Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-28 10:24:00
“Abituriyent” jurnalının xüsusi buraxılışları nəşr olunacaq  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yaxın 2-3 gün ərzində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı (qəbul imtahanının I mərhələsi) üçün “Abituriyent” jurnalının xüsusi buraxılışları nəşr olunacaq.

 

AzEdu.az xəbər verir ki, DİM-dən verilən məlumata görə,9-cu siniflərə aid olan jurnalda buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri və qiymətləndirmə meyarları, ümumi orta təhsil səviyyəsində yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) Təhsil Nazirliyi ilə razılaşdırılmış yeni modeli dərc edilib. 2021-ci ildə 9-cu siniflər üzrə buraxılış imtahanları yeni imtahan modeli əsasında bir mərhələdə həyata keçiriləcək. İmtahanda şagirdlərə tədris dili fənni üzrə 30, riyaziyyat fənni üzrə 25, xarici dil fənni üzrə 30 tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunacaq.

 

Jurnalda xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib, DİM-in saytında isə müvafiq audiofayllar yer¬ləşdirilib (http://dim.gov.az/news/2504/). Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib qulaq asmaqla jurnalda verilən tapşırıqları yerinə yetirə bilər.

 

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı (qəbul imtahanının I mərhələsi) üçün “Abituriyent” jurnalında da fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri, qiymətləndirmə meyarları və balların hesablanma qaydası dərc edilib.

 

Jurnalda, həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib, DİM-in saytında isə müvafiq audiofayllar yerləşdirilib (http://dim.gov.az/news/2504/).

 

Hər iki jurnal Azərbaycan və rus dilində dərc olunub.

 

Jurnalları DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı "Abituriyent" satış köşklərindən, eləcə də kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

 

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;

 

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.

 

Onlayn sifariş zamanı nəşrlər poçt xidməti vasitəsilə Bakı şəhəri daxilində 2-3 gün, regionlar üzrə isə məsafədən asılı olaraq ən geci 5-7 gün ərzində sifarişçinin ünvanına çatdırılır.