Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-14 12:55:00
Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirildi

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın TIMSS 2019 beynəlxalq qiymətləndirməsinin nəticələrinin müzakirəsinə həsr olunmuş onlayn iclası baş tutub.

 

AzEdu.az-ın məlumatına görə, Təhsil nazirinin müşaviri Elnur Nəsibov bildirib ki, dünya üzrə TIMSS 2019 beynəlxalq qiymətləndirməsində 64 ölkədən 580 000-dən çox şagird, 310 000 valideyn, 52 000 müəllim, 19 000 məktəb iştirak edib. 194 məktəb, 5300 şagird, təxminən 5300 valideyn, 310 müəllimlə TIMSS 2019 beynəlxalq qiymətləndirməsində iştirak edən ölkəmiz bu tədqiqatda yalnız IV sinif şagirdləri ilə təmsil olunub. Riyaziyyat üzrə tədqiqat nəticələri ilə ölkəmizin tarixi nəticə əldə etdiyini qeyd edən Elnur Nəsibov deyib ki, azərbaycanlı şagirdlər 515 balla bu istiqamətdə tədqiqatda iştirak edən 58 ölkə arasında 28-ci yerdə qərarlaşıb.

TIMSS 2019-cu il beynəlxalq qiymətləndirilməsində ölkəmizin göstəriciləri barədə təqdimatla çıxış edən  Təhsil İnstitutunun Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin aparıcı mütəxəssisi Aygün Qurbanlının sözlərinə görə, riyaziyyat üzrə nailiyyətimiz TIMSS 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 52 ballıq artımla 463 baldan 515 bala yüksəlib. Bu nəticə ilə Azərbaycan regionda ən yüksək nəticə göstərən ölkə sayılır. Təbiət fənnləri üzrə isə ölkəmiz 427 balla 50-ci yerdə mövqe tutub. Həmçinin, “mükəmməl” və “yüksək” qiymətləndirmə oriyentirinə (benchmark) çatan şagirdlərimizin sayında əhəmiyyətli artım müşahidə edilib. Belə ki, 2011-ci ildə 21 faiz şagirdimiz riyaziyyat üzrə “mükəmməl” və “yüksək” qiymətləndirmə nailiyyəti göstərmişdirsə, 2019-cu ildə bu nəticə 36 faiz olub.

İclasda iştirak edən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov,sədr müavini Nadir İsrafilov, məsul katib İlqar Orucov, Təhsil İnsitutunun direktor əvəzi Anar Nağıyev, Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva, şura üzvlərindən Asif Cahangirov, Ülviyyə Mikayılova, Elmina Kazımzadə, Mayis Əliyev  çıxış edərək mövzu ilə bağlı fikirlərini ifadə ediblər. Bildirilib ki, beynəlxalq qiymətləndirmənin nəticələrinə əsasən, azərbaycanlı şagirdlərin  Cənubi Qafqazda ən yüksək nəticə ilə Fransa, İspaniya, Yeni Zelandiya kimi  inkişaf etmiş ölkələrdən olan həmyaşıdlarından yüksək göstəriciləri böyük uğurdur. Bundan sonra da beynəlxalq qiymətləndirmələrdə nailiyyətlər qazanılması məqsədilə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.

 

Sonda İctimai şuranın sədr müavini Nadir İsrafilov “Təhsil strategiyası: yeni yanaşmalar” mövzusunda təqdimatla çıxış edib.