Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-22 15:14:00
İcra başçıları Təhsil şöbələrinin işinə niyə müdaxilə edir…

Təhsil Nazirliyi tərəfindən Prezident İlham Əliyevin “Azərbaycan Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 24 iyul 2014-cü il tarixli sərəncamının icrası ilə bağlı bir sıra addımlar atılıb. 

Sərəncama əsasən, təhsildə şəffaf və səmərəli idarəetmə sisteminin formalaşdırılması, maliyyə və inzibati resurslarının vahid təhsil siyasətinə uyğun planlaşdırılması və ölkənin təhsil sahəsinin təkmilləşdirilməsi nəzərdə tutulur.  Bunun üçün aparılan struktur islahatları təhsil keyfiyyətinin yaxşılaşdırılması, sağlam təhsil mühitinin yaradılması, müəllim peşəkarlığının artırılması, eləcə də təhsil sistemində hüquq və qanuni mənafelərinin təmin edilməsi kimi məqsədlərə xidmət etməlidir.

Məlumat üçün bildirək ki, ötən illərdə təhsilin idarəedilməsindəki struktur islahatları gündəmə gələndə və qeyri-müəyyən vaxta təxirə salınanda heç də birmənalı qarşılanmamışdı. Bu məsələ ayrı-ayrı ekspertlər tərəfindən müxtəlif şəkildə yozulurdu. Bəziləri bunu müsbət hal kimi qiymətləndirsələr də, bir çoxları bunun təhsilimizə yeni nəsə verə biləcəyinə inamsızlıqlarını bildirmişdilər.

İslahatlar çərçivəsində rayon Təhsil şöbələrinin ləğvi istiqamətində bəzi işlər aparılsa da, bu qurumlar hələ də fəaliyyət göstərməkdədir. Sirr deyil ki, rayonlarda Təhsil şöbələrinə əsasən yerli icra hakimiyyəti orqanları nəzarət edir. Hətta deyə bilərik ki, rayon Təhsil şöbələrinin müdrlərini icra başçıları Təhsil Nazirliyinə  razılıq məktubu göndərərək, təyin edirlər. Belə olan halda icra başçılarının rayonlarda Təhsil şöbələrinin fəaliyyətinə müdaxiləsi şübhəsizdir. Bəs rayon Təhsil şöbələrinin ləğvi təhsilin idarə edilməsinə necə təsir edəcək?

Mövzuyla bağlı AzEdu.az-a danışan Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, Təhsil Nazirliyinin illik hesabatında ötən illər ərzində bu sferada aparılan mühüm islahatlardan bəhs edilib:

“Sözügedən mövzular içərisində vacib məqamlardan biri idarəetmə sistemində şəffaflığı, əlçatanlığı təmin edəcək addımların planlaşdırılması idi. Bu məsələ parlament üzvləri  kimi bizi hər zaman düşündürüb və qayğılandırıb. Regional təhsil qurumlarının yaradılması istiqamətində atılan addımlar müəyyən qədər öz nəticəsini verdi. Məktəblər üçün müəyyənləşdirilən maliyyə məsələlərinin, təmirə yönələn vəsaitlərin ünvanlı qaydada xərclənməsi mümkün oldu. Lakin ümumilikdə regional idarətmə mərkəzlərinin uğurlu iş mexanizmi sərgilməsi üçün müəyən zaman lazımdır. İllik hesabatda təhsil naziri Ceyhun Bayramov qarşılarına mühüm vəzifələr qoyduqlarını bəyan etdi. Buna baxmayaraq, insanlarda belə bir fikir formalaşır ki, rayonlarda təhsilə kənar əllər təsir edir, islahatlar zəif şəkildə davam etdirilir və öz nəticəsini vermir. Xatırlayırsınızsa, prezident seçkiləri zamanı VI debatda bu məsələlərə yer vermişdim. Müəllimlərin maaşlarına əl uzadılmasının, fəaliyyətlərinə müdaxilə edilməsinin ciddi problemlər yaratdığı vurğulanmışdı. Ulu öndər Heydər Əliyevin öz müəllimi Lətif Hüseynova göstərdiyi münasibət, onu kürsünün ən yuxarı yerinə qaldırması, tribunada ona söz verməsi müəllimlərə göstərilən qayğının ən bariz nümunəsidir”.

Deputatın sözlərinə görə, Təhsil Nazirliyi prosesləri tam nəzarət altına almaqla bir sıra islahatar həyata keçirib:

“Diaqnostik qiymətləndirmə uğurlu islahatlardan biridir. Nazirlik təhsil strukturlarının yalnız özü tərəfindən idarə olunmasını təmin edəcək addımları sürətləndirməlidir. Tədbirdə o qənaətə gəldik ki, təhsil elitamız qeyd olunan problemlərdən məlumatlıdır. İcra orqanlarının təhsil prosesinə təsiri üzərində də geniş müzakirələr aparmağa dəyər. Bəziləri qeyd edir ki, kənardan seçilmə qüsurlar yaradır. Əvvəla, icra orqanları Təhsil şöbəsinin müdürlərini təyin etmir. Bu ancaq müvafiq qurumla razılaşdırılaraq həyata keçirilir. Qeyd edim ki, iri orqanların səlahiyyələri 1990-cı illərlə müqayisədə xeyli azalıb. O zaman adicə şəxsiyyət vəsiqələrinin verilməsindən tutmuş yerli məsələlərə qədər icra hakimiyyətinin nəzarətində idi. İndi isə hər biri ayrıca strukturlardır.

Finlandiya təhsil sistemində 1980-ci illərdən bu yana attığı addımlarla böyük naliyyətlərə imza atıb.  Orada  bütün addımlar hamıya müstəqil öyrənmə şəraitinin yaradılmasına xidmət edir. Müəllim  şərait yaradır ki, şagirdlər və ya tələbələr seçimlərini özləri etsinlər. BMT təhsil modeli ilə də tanış olmuşam. Bu modelə əsasən, mühazirələri hər gün tələbələrdən biri oxumalıdır. Təhsil sistemində özəlləşmənin hər zaman tərəfdarı olmuşam. Müstəqilləşmə nəzarətsizlik mənasına gələ bilməz. Hamımız irad bildiririk ki, məktəbəqədər müəssisələr Təhsil Nazirliyinə verilsin. Ancaq dövlət nə qədər bağça tikib təqdim edə bilər və bu idarəetmə nə qədər effektiv olacaq? Rəqabət prosesi yoxdursa, istədiyimiz nəticəni ala bilməyəcəyik. Məsələn, hər kənddə özəl qurumlar bağça yaratsın. Böyük Britaniyada dövlət sektoruna rast gələ bilməzsiniz. Sahibkar bunu hər zaman yüksək səviyyədə saxlamağa çalışacaq və inkişafda maraqlı olacaq.

Özəlləşmə təhsildə rəqabətə, büdcə vəsaitlərinin müəyyən hissəsindən azad olunmağa, menecerlik qabliyyətinin inkişafına şərait yaradacaq. Dövlət ən ucqar kəndə məktəb tikməyə məcbur olmayacaq. Artıq məktəbin tikintisində, fəaliyyətində şəffaflığın olub-olmaması sualına da ehtiyac qalmayacaq. Sahibkar özü özündən oğurlayası deyil ki?”.

Mail Ağaxanov

Nəzrin Rüstəmova