Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-14 18:00:00
ABŞ-ın College Board qurumu DİM-ə təşəkkür edib

Dövlət İmtahan Mərkəzi (DİM) 29 avqust 2020-ci il tarixində Azərbaycanda pandemiya şəraitində SAT imtahanlarını (SAT&SAT Subject) keçirən yeganə SAT Test Mərkəzi olub. İmtahanlar DİM-in Mikayıl Müşfiq küçəsi 1M ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

 

SAT imtahanlarının keçirilməsinə görə College Board (Ali təhsilə qəbul Şurası) tərəfindən DİM-ə ünvanlanmış təşəkkür məktubunda COVID-19 ilə əlaqədar yaranmış vəziyyətdə imtahanlarda bir sıra ehtiyat tədbirlərinin təmin olunmasının vacibliyi vurğulanmış və DİM-in bu istiqamətdə imtahan iştirakçıları və imtahanı idarə edən əməkdaşları üçün təhlükəsiz və effektiv şəraitin yaradılmasına görə təşəkkür bildirilmişdir.

 

Avqust ayında DİM-də ölkə üzrə keçirilən imtahanlarda 34 nəfər, dünyada isə 130 minə yaxın tələbə SAT imtahanlarında iştirak etmişdir.

 

Qeyd edək ki, DİM tərəfindən təşkil olunan SAT imtahanlarının materialları artıq ABŞ-ın müvafiq mərkəzinə çatdırılmış və imtahan nəticələri sentyabrın 21-də elan olunacaqdır. DİM-də növbəti SAT imtahanlarının sentyabrın 26-da keçirilməsi planlaşdırılır.

 

Ətraflı məlumat üçün: http://dim.gov.az/activities/exams/sat/