Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-13 14:58:00
ADMİU-da “Qarabağ Azərbaycandır!” plakat sərgisi açılıb - FOTO

Oktyabrın 13-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Rəssamlıq fakültəsinin müəllim-professor və tələbə heyəti tərəfindən hazırlanan “Qarabağ Azərbaycandır!” plakat sərgisinin açılış mərasimi keçirilib.

 

AzEdu.az  xəbər verir ki, sərgi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli, müdrik və cəsarətli siyasəti və müzəffər ordumuzun qələbələrindən ilhamlanaraq təşkil edilib.

 

Tədbirdə çıxış edən universitetin rektoru, professor Ceyran Mahmudova təqdim olunan plakatların qısa müddətdə ərsəyə gətirildiyini söyləyib və müəlliflərin əməyini yüksək dəyərləndirib. Bildirib ki, on gün ərzində bu əsərlərin yaranması böyük əzm və cəsarət tələb edir. Müəlliflərin çevik, operativ və peşəkar reaksiyası nəticəsində dəstək şüarları təsviri müstəvidə canlandırılıb. Sərginin ilk versiyası onlayn formatda təqdim olunub.

 

Rektor bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağdan uzaqda yerləşən şəhər və rayonlarını, mülki əhalini hədəfə alması hamımızı hiddətləndirir. ADMİU-nun kollektivi hər zaman ordumuzu, Prezident, Ali Baş Komandan Prezident İlham Əliyevi və dövlətimizi dəstəkləyir.

 

C.Mahmudova yaxın günlərdə universitetdə ordumuza dəstək məqsədilə müəllim və tələbələrin əl işlərindən ibarət xeyriyyə auksionunun təşkil olunacağını söyləyib və hər kəsi bu işdə fəal olmağa dəvət edib.

 

Sonra ADMİU-nun Rəssamlıq fakültəsinin dekanı Sevil Kərimova, dizayn və dekorativ-tətbiqi sənət kafedrasının baş müəllimi Vüqar Əli sərgi haqqında fikirlərini bölüşüb, əməyi keçən hər kəsə minnətdarlıqlarını bildiriblər.

 

Oktyabrın sonunadək davam edəcək sərginin mövzusu geniş zaman məkanını əhatə edir. Rəssamların yaratdıqları plakatlarda vətənpərvərlik mövzusu, Xocalı soyqırımı, 20 Yanvar faciəsi, ölməz şəhidlərimiz, dağıdılmış mədəni irs abidələrimiz və s. əks olunub. Sərgidə sentyabrın 27-dən başlayan yeni tariximiz isə yüksək vətənpərvərlik, qətiyyət, qürur dolu əsərlərdə təqdim olunur.