Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-12 22:07:00
Kollecdə “Açıq qapı” günü

Sumqayıt Dövlət Texniki Kollecində İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, KİV nümayəndələrinin iştirakı ilə 2017-2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasında “Açıq qapı” günü keçirilib. AzEdu.az xəbər verir ki, Sumqayıt Dövlət Texniki Kollecinin direktoru, Əməkdar Müəllim Mətanət Pirquliyeva rəhbərlik etdiyi tədris ocağı haqqında ətraflı məlumat verib.

Bildirilib ki, Sumqayıt Dövlət Texniki Kolleci Azərbaycan Respublikasi Təhsil Nazirliyinin tabeliyində olan orta ixtisas təhsilli subbakalavr mütəxəssislərinin hazırlanmasını həyata keçirən tədris müəssisəsidir.

“Tələbələrimiz SOCAR “Azərikimya“ İstehsalat Birliyinin Etilen Polietilen zavodu, AMEA Polimer Materialları İnstitutu, “Sumqayıt Sərnişin” ASC, Sumqayıt şəhəri “Şimal” Regional Elektrikşəbəkə, Sumqayıt Təhsil Şöbəsi, Sumqayıt şəhər “İnter Tekstil” ASC, “Nursoft“ MMC müəssisələrində istehsalat təcrübəsində olurlar. Bu da tələbələrin gələcəkdə təcrübəli kadr kimi formalaşmasına xidmət edir”, - deyə kollecin direktoru vurğulayıb.

İmtahanların təşkili barədə də məlumat verən Mətanət Pirquliyeva qeyd edib ki, kollecdə yaz semestrinin imtahanları Nazirlər Kabinetinin “Orta ixtisas təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında və Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun həyata keçirilir. 2017-2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək üçün təhsil nazirinin əmrinə uyğun olaraq “İmtahan qərargahı” yaradılıb. Tələbələrin imtahan sessiyasının gedişi ilə bağlı baş verə biləcək mənfi halların qarşısını almaq məqsədilə kollecdə “Təklif və iradlar qutusu” asılıb.

 Sonra kollecin tədris işləri üzrə direktor müavini Əsəd Qurbanov, İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, KİV nümayəndələri auditoriyalarda imtahanların gedişini izləyib, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin olunduğunu müşahidə ediblər.

Müşahidəçilər kollecdə imtahanların yüksək səviyyədə təşkil edildiyini, lazımi şəraitin yaradıldığını bildiriblər.