Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-08 12:20:00
Tədris  planına uyğun saat bölgüsü - Fənlər üzrə - RƏSMİ

COVİD-19 pandemiyası ilə əlaqədar təhsilalanların və təhsilverənlərin sağlamlığını qorumaq məqsədilə tədrisin ümumi təhsil müəssisələrində əyani formada keçirilməsinə müəyyən məhdudiyyət qoyulur.

 

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayevin xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planlarına dair əmrində bildirilib. 

 

Əmrə əsasən tədris planında dərsdənkənar məşğələlərə ayrılmış saatlar aşağıdakı fənlərin tədrisinə ayrılır: 

 - I-IV siniflərdə “Xarici dil” fənninə əyani formada; 

- V siniflərdə “Xarici dil” fənninə distant (məsafədən) formada, xarici dil tədris olunmayan məktəblərdə Pedoqoji Şuranın qərarı ilə digər fənlərin hər hansı birinə distant formada;

- VI siniflərdə “Fizika” fənninə əyani formada;

- VII siniflərdə “Qarabağın tarixi” kursuna distant (məsafədən) formada;

- VIII-X siniflərdə 1 saat “Azərbaycan tarixi” fənninə distant, digər 1 saat isə Pedoqoji Şuranın qərarı ilə “Fizika”, “Kimya”, “Biologiya” və “Coğrafiya” fənlərinin hər hansı birinə distant formada;

- Müəyyən edilmiş təhsil müəssisələrinin VII sinfində dərsdənkənar məşğələlər üçün nəzərdə tutulmuş 2 saatın 1 saatı “Ortaq türk tarixi” kursunun distant formada tədrisinə ayrılır.

 

Əmrdə həmçinin qeyd edilib ki, bütün azsaylı xalqların kompakt yaşadıqları ərazilərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IV siniflərində, habelə ləzgi dili tədris olunan ümumi təhsil müəssisələrinin V-IX siniflərində valideynlər və təhsilalanlar arzu etdikləri halda, dərsdənkənar məşğələlərə ayrılan 1 saat onların ana dilinin distant formada tədrisinə verilə bilər. 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları