istifadə etmə bacarığına malikdirsə, bu işin təşkili və idarə olunması da bir o qədər asan olur. Distant dərslərin düzgün qurulması üçün bütün əməkdaşlar və məktəb rəhbərliyi birlikdə bu işin təşkil olunmasına səfərbər oldular. Əldə olunan rəqəmlərə görə əhatəlilik 80% ətrafındadır. Belə ki, şagirdlərin təxminən 80 faizi bu prosesə cəlb oluna bildi. Müəllimlərin isə 95%-i əsl fədakarlıq göstərib şagirdlərə distant qaydada dərs keçərək onların bu ağır şəraitdə dərsdən geri qalmamasına dəstək oldular. Pandemiyaya bir fürsət kimi baxdıq, XXI əsrdə kompüter bacarığı olmadan idarəetmənin, fəaliyyətin mümkün olmadığını bilərək həm məktəb rəhbərlərinin, həm də müəllimlərin bu sahədə biliklərinin dərinləşməsinə şərait yaratdıq. Müəllimlərin distant dərslərə qoşulmaması barədə çox az şikayət aldıq və bütün şikayətləri anında həll edə bildik. Distant dərslərin daha maraqlı təşkil olunması üçün “Ən yaxşı distant sinif” və “Ən yaxşı distant dərs” nominasiyası elan etdik. Şagirdlərin daha çox vətənpərvər ruhda tərbiyəsi, eyni zamanda müvafiq bacarıqların formalaşdırılması üçün distant qaydada müxtəlif müsabiqələr təşkil edildi. Vətəndaş qəbulunu distant qaydada təşkil edərək bu prosesin çox asan olmasına şərait yaratdıq. İşlərin daha çox distant qaydada təşkilinə nail olmaqla təması azaltdıq və bununla da şəffaf idarəçiliyə keçidi təmin etdik. Bundan başqa pandemiya dövründə Gəncə şəhər ümumtəhsil məktəblərinin şagirdləri Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil edilən məktəblilərarası onlayn “Fibonacci” və “Nə? Harada? Nə zaman?” intellektual yarışlarına cəlb ediliblər. 1 sentyabr 2020-ci il tarixdə M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin "Vətən" komandası respublika üzrə 2-ci yerə, növbəti mərhələdə I yerə İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin “Humanoids” komandası, II yerə 32 nömrəli tam orta məktəbin “Tesla” komandası, III yerə isə İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin “Vətənpərvərlər” komandası layiq görülüb. Bundan başqa 23-24 yanvar tarixlərində keçirilən "Nə? Harada? Nə zaman?" intellektual yarışının nəticələrinə əsasən, Gəncə şəhər 27 nömrəli məktəb-liseyin "Liderlər" komandası ilk oyunları ilə Respublika üzrə ilk I yerin sahibi olublar.

 

15 sentyabrdan yeni tədris ili yeni qaydalarla başlamışdı.Həmin qaydalara nəzarət və ümumtəhsil məktəblərində tədris necə təşkil edilirdi?

 

-Yeni tədris ili yeni məktəb binasının açılışı ilə başladı. 28 və 46 nömrəli tam orta məktəblər sökülərək yeni, dünya standartlarına cavab verən məktəb tikilərək şagirdlərin istifadəsinə verildi. Məktəbin açılış mərasimində təhsil naziri cənab Emin Əmrullayev də iştirak edirdi. Çox az müddətdə məktəblər fəaliyyət göstərdi və komandamızın əsas işi pandemiya vəziyyətində qaydalara uyğun tədrisin təşkilini təmin etmək idi. Burada əsas işimiz məktəbə bu işin qurulmasında dəstək olmaq və birlikdə bu işi qaydalara uyğun şəkildə uğurlu təşkil etmək idi. Hesab edirəm ki, komanda olaraq üzərimizə düşən öhdəliyi yüksək səviyyədə icra etdik. Bundan başqa 2020-2021-ci tədris ilində GŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən 4 məktəbə direktorların işə qəbulu müsabiqəsi vasitəsilə gənc direktorlar təyin olunub. Həmin direktorların fəaliyyətinə nəzarət edir, onların təkmilləşib, təcrübələrinin inkişaf etdirilməsi üçün çalışırıq. Bununla belə, çalışmanın yaş həddinə çatdıqları üçün bir neçə məktəb direktorunun işinə Təhsil Nazirliyi tərəfindən xitam verildi. Biz həmin direktorlarla görüş təşkil etdik. Ümumiyyətlə təcrübəli təhsil işçilərinin təcrübələrindən gələcəkdə istifadə etmək bizim üçün vacibdir. Buna uyğun olaraq təcrübələrinin bölüşdürülməsi məqsədi ilə onlarla müəyyənləşdirilmiş digər formada əməkdaşlığa başlanılacaq.

 

 

27 sentyabr tarixində Vətən Müharibəsi başlandı. Bundan qısa müddət sonra Gəncə şəhəri düşmənin raket hücumuna məruz qaldı. Bu proses Gəncə təhsilinə necə təsir etdi?

 

-Vətən müharibəsi başlanan dövrdən bütün ölkə vətəndaşları kimi biz də arxa cəbhə olaraq öz işimizi layiqincə görməyə çalışırdıq. Bildiyiniz kimi, oktyabr ayında Gəncə şəhəri 4 dəfə raket atəşinə məruz qaldı. Həmin hadisələrdə 4 şagirdimiz həlak olub, bəziləri isə xəsarət almışdı. Çarəsiz olaraq əlimizdən gələn yeganə iş mövcud hadisələr nəticəsində yaralananları ilkin tibbi yardım aldıqları xəstəxanalarda ziyarət etmək və onlara mənəvi dəstək olmaq idi. Həmçinin ehtiyacı olan bəzi şagirdlərin dərslərə qoşulması üçün dostlarımızın ikinci əl kompüterlərini onlara təqdim etdik. Burada vacib olan məsələ raket atəşi nəticəsində yaranan psixoloji təsiri və həmin neqativləri aradan qaldırmaq üçün psixoloji yardımın göstərilməsinin təşkil olunması idi. Biz bu məsələni məktəb psixoloqları ilə müzakirə etdik və müvafiq ehtiyac duyan uşaqlarla işə start verdik.

 

Vətən müharibəsi dövründə Gəncə Şəhid müəllimləri oldu. Onlar haqqında nə deyə bilərsiniz?

 

Vətən müharibəsində GŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən 15 nəfər pedaqoji işçi ordu sıralarında xidmətə yollanmışdı. Onlardan 13 nəfəri qələbə ab-havası ilə geri dönsə də, dəyərli, ictimaiyyət tərəfindən hər zaman sevilən müəllimlərimiz M.Müşfiq adına 14 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Rabil İsmayılov və M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin tarix müəllimi Rəşad Məmmədov şagirdlərinə vətənpərvərliyi Şəhid olaraq öyrətdilər. Şəhid müəllimlərimiz, əsl müəllim adına layiq, yüksək insani keyfiyyətlərə malik şəxsiyyətlər idi. Xatirəmizdə də hər zaman əvəzolunmaz, əsl vətənpərvərlik nümunəsi olaraq qalacaqlar. GŞTİ olaraq Şəhid müəllimlərimizin ailələri dəfələrlə ziyarət edilib, onlara dəstəyimizi ifadə etmişik və bu proses hər zaman davam edəcək. Düşünürük ki, pandemiya bitən kimi biz şəhidlərimizin əziz xatirəsinə ithaf olaraq riyaziyyat və tarix fənni üzrə olimpiadalar təşkil edək. Belə olan halda həm təhsilimiz üçün faydalı işlər görmüş olarıq, həm də şəhidlərimzin ruhu sevinər, adları əbədiləşər.

 

2 noyabr 2020-ci il tarixdən tədris və təlim-tərbiyə prosesinin distant formada təşkilinə başlanıldı. Bu proses başlayarkən GŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində hansı işlər görüldü?

 

 

Təbii ki, distant dərslər nə qədər rahat olsa da, o qədər texniki və sair problemlərlə dolu bir prosesdir. Bu baxımdan həm müəllimlər, məktəb rəhbərliyi, həm də idarə əməkdaşları bu işin tənzimlənməsində müəyyən qədər çətinlik yaşadı. Problemləri gördük, araşdırdıq, həll etməyə çalışdıq. Mümkün dəstəyi göstərdikdən sonra hər bir məktəbin cədvəl üzrə dərslərini izlədik, müəllimlərin qonağı olduq. Bu bizə daha çox peşəkar müəllim aşkar etməyə imkan verdi. Bu model bizim daha çox dərs dinləməmizə səbəb oldu. Yeni dərs modellərini izlədik, gələcək mentorların qeydiyyatını apardıq.

 

Pandemiya dövründə bir çox beynəlxalq olimpiadalar və intellektual yarışlar onlayn şəkildə keçirildi. Gəncə məktəblilərinin həmin olimpiada və yarışlarda iştirakı necə müəyyənləşdi?

 

Ümumillikdə Gəncə məktəbliləri istər fənn olimpiada və müsabiqələri, müxtəlif intellektual yarışlar, istərsə də beynəlxalq fənn olimpiadalarında hər zaman aktiv iştirak ediblər. Pandemiya dövründə də bu proses hər zamankı kimi davam etdi. M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin X sinif şagirdi Əziz Hüseynov Sinqapurda 32-ci Beynəlxalq İnformatika Olimpiadasında (International Olympiad in Informatics - IOI) bürünc medala, Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə onlayn XVII Beynəlxalq Jautıkov olimpiadasında da (IZhO) bürünc medala, Bolqarıstanın Şumen vilayətində informatika fənni üzrə 12-ci Beynəlxalq payız turnirində də bürünc medala layiq görüldü. Əzizin bu formada inkişafında xüsusi rolumuz olmasa da, Əzizlə bir neçə dəfə söhbətimiz oldu və onun daha uğurlu olması üçün əlimizdən nə gəlirsə edə biləcəyimizi bildirmişik. Bundan başqa bayaq da qeyd etdiyim kimi, şagirdlərimiz Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil edilən məktəblilərarası onlayn “Fibonacci” və “Nə? Harada? Nə zaman?” intellektual oyunlarının fərqli mərhələlərində yer tutaraq özlərini təkmilləşdirdilər.

 

 Sağlamlıq imkanları məhdud uşaqların distant dərslərə qoşulma prosesi necə tənzimlənir?

 

 -Bildiyiniz kimi bəzi şagirdlər sağlamlıq imkanları məhdud olduqları üçün ev təhsili alırlar, lakin indiki vəziyyət hər kəsin təhsilini ev təhsili edib. Təhsil Nazirliyinin inkluziv təhsillə bağlı strateji inkişaf planını uğurla həyata keçirməyə çalışırıq.Uşaqların ümumtəhsil məktəblərində keyfiyyətli inklüziv təhsil alması üçün əlverişli mühitin yaradılması, onların cəmiyyətə adaptasiya olması, yeniləşən təhsil mühitindən maksimum dərəcədə istifadə edə bilmələri üçün Təhsil nazirliyi tərəfindən göndərilən 55 notbuk şagirdlərə təqdim edilib. Əsas vəzifəmiz bu işi sevgi ilə yerinə yetirmək və həmin şagirdlərin proseslərdən kənarda qalmamasını təmin etməkdir.

 

 Distant dərslərin təşkili təhsilalanlar və təhsilverlənlər üçün hansı müsbət dəyişikliklər formalaşdırdı?

 

-Distant dərslərə qoşulma təhsilverlənlər və təhsilalanlarda İKT bilik və bacarıqları təkmilləşirdirir. Onlar həmin sahə üzrə hər dəfə müəyyən yeniliklər öyrənir, özünü inkişaf etdirir. Nümunə olaraq deyə bilərik ki, GŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində fənn müəllimləri dərs prosesini icra edərkən elektron resurslardan istifadə edirlər. Beləliklə, şagirdlərdə mövzular barədə fikirlərin daha da dərinləşməsinə nail olurlar. Belə olan halda təhsilverən və təhsilalan tərəfindən elektron resurslardan istifadə etmə, araşdırma bacarığı daha da təkmilləşir. Ümumillikdə vəziyyətə nəzarət etdiyimiz zaman məlum olur ki, məktəb rəhbərliyi əgər distant dərslərlə bağlı, məsələləri tənzimləyə, prosesə tam nəzarət edə bilirsə, strateji hədəflər müəyyənləşdirərək həmin hədəflərlə bağlı ümumtəhsil məktəbində labüd hesab olunan işləri həyata keçirə bilirsə, bu zaman distant dərslərin nəticələri də müsbət və davamlı xarakter daşıyır. Distant dərslər texnologiyalardan istifadə, tədrisin açıqlığı, zaman məhdudiyyətinin olmaması, təhsilin kütləviliyi, əhatəliliyi, sağlamlıq imkanları məhdud uşaqların ümumtəhsil məktəblərində keyfiyyətli inklüziv təhsil alması istiqamətində müsbət şəraitin yaradılması üçün vacibdir. GŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində çalışan 3784 müəllimdən 3517-i virtual məktəb platformasından qeydiyyatdan keçib. Onlardan 3195 müəllim dərsləri “Virtual məktəb” platformasında tədris edir. Bununla belə 47117 şagirddən 44285-i virtual məktəb platformasından qeydiyyatdan keçib. Onlardan 28373 nəfəri “Virtual məktəb” platforması vasitəsilə, 10489 şagird digər platformalardan istifadə edərək distant dərslərə qoşulur. 6484 şagird isə teledərsləri izləyir.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları