Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-10 14:44:00
“Virtual məktəb”də vebinar və təlimlər başa çatır

Yay ayları ərzində şagird və müəllimlər üçün “Virtual məktəb”də keçirilən tədbirlər yeni tədris ilinin başlanması ilə əlaqədar yekunlaşır.

 

AzEdu.az xəbər verir ki, ödənişsiz  və könüllü əsaslarla keçirilən tədbirlərin məqsədi şagirdlərin tətil vaxtını faydalı və maraqlı keçirmələrinin təmin edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və müəllimlərin peşəkar kompetensiyalarının artırılması olub.

 

Onlayn platformada şagirdlərin maraqlarına uyğun olaraq 6 fərqli istiqamətdə - “Bədii qiraət”, “Şahmat”, “Xalq çalğı alətləri”, “Rəqs”, “Toxunma əl işləri”, “Bacarıqlı əllər” üzrə dərnəklər və həmçinin robot texnologiyaları, proqramlaşdırma dilləri üzrə kurslar, “Minecraft” oyununun tədris versiyası üzrə oyunlar keçirilib. Ümumilikdə 21 367 nəfər şagirdin iştirak etdiyi 57 vebinar təşkil olunub. Virtual məktəbdə hər istiqamət üzrə ayrıca qruplar yaradılaraq vebinarlardan sonra müzakirələr aparılıb və tapşırıqlar təqdim edilib.

 

Həmçinin müəllimlərin bilik, səriştə və peşəkar bacarıqlarının inkişafı məqsədilə “Kurikulum”, “Fənlər üzrə ixtisas hazırlığı”, “İngilis dilinin danışıq səviyyəsində tədrisi”, “STEM hazırlığı”, “Rəqəmsal bacarıqların inkişafı” üzrə 64 587 müəllimin iştirakı ilə 273 vebinar təşkil edilib. Qeyd edək ki, “Kurikulum” və “Fənlər üzrə ixtisas hazırlığı” müəllimlərin sertifikasiya və diaqnostik qiymətləndirməsi üzrə aparılacaq imtahanlara hazırlıq məqsədli dəstək təlimləri olub. Hər təlim proqramı üzrə dərslərlə yanaşı, müəllimlər üçün yekunlaşdırıcı testlər təqdim edilib və nəticələri onlayn müzakirə olunub. 

 

Vebinarlarda real vaxt rejimində iştirak edə bilməyən müəllim və şagirdlər üçün dərslərin videoyazısı “Microsoft Stream”in “Virtual məktəb” kanalında yerləşdirilərək təkrar izləmək imkanı yaradılıb.