Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-12 11:50:00
“İngilis və rus bölməsindəki uşaqların Azərbaycan dili bilikləri Səfər Əbiyevinki qədər olur”

“İngilis və rus bölməsində oxuyanlar, əsasən, elə rusdilli ailələrin uşaqları olurlar.  Onların çoxu  ali təhsilini Avropada davam etdirir. Azərbaycan dili bilikləri isə aşağı-yuxarı sabiq baş  nazir Artur Rasizadə və eks-müdafiə naziri Səfər Əbiyevlə eyni olur”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı xaricdə təhsil məsələləri üzrə ekspert Fuad Hacıyev deyib. Onun sözlərinə görə, tələbələrin Azərbaycan dili biliyi, adətən, yalnız məhəllədə və ya dost-tanışla danışıq səviyyəsində olur:

“Çünki bir çox ailələrdə  rus dilində danışılır. Ancaq mənim 23 nömrəli məktəbdən bir çox tələbələrim var ki, rus bölməsini bitirsələr də, azərbaycanca çox gözəl danışa bilirlər.

“British school”, “Oxford”, “Sabi Sun” və başqa ingilisdilli məktəbdə oxuyan uşaqların çoxu rusdilli ailələrin uşaqları olur. Onların çoxu da ali təhsilini Avropada davam etdirir. Azərbaycan dili bilikləri isə aşağı-yuxarı sabiq baş nazir Artur Rasizadə və eks-müdafiə naziri Səfər Əbiyevlə eyni olur . Təbii ki bu uşaqların böyük bir hissəsi də Azərbaycanda çalışan xaricilərin övladlarıdır…”.

Qeyd edək ki, Azərbaycanda 4472 orta məktəbdən 340-ında tədris rus dilində aparılır ki, bu da onların 7,6 faizini təşkil edir. Təxminən 10-a yaxın məktəb isə ümumiyyətlə ingilis dilində tədris aparır. Rus dili tədris edilən 340 məktəbdə isə 90 min şagird rus dilində təhsil alır. Bu isə bütün şagirdlərin 6,3 faizi deməkdir. Bakı üzrə 310 ümumi təhsil müəssisələrindən 141 -də tədris Azərbaycan dili ilə yanaşı rus dilində aparılır.