Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-25 11:00:00
Ərdoğan Türkiyə təhsilinə daha hansı yeniliklər gətirəcək

Türkiyədə növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinədə dair səsvermənin nəticələrinə görə Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilib və onun sədri olduğu Ədalət və İnkişaf  Partiyası (AKP) seçicilərin etimadını qazanıb.

Bu barədə Türkiyə Yüksək Seçki Kurulunun (YSK) sədri Sədi Güvən məlumat verib. O, sədri bildirib ki, ölkə üzrə 59.354.840 seçicinin 87 faizdən çoxu səsvermədə iştirak edib.

Ən son məlumatlara görə, seçicilərin 52.5 faizi Rəcəb Tayyib Ərdoğana etimad göstərib. 

Muharrem İnce seçicilərin 30,7 faizinin səsi ilə ikinci yerdə qərar tutub.

HDP-nin namizədi Selahettin Demirtaş 8,4 faiz, İyi Partinin başqanı Meral Akşener 7,3 faiz, Səadət Partiyasının namizədi Temel Karamollaoğlu 0,9 faiz, Vətən Partiyasının namizədi Doğu Perinçek isə 0,2 faiz səs toplayıblar.

Parlament seçkilərinə keçirilən səsvermədə isə Ədalət və İnkişaf  Partiyası ilə Millətçi Hərəkat Partiyasının birləşdiyi “Cümhur İttifaq”ı birinci yeri qazanıb – 53,62 faiz. 

Beləliklə, Türkiyə Böyük Millət Məclisindəki 600 mandatın  293-nü  Ədalət və İnkişaf Partiyası qazanıb. 

AKP-nin və Ərdoğanın seçicilərin etimadını qazanmasında sosial amillər, iqtisadi-siyasi faktorlar rol oynayır. 

O da bəllidir ki, AKP 2002-ci ildə hakimiyyətə gələndən sonra ölkə təhsilində də ciddi islahatlara start verdi. Bu da onun reytinqinin qalxmasında müəyyən dərəcədə rol oynadı.

AzEdu AKP hakimiyyəti illərində Türkiyə təhsilində hansı dəyişikliklərin olmasını araşdırmağa çalışıb. 

Bəs nələr dəyişdi? 

Düzdür, AKP-nin Türkiyədə dünyəvi təhsil sisteminə zərbə vurduğunu düşünənlər də az deyil. Məsələn, son zamanlar orta məktəblərdə təkamül təliminin tədrisinə qoyulan qadağa belə düşünməyə əsas verir. 

Xatırladaq ki, Türkiyə məktəbləri yeni dərs ilinə (2017-2018) ziddiyyətli tədris planı ilə başlayıblar. Bu plandan təkamül nəzəriyyəsi çıxarılıb və onun yerini cihad konsepsiyası tutub. 

Türkiyənin islamçı zehniyyətinin daşıyıcısı olan hakimiyyət isə bunu yeni "təhsil dəyərləri" adlandırır. 

Bununla belə, “Türkiyə təhsili AKP hakimiyyəti dövründə özünün çiçəklənmə dövrünü yaşayıb” düşüncəsində olanlar da az deyil. 

Ekspertlər düşünürlər ki, AKP iqtidarının təhsil strategiyası nəticəsində tədris planı keyfiyyət baxımından inkişaf etdi. 

Təhsil sistemi əsas iki istiqamətdən - bazarın tələbləri və AKP iqtidarının dəstək verdiyi gənclik və cəmiyyətin -  ehtiyacları üzərindən ələ alınıb. 

2000-ci ildə imtahan verən şagirdləri orta məktəb imtahanlarına Lise Giriş İmtahanı (LGS) ilə yerləşdirirdilər.

LGS 2005-ci ildə ləğv edildi və onu   Orta Məktəb İmtahanı (OKS) əvəz etdi.

Lakin 2008-ci ildə bu sistem də ləğv edildi. Və üç mərhələli Səviyyə Sertifikatlaşdırma İmtahanı (SBS) tətbiq edildi. SBS ilə birlikdə tələbələr, 6, 7 və 8-ci siniflərdə lisey imtahanlarına girməyə başladılar.

Amma bu dəyişikliyin də ömrü uzun deyildi və 2010-cu ildə vahid imtahan sisteminə qayıdıldı. Bu tək imtahan SBS olaraq da adlandırıldı. Buna baxmayaraq, 2013-cü ildə Milli Təhsil Nazirliyi imtahan sistemini bir dəfə yenidən nəzərdən keçirərək orta təhsilin əsas təhsildən keçməsi (TEOG) imtahanını açıqladı. Beləliklə, 2004-cü ildən 2013-cü ilə qədər orta təhsilə keçid təmin edən test sistemlərində cəmi beş dəyişiklik olub. 

AKP ölkənin hər yerində universitetlər və peşə kollecləri açdı  

50 il əvvəl yalnız İzmir, İstanbul, Ankara və Ərzurumda universitetlər var idi. Bu gün isə Türkiyənin hər vilayətində universitet var. Üstəgəl bu gün Türkiyədə universitet tələbəsi olmaq əvvəlki illərlə müqayisədə çox asandır. 

Hicab qadağası aradan qaldırıldı 

AKP hakimiyyətindən əvvəl başını örtən xanımlar universitetə gedə bilməzdi. Eyüp İmam Hatip Liseyinə 26 fevral 1997-ci ildə hicab qadağası gəlmişdi.

Bu üzdən hicablı tələbələr məktəbə gedə bilmədi  və sinifdə qaldılar. O dövrdə prezident Süleyman Dəmirəl idi. O deyirdi: "hicablılar universitet oxumaq istəyirsə, Səudiyyə Ərəbistanına getsinlər". 

Təhsilə ciddi  investisiya ayrıldı     

Əvvəllər məktəblərdə şagird sıxlığı olub. Bəzi məktəblərdə 60-70 nəfər sinif var idi.

Lakin AKP hakimiyyəti illərində Milli Təhsil Nazirliyinə ayrılan büdcə, Milli Müdafiə Nazirliyinin büdcəsini keçdi və  saray kimi məktəblər inşa edildi.Bu zamana qədər 269.200 sinif açıldı. Bir müəllimə düşən şagird sayı Avropa ortalaması ilə müəyyən olundu.

Rəcəb Tayib Ərdoğan bir müsahibəsində təhsillə bağlı planlardan danışarkən bunları deyib:

"30 böyük şəhərdə elm mərkəzləri qurulacaq. 35 min 204 şagird var. İbtidai məktəbdən etibarən kodlaşdırma,  proqram dərsləri başlayır. 9 ildə 327 min adama sahibkarlıq təhsili verildi. 7 milyon kitabla Türkiyənin ən böyük kitabxanasını Rami Kışlasında qururuq. Hər rayonun mərkəzində uşaq kitabxanaları qurulacaq. 2023-ci ildə 150 uşaq kitabxanası olacaq. Biz xüsusi ixtisaslaşdırılmış mövzuları yayacağıq". 

Leyla QULAMİ