Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-26 17:31:00
Azərbaycanda hərbçi kadrları hazırlayan ali tədris ocaqları

Bu gün Azərbaycan Milli Ordusunun 100 yaşı tamam olur. Ölkədə hərbi təhsil verən bir neçə təhsil ocağı var.

Ordu Günüylə əlaqədar AzEdu.az həmin məktəbləri təqdim edir:

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi 

Azərbaycan Ali Hərbi Məktəbi 1939-cu ildə yaradılıb və Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi adlandırılıb.

2001-ci ildə Heydər Əliyevin fərmanı ilə bu məktəb Azərbaycan Ali Hərbi Məktəbi adlanı daşımağa başlayıb.

2004-cü il tarixli fərmanı ilə isə bu məktəbə ümummilli lider Heydər Əliyevin adı verilib.

Məktəbə qəbul sentyabr ayında 17 yaşı tamam olan və 19 yaşına çatmayan orta təhsilli gənclər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən riyaziyyat, fizika, Azərbaycan tarixi, Azərbaycan dili və ədəbiyyatı fənlərindən imtahan verirlər. Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən yüksək ballar toplamış gənclər məktəbə qəbul edilirlər.

Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi quru qoşunları, hərbi hava qüvvələri, hava hücumundan müdafiə və hərbi dəniz qüvvələri fakültələri yaradılmaqla, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qoşulub.

Məktəbin 4 fakültəsinin 21 kafedrasında 23 hərbi ixtisas üzrə zabitlər hazırlanır.

Məktəbin məzunlarına təhsil aldıqları ixtisaslara uyğun bakalavr diplomu və “leytenant” hərbi rütbəsi verilir.

Silahlı Qüvvələrin Hərbi Akademiyası

Akademiya 1999-cu il tarixli fərman ilə yaradılıb.

Hərbi Akademiyada iki il müddətində təhsil alan dinləyicilər taktiki və operativ səviyyədəki birlik və qərargahlarda komandir və qərargah zabitləri vəzifələrində çalışmaq üçün hazırlanırlar.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının nəzdində Strateji tədqiqatlar və dövlət müdafiəsini idarəetmə və hərbi diplomatiya kursları da fəaliyyət göstərir.

 Cəmşid Naxçıvanski adına Hərbi Lisey

Diviziya komandiri Cəmşid Naxçıvanski adına Hərbi Lisey cənab Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılıb. 24 noyabr 1997-ci ildə prezidentinin sərəncamı ilə məktəbin adı dəyişdirilərək C.Naxçıvanski adına Hərbi Lisey adlandırılıb. 

C.Naxçıvanski adına hərbi lisey dövlət təminatında olan internat tipli tam orta təhsil müəssisəsidir. Liseyə qəbul üçün sentyabr ayının 1-nə qədər 14 yaşı tamam olmuş və 16 yaşına çatmamış 8-ci sinfi bitirmiş şagirdlər riyaziyyat, fizika, Azərbaycan dili və kimya fənlərindən DİM-in keçirdiyi test imtahanlarını verməklə qəbul olunurlar.

Hərbi liseydə təhsil müddəti 3 ildir. 3 tədris ili ərzində kursantlara Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planına əsasən 21 fənn tədris edilir. Liseydə kursantlar ümumtəhsil fənlərini öyrənməklə yanaşı hərbi hazırlıq və idman dərslərində imkanlarını inkişaf etdirirlər.

Heydər Əliyev adına Hərbi Lisey

Azərbaycan Respublikası prezidentinin 13.03.1998-ci il tarixli Sərəncamı və müdafiə nazirinin 09.04.1998-ci il tarixli əmri ilə 1998-ci ildə Naxçıvan Muxtar Respublikasında C.Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı açılıb. 27 fevral 2004-cü ildə isə C.Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı ləğv edilmiş və onun əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılıb.

 

Hərbi Tibb Məktəbi

1994-cü ilin avqust ayına kimi fəaliyyət göstərən hərbi feldşer hazırlığı fakültəsi müdafiə nazirinin əmrinə əsasən orta hərbi tibb məktəbinə çevrilib.  
2000-ci ilin dekabr ayından orta hərbi tibb məktəbi Hərbi Tibb fakültəsinin tərkibinə daxil edilib.
Orta hərbi tibb məktəbində 2 il müddətində hərbi feldşerlər hazırlanır.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi

2001-ci il martın 26-dan Zabit Təkmilləşdirmə və Gizir Hazırlığı kursları və Ehtiyat Zabit Hazırlığı Kursları bazasında Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi (TTM) fəaliyyətə başlayıb. 
TTM Silahlı Qüvvələr üçün tələb olunan istiqamətlər və ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən və hərbi-elmi işlərin aparılmasını təmin edən əlavə təhsil müəssisəsidir.

TTM-də aşağıda qeyd olunan kurslar fəaliyyət göstərir:

Zabit heyətinin təkmilləşdirmə kursu

 Ehtiyat zabit hazırlığı kursu


Gizir hazırlığı kursu

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursu