Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-05 16:11:00
İki ali təhsil müəssisəsi akkreditasiyadan keçdi

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən akkreditasiyadan keçmiş "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti"nə və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası”na müvafiq şəhadətnamələr təqdim edilib.

 

AzEdu.az xəbər verir ki, Agentliyin təşkilatçılığı ilə Təhsil Naziri tərəfindən təsdiq edilmiş akkreditasiya qrafikinə uyğun olaraq hər iki ali təhsil müəssisəsinin qiymətləndirilməsi həyata keçirilmişdir. Qiymətləndirilmənin nəticəsinə əsaslanaraq “Yekun Hesabatlar” hazırlanmış və bu hesabatlar Azərbaycan Respublikasının Təhsil Nazirinin sədrliyi ilə keçirilən Akkreditasiya Şurasının iclasında müzakirə edilmişdir. “Akkreditasiya Şurasının 14 dekabr 2020-ci il tarixli qərarı” ilə yuxarıda qeyd olunan ali təhsil müəssisələri növbəti beş (5) il müddətinə akkreditasiya olunmuşdur.

Qeyd edək ki, akkreditasiya Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması, təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi və onun fəaliyyətinin növbəti müddətə uzadılması məqsədləri daşıyır.