Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-21 17:00:00
Azərbaycandakı müəllim-şagird nisbəti – “Hər 10,5 şagirdə bir müəllim düşür”

“2013-2014-cü illərdə Azərbaycanda  hər 8.5 şagirdə  bir  müəllim düşürdü. Hazırda isə 10.5 şagirdə bir müəllim düşür. Bu, effektivlik və səmərəliliyin təxmini 25% artması deməkdir.  Yəni, 1 manata görə görülən işin əhəmiyyətinin artmasıdır”. 

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil Problemləri İnstitutunun direktor əvəzi Emin Əmirullayev Təhsil Nazirliyinin illik hesabatındakı çıxışında deyib. Müəllimlərin əməkhaqqısı məsələsinə də toxunan direktor əvəzi dərs yükünün az olmasının səbəblərini izah edib:

 “134 000-ə yaxın müəllim diqnostik qiymətləndirmədən keçirilib. Onların əməkhaqqısı  iki dəfə, dərs yükü isə 1.5 dəfə artıb. Hazırda  10%  müəllim 700-900 manat, 27% müəllim 500-700 manat, digərləri isə 300-500 manat əməkhaqqı alırlar.

Bu məsələnin  digər hissəsi isə müəllimlərin dərs bölgüsü ilə bağlıdır. Azərbaycanda hazırda stavka 18 saat olsa da, 27%-ə qədər müəllimin dərs yükü 12 saatdan azdır.  Ümumiyyətlə, stavkadan az dərs yükü olan müəllimlərin sayı 37%  idisə, indi bu, 30% olub.

18 saatdan çox dərs deyən müəllimlərin sayında da dəyişiklikləri görürük. Müəllimin maaşı onun dərs saatından asılıdır. Buna təsir edən digər amil isə respublikadakı az şagirdli məktəblərdir. Müsbət haldır ki,bizim hər kəndimizdə məktəb var. Hər bölgəsində məktəb olmayan ölkələr də mövcuddur. Belə məktəblərdə 7-8 şagird oxusa da, dövlətin onlara təhsil xidməti göstərməsi təqdirəlayiq haldır. Bəzi məktəblərdə müəllimlərin az dərs saatı olmasının obyektiv səbəbi də elə bundan ibarətdir. Məktəbdə iki sinif varsa, kimya müəlliminin dərs saatları da ona uyğun formalaşır. Şagird-müəllim nisbəti buna ciddi təsir edir”. 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları