Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-06 16:18:00
Bioloqlar koronavirusa qarşı antitelin hazırlanması ilə bağlı tədqiqatları davam etdirirlər

Amerikalı molekulyar bioloqlar müəyyən ediblər ki, uşaqların və böyüklərin orqanizmlərində koronavirusa qarşı antitelin yaranması fərqlidir. Uşaq orqanizmində antitelin miqdarı, habelə SARS-CoV-2 virusuna qarşı təsir gücü çox aşağıdır. Tədqiqatın nəticələri “Nature Immunology” jurnalında dərc edilib.

 

AzEdu.az xəbər verir ki, tədqiqatçıların fikrincə, uşaqların və böyüklərin orqanizmlərində SARS-CoV-2 virusuna yoluxmağa cavab olaraq antitel həm kəmiyyət, həm də keyfiyyət baxımından fərqli formalaşır. Məsələn, uşaqlarda koronavirusun N-zülalına qarşı antitel yaranmayıb və ümumiyyətlə, onlarda antitel kifayət qədər aşağı səviyyədə olub. Yəni böyüklərdə və uşaqlarda COVID-19-a qarşı immunitet fərqlidir.

 

İnfeksiyanın yayılmasının ilk vaxtlarında müşahidələr göstərdi ki, uşaqlar SARS-CoV-2 virusuna çox az yoluxurlar. Böyüklərdən fərqli olaraq onlar COVID-19-un ağır əlamətlərini, demək olar, hiss etmirlər. Bununla yanaşı, virus uşaq orqanizminə düşübsə, ətrafdakılar da ondan yoluxacaq.

 

Digər tərəfdən, xəstələnmiş uşaqların az bir qismində postkoronavirus iltihab sindromu (MIS-C) – immunitetin pozulması qalır. Bu, Kavasaki sindromuna – immunitetin müxtəlif infeksiyalara cavab olaraq güclü fəallaşmasından yaranan qızdırmaya bənzəyir. Buna görə də alimlər uşaqların immun sisteminin SARS-CoV-2 virusuna qarşı cavabını təfsilatı ilə öyrənməyə başlayıblar. Kolumbiya Universitetinin professoru Donna Farberin rəhbərliyi ilə molekulyar bioloqlar bu ilin yazında yoluxmuş 50 uşağın orqanizmində koronavirusa qarşı antitelin necə yaranmasını izləyiblər. Onların təqribən üçdəbirində postkoronavirus iltihabı sindromu başlayıb. Buna görə də bioloqlar MIS-C-nin inkişafında SARS-CoV-2 virusuna qarşı immun cavabın xarakterinin dəyişib-dəyişmədiyini tədqiq ediblər.

 

Məlum olub ki, uşaq orqanizmi, o cümlədən postkoronavirus iltihab sindromunun daşıyıcıları infeksiyaya böyüklər kimi cavab verməyib. Məsələn, uşaq orqanizmi koronavirusun N-zülalı ilə birləşə bilən antitel hasil etməyib, bu tip digər molekullar isə SARS-CoV-2 hissəciklərinə böyüklərin antitelindən fərqli olaraq daha zəif yapışıb.

 

Tədqiqat zamanı uşaq orqanizminin bütövlükdə infeksiyaya zəif reaksiya verdiyi məlum olub. Onların qanında antitelin miqdarı orta hesabla hətta COVID-19-un ən yüngül formasını keçirən böyüklərdən də az olub. Böyüklərdə isə antitelin miqdarı bilavasitə infeksiyanın simptomlarının ağırlığından asılıdır.

 

Farber və onun həmkarları hesab edirlər ki, müvafiq istiqamətdə tədqiqatlar davam etdirilməlidir. (Azərtac)