Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-19 16:46:00
“Erməni vandalları bütün məktəblərimizi məhv etdilər” – Şuşa RTŞ-in müdiri

 

 

Şuşa şəhərinin əsası XVIII  əsrin ortalarında qoyulub. Xanlıq və sovet dövründə şəhər əhalisinin əksəriyyəti azərbaycanlılar olub.

 

Şuşa təbiəti, müalicəvi əhəmiyyətli resurs və saf havasına görə  Sovet illərində kurort şəhəri hesab olunub. Şəhər işğal olunana kimi orada onlarla muzey, mədəniyyət evləri, məktəb və kitabxanalar olub.

 

Şuşa  "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırılıb.

 

Şuşa 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilib.

Azərbaycan ordusu 8 noyabr 2020-ci ildə Şuşanı erməni işğalından azad etdi. Torpağımız əsl sahibinə-bizə qayıtdı.

 

AzEdu.az Şuşa rayon Təhsil Şöbəsinin rəhbəri Təvəkkül Əliyevlə müsahibəni təqdim edir:

 

 

Şuşa rayonunun 28 illik işğalına son qoyuldu, həmçinin 44 günlük müharibə Azərbaycanın tam qabiliyyəti ilə nəticələndi.  Söhbətə də təbii ki, Təvəkkül müəllimin təəssüratını öyrənməklə başlayırıq:

 

-İndiyədək fəaliyyətimizi könül rahatlığıyla icra edə bilməmişik. Şuşa işğaldan azad olundu, tariximiz yenidən yazılacaq və biz öz yurdumuzda fəaliyyət göstərəcəyik.

 

Ali Baş Komandanın rəhbərliyi altında ora qayıdacağıq və təhsil sahəsində canımızı qoyaraq işləyəcəyik. Şəxsən tanıdığım əsli Şuşadan olan insanlar var ki, paytaxtda özlərinə heç bir əmlak almırlar, yatırım etmirlər ki, biz ora qayıdacağıq, orada işləyəcəyik.

 

-Şuşa rayonunda işğaldan öncə və sonrakı təhsilindən danışaq…  

 

-İşğaldan öncə  Şuşada 23 ümumtəhsil məktəbi, 7 məktəbəqədər,  6 məktəbdənkənar təhsil müəssisəsi olub.

 

Məktəblərimizdə təxminən 4500 şagird təhsil alıb, həmçinin 565 müəllim çalışıb. Şuşada keyfiyyətli təhsil ənənəsi olub.

 

Təkcə 1990-cı ildə 17 qızıl və gümüş medal qazanan şagirdimiz olub.  Təəssüf ki, erməni vandalları məktəblərimizi, texnikumları, mədəniyyət evlərimizi darmadağın ediblər.

 

 

İşğaldan öncə müəllimlər, şagirdlər arasında rəqabət vardı. Tez-tez elmi müzakirələr aparılırdı.  Bu həm şagird, həm də müəllimlər arasında baş tuturdu.

 

Valideynlər çox istəyirdilər ki, övladları ali məktəbə daxil olsun. Təhsildə xoşməramlı  rəqabət çox güclü idi. Şuşada da təhsil şöbəsində çalışmışam. Məcburi köçkün məktəbi kimi fəaliyyət göstərməyimizə baxmayaraq, nəticələrimiz hər il yüksək olur. Şuşanın qədim təhsil ənənəsini burada da qoruyub saxlamışıq. 2019-2020-ci tədris ilinin sonunda 90 abituriyentimiz tələbə adını qazanıb.

 

-İşğaldan öncə Şuşada hansı qədim tarixə malik məktəblər fəaliyyət göstərib?

 

 

-Zaqafqaziyada ilk dünyəvi məktəb məhz Şuşada açılıb: Şuşa şəhər 1 nömrəli realni məktəb. 1830-cu il dekabrın 30-da ilk sinfində tədris başlanılıb. 1982-ci ildə Ulu Öndər Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi olduğu ildə həmin məktəbin 150 illik yubileyinin keçirilməsi üçün qərar imzalayıb. 2010-cu ildə prezident İlham Əliyevin sərəncamı ilə  məktəb üçün Yasamalda bina tikildi. Hazırda 1100-ə yaxın şagirdi və 60 müəllimi var.

Şuşada həmçinin, bir neçə universitetin filialları da fəaliyyət göstərib.

 

 -Şuşa məktəbləri hansı ərazilərdə yerləşir?

 

-Hazırda  Şuşa RTŞ  Bakı şəhərində yerləşir. 14 məktəbimiz  Bakı və ətraf ərazilərdə, 7 məktəb isə bölgələrimizdə fəaliyyət göstərir. Bəzi məktəblərimizin şagirdləri internetsizlikdən virtual dərslərə qatıla bilmirlər. Belə olduqda tele-dərsləri izləməyi tövsiyə edirik ki, bununla şagirdlər təhsildən tam uzaqlaşmasınlar.  Ünvanımızı dəyişməyi səbrsizliklə gözləyirik.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları