Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-16 17:04:00
"Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq" platforması təsis edilib - FOTO

“InnoWeek – İnnovasiya həftəsi 2020” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Avropa İttifaqının təşəbbüsü ilə “Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platformasının yaradılmasına həsr edilmiş videokonfrans keçirilib.

 

AzEdu.az xəbər verir ki, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, təhsil nazirinin müavini Firudin Qurbanov və Avropa Birliyinin Azərbaycan nümayəndə heyətinin rəhbəri Kestutis Jankauskas açılış nitqləri ilə çıxış ediblər.

 

Təhsil nazirinin müavini Firudin Qurbanov milli innovasiya sisteminin formalaşmasında, cəmiyyətin innovativ səviyyəsinin yüksəldilməsi istiqamətində son illər Təhsil Nazirliyi tərəfindən müxtəlif qurumların iştirakı ilə həyata keçirilən tədbirlərdən danışıb. COVID-19 pandemiyası dövründə ölkədə təhsilin fasiləsizliyinin təmin edilməsi istiqamətində görülən işləri bir daha diqqətə çatdıran nazir müavini ölkənin ən iri milli onlayn platforması olan “Virtual məktəb” barədə geniş məlumat verib. Bildirib ki, platformada hazırda ümumi istifadəçi sayı şagirdlər üzrə 1,3 milyondan çox, müəllimlər üzrə 113 min, aktiv istifadəçilərin sayı isə 1 milyona çatıb. Eyni zamanda, peşə, orta-ixtisas və ali təhsil pillələri üzrə məsafədən tədris imkanları təqdim olunur. Hazırda 38 ali təhsil müəssisəsində “Microsoft Teams” və “Cisco Webex” platformalarından ödənişsiz istifadə etməklə onlayn dərslər təşkil olunur. Onlayn dərslərə qoşulmaq üçün lazımi şəraiti olmayan müəllim və tələbələrin faydalanmaları üçün 17 region üzrə 28 məktəbdə 8 internet-kompüter mərkəzləri fəaliyyət göstərir.

 

Nazir müavini deyib ki, Azərbaycan dilli elektron məzmunun yaradılması və tədrisdə innovativ mexanizmlərin tətbiqi istiqamətində Təhsil Nazirliyi tərəfindən www.e-resurs.edu.azwww.e-derslik.edu.azwww.video.edu.az portalları fəaliyyət göstərir. Firudin Qurbanov ölkədə şagirdlərin alqoritmik düşüncə, məntiq, layihə işləmə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsi məqsədi ilə həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsi barədə də danışıb.

 

Nazir müavininin sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən Azərbaycanın ən böyük daxili təhsil şəbəkəsi olan Azərbaycan Təhsil Şəbəkəsinin əhatə dairəsi genişləndirilməkdədir. Hazırda ümumi olaraq ölkə üzrə 4140 təhsil müəssisəsinin təhsil sisteminin korporativ İntranet və İnternet şəbəkələrinə çıxışı təmin edilib. Firudin Qurbanov qeyd edib ki, ölkədə təhsil sahəsinin idarə olunması və tənzimlənməsində vahid informasiya infrastrukturu formalaşır, təhsilin idarə edilməsində informasiya sistemləri istifadəyə verilir və səmərəli tətbiqinə nail olunur. Bununla yanaşı, Təhsil Nazirliyi tərəfindən hər il təhsil sisteminin pedaqoji və inzibati-idarəetmə heyəti üçün İKT savadlılığının artırılması istiqamətində İKT-nin tətbiqi üzrə ixtisasartırma və stajkeçmə təlimləri keçirilir.

 

Nazir müavini çıxışının sonunda pandemiya və post-pandemiya dövründə gənclərin rolunun, biliklərinin, araşdırma qabiliyyətlərinin artması və müxtəlif sahələrdə qlobal fəaliyyətə gənclərin cəlb edilməsinin əsas məqsədlərdən biri olduğuna diqqət çəkib.

 

Daha sonra "İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi" MMC-nin direktoru Rauf Cabarov “Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platformasının (Milli Koalisiya) yaradılması, prinsipləri, məqsədləri və perspektivləri mövzusunda təqdimat edib.

 

Konfransda “Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platformasının əsası qoyulub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə yaradılan Tərəfdaşlıq Platforması təşəbbüsünə Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dəstək veriblər. Eləcə də, özəl tərəfdaşlar “Microsoft Azərbaycan” və “Azercell” şirkətləri bu tərəfdaşlığa dəstəklərini bildiriblər.

 

Qeyd edək ki, “Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platforması rəqəmli bacarıqlar istiqamətində fəaliyyət göstərən bütün maraqlı qurumlar və təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi, görülən işlərin əlaqələndirilməsi və eyni zamanda, rəqəmli bacarıqlar üzrə dövlət – özəl tərəfdaşlığının inkişafı məqsədilə yaradılır. Bu tərəfdaşlığa rəqəmli bacarıqlar sahəsi üzrə məşğul olan istənilən qurum qoşula bilər.