Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-10 15:25:00
“Qarabağ tarixi” fənni mütləq Azərbaycan tarixi fənninə birləşdirilməlidir – Kərəm Məmmədov  

 

 

2018-ci ildən etibarən ölkənin ümumtəhsil məktəblərində  “Qarabağ tarixi” fənni tədris edilməyə başlanıb. Həmin fənnin tədrisini dəstəkləyənlərlə yanaşı, onun Azərbaycan tarixi fənninin tərkibində keçirilməsinin lazım olduğunu istəyənlər də çoxdur.

 

AzEdu.az-a danışan tarixçi alim,uzun müddət Dövlət İmtahan Mərkəzinin tarix fənni üzrə ekspertlər şurasının sədri işləmiş Kərəm Məmmədov Qarabağın ölkəmizin tərkib hissəsi olduğu üçün onun ayrıca fənn kimi tədrisinə ehtiyac duyulmadığını söyləyib:

 

 

“Qarabağ tarixi fənninin keçirilməsinin lehinə deyiləm. Onunla paralel Azərbaycan tarixinin tədris edilməsi elə  mənzərə yaradıb ki, sanki bu fərqli regiondur. Bütün  ərazilərimizin siyasi-mədəni tarixinə aid dərslər  Azərbaycan tarixi fənninin tərkibində keçirilir. Məsələn, Dərbənd tarixən bizim ərazimiz olub. Lakin onun tarixini ayrıca tədris etməyə lüzum yoxdur.

Hazırda Azərbaycan ərazisinə daxil olmayıb, tarixən onun cənub hissəsini əhatə edən Təbrizin, ümumən Güney Azərbaycanın  də ayrıca fənn kimi tədris olunmasına ehtiyac duyulmur.

 

Yaxud da öz tərkibimizdə olan Şəki, Şirvan, Muğan tarixini ayrıca dərs kimi keçməyə əsas yoxdur.

 

Çünki şagirdlərin psixologiyasına nəzər saldıqda görürük ki, Azərbaycan və Qarabağ tarixini ayrı keçdikləri üçün onların fikirlərində  haçalanma yaranır.  Belə olan təqdirdə Azərbaycan tarixinin saatlarını artırmalıyıq. Qarabağ tarixi fənninin saatları Azərbaycan tarixi fənninin üstünə gəlinməlidir. Bu zaman o daha dərindən tədris ediləcək. Çünki belə olmadıqda Şirvan, Şəki və Muğan tarixi ayrı tədris edilməlidir. Biz birgə olmaq üçün çalışmalıyıq, əksinə parçalanma üçün yox. Çünki Qarabağ işğal altında olduğu üçün oranın tarixinin daha dərindən keçirilməsi məqsədəuyğun hesab edilirdi. Lakin Azərbaycan tarixi daxilində onu daha dərindən öyrənmək mümkündür. Azərbaycan tarixi Qarabağdan başlanır. Çünki qədim yaşayış məskənimiz olan  Azıx mağarası burada yerləşir.   Azərbaycan tarixində Qarabağ haqqında bir çox məlumatlar öz əksini tapıb. 8-ci sinifdə Qarabağ xanlığı haqqında informasiyalar verilib. Çünki prezidentimizin də dediyi kimi Qarabağ Azərbaycandır, bundan sonra ayrıca Qarabağ tarixini keçməyə nə ehtiyac var?”.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları