Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-12 16:30:00
Məktəblilərin I Fərdi İnkişaf Forumu keçirilib

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən onlayn platformada Məktəblilərin I Fərdi İnkişaf Forumu keçirilib.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, forumun keçirilməsində məqsəd məktəblilərin bilik və bacarıqlarının artırılması ilə yanaşı, onların fərdi inkişafının rolunun əhəmiyyətini artırmaqdır.
Forumda təhsil və fərdi inkişaf sahəsində tanınmış gənc mütəxəssislər çıxış edərək ixtisas seçimi və karyera, işlərin düzgün planlanması, səmərəli ünsiyyət, lider üçün vacib olan bacarıq və vərdişlər, effektiv xarici dil öyrənmə metodları, mütaliə, bilik qazanma yolları, yaradıcılıq, kreativlik və tənqidi düşüncə kimi mövzulara toxunublar.

Onlayn tədbirin ilk günündə təhsil üzrə ekspert, Təhsil İdarəçiləri Assosiasiyasının Həmtəsisçisi Qoşqar Məhərrəmov “Niyə oxumalı və necə oxumalı” mövzusunda çıxış edib. O, uşaqlar və gənclər arasında daha çox kitab oxumağın, mütaliənin əhəmiyyətini vurğulayıb. Kitab oxumağın təbliği istiqamətində layihələrin daha çox artmasının vacibliyini bildirib və gənclərin kitaba meyillənməsi və mütaliəni vərdişə çevirmə yollarından bəhs edib.

 

Sosial Maarifləndirmə və Təhsil İnstitutunun rəhbəri, “WOW school”un direktoru, təhsil üzrə məsləhətçi Elçin Həsən “İxtisas seçimi və karyera” mövzusunda danışarkən müvafiq prosesdə yol verilən yanlışlıqlar və səbəbləri, həmçinin karyera planlaşdırılması ilə bağlı fikirlərini bölüşüb. O, iştirakçıların mövzuya dair suallarını da cavablandırıb.

 

Təhsilin idarəçiliyi üzrə tədqiqatçı, “SpeakEng” dil mərkəzinin rəhbəri Abdulxaliq Məmmədlinin çıxışı “Effektiv xarici dil öyrənmə metodları” mövzusuna həsr olunub. O, xarici dil öyrənilməsinə mane olan amillərdən danışıb və xarici dili daha yaxşı öyrənmək üçün faydalı metodlar təklif edib. Məruzəçinin sözlərinə görə, mühit ən böyük maneələrdən sayılsa da, gündəlik olaraq sözləri və cümlələri təkrarlamaq, dəftərə yazmaq xarici dilin mənimsənilməsində müsbət təsir göstərir.
Forumun ikinci günü karyera üzrə psixoloq, sahibkar Orxan Mahmudov “Effektiv ünsiyyət”lə bağlı biliklərini iştirakçılarla bölüşüb. Qeyd edib ki, effektiv ünsiyyət bacarıqları uğur əldə etmək üçün vacib şərtlərdən biridir. Müsbət rabitə dairəsini yaratmaq karyerada inkişaf və iş tapmaq imkanlarını artırır. Daha sonra o, ünsiyyətin formalarından və vasitələrindən söz açıb.

 

Təhsil Nazirliyi Respublika Uşaq və Gənclərin İnkişafı Mərkəzinin mütəxəssisi Fərid Seyfullayev “İşlərini planla” mövzusunda çıxışı zamanı məktəblilərin ən dəyərli sərvəti olan vaxtın düzgün bölünməsindən danışıb. Çıxışda əsasən məktəblilərin ev tapşırıqlarını effektiv planlamasından, internet, televizor və oyunların özlərinin inkişafına yönəltmələrindən bəhs edilib. Həmçinin Fərid Seyfullayev iştirakçıları dünya məktəblilərinin geniş tətbiq etdiyi gündəlik işlərin planlaması sxemi ilə tanış edib və müvafiq istiqamətdə düzgün yolları sadalayıb. Eləcə də başlanmış işləri sona çatdırmaq üçün məqsədin önəmindən və düzgün təyin olunmasından danışıb.
Bakı Mühəndislik Universitetinin baş müəllimi, “İdeal müəllim” kitabının müəllifi Bəhman Qüdsi “Yaradıcılıq, kreativlik və tənqidi düşüncə” mövzusunda çıxış edib. Diqqətə çatdırıb ki, düşüncənin formalaşması üçün standartları tərk etmək, daha fərqli yollardan, fərqli vasitələrdən, fərqli ardıcıllıqdan istifadə etmək lazımdır. O, həmçinin tənqidi və yaradıcı düşüncə barədə məlumat verib.
Forumun sonuncu günü təhsil üzrə psixoloq, ingilis dili müəllimi Hüseyn Həsənov “Hər bir liderin vacib bacarıq və vərdişləri” mövzusunda fikirlərini bölüşüb.

 

Məktəblilərin I Fərdi İnkişaf Forumu “LIBRAFF” mağazalar şəbəkəsinin PR mütəxəssisi Sərxan Rüstəmovun “Kitab - müəllimlərin müəllimi” və psixoloq İradə Məmmədovanın “Özünü daha yaxşı tanı” mövzularında çıxışları ilə yekunlaşıb.
Qeyd edək ki, onlayn foruma hər gün 100-ə qədər məktəbli qoşulub. Tədbir sosial şəbəkələrdə canlı yayımlanaraq, maraqlanan gənclərin proqrama qoşulması və yararlanması üçün imkan yaradıb.