Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-08 16:31:44
700 bal ailələrə neçəyə başa gəlir? – Valideynlər danışdı  

Ali məktəblərə qəbul imtahanlarına hazırlaşmaq üçün şagirdlərin əksəriyyəti repetitorlara müraciət etməli olur. Bu da valideynlərdən aylıq müəyyən məbləğin ödənilməsini tələb edir. Azərbaycanda aylıq orta əmək haqqını nəzərə alsaq, bu məbləğin miqdarı heç də az deyil. Hətta qəbul imtahanlarında maksimum nəticə göstərən şagirdlər də hazırki sistemdə repetitor köməyinə ehtiyac duyurlar. Bəs 700 bal toplayan şagirdlərin valideynlərinə bu bal neçəyə başa gəlib?

AzEdu.az bu sualla maksimum nəticə göstərənlərin valideynlərinə müraciət edib.

Bu il keçirilən qəbul imtahanında maksimum nəticə göstərən Rəna Əliyeva Fizika Riyaziyyat və İnformatika təmayüllü liseyin şagirdidir. Onun valideyni Kəmalə İmanova AzEdu.az-a açıqlamasında bildirib ki,  Rəna X sinifdə oxuyanda hazırlıq kursuna hər ay 158 Azn  ödəyiblər:

“Normalda aylıq  ödəniş 220 manatdır. Rəna hazırlıq kursuna qəbul imtahanlarında ilk 10-luğa düşdüyünə görə 158 manat ödəmişik. XI sinifdə oxuyanda  ödəniş 250 manat olsa da, qızım qəbul imtahanında  II  yerə çıxdığına görə 75% endirim qazandı və  hər ay 65 manat ödədik”.

Bu ilki qəbul imtahanında  700 bal toplayan Xaçmaz şəhər Akademik Zərifə Əliyeva adına liseyin şagirdi Jalə Rəcəbovanın anası Qənimət Rəcəbova Jalənin hazırlıqlarına pul ödəmədiklərini deyib:

“Təhsil aldığı Xaçmaz Hazırlıq kursları yaxşı oxuduğuna və  savadlı gənc olduğuna görə Jaləni təmannasız hazırlaşdırıblar”.

2017-ci ilin vunderkindi Pərvin Əhmədova Azərbaycan Diplomatik Akademiyasında təhsil alır. Onun valideyni Lamiyə Əhmədova deyib ki, Pərvinin oxuduğu orta təhsil müəssisəsi  pilot məktəb olub:

“Hansı ixtisas qrupuna hazırlaşırsınızsa, X-XI siniflərdə sizə yalnız həmin qrupun fənləri tədris olunur. Pərvini qəbul imtahanına hazırlaşdıran müəllimlər öz məktəb müəllimləri olub. Bizdən heç bir ödəniş tələb etməyiblər. Çünki Pərvinin 700 bal toplayacağından əmin idilər. Sadəcə bir fəndən hazırlığa pul ödəmişik, amma digər müəllimlər bizdən bir manat belə istəməyiblər. Pərvin 700 bal toplayıb deyə indi onu hazırlaşdıran müəllimlərin şagirdlərinin sayı da artıb”.

Ağcabədi rayonu 3 saylı məktəb-liseyin məzunu Arzu Məmmədzadə 2017-ci il keçirilən qəbul imtahanlarında 700 bal toplayaraq Azərbaycan Dövlət  İqtisad Universitetinə daxil olub. Onun valideyni Mehriban Məmmədzadə qeyd edib ki, Arzu  dərslərini çox yaxşı oxuyub:

“Arzu qəbul imtahanına Ağcabədi rayonunda hazırlaşıb. Hər ay hazırlıqlara təxminən 200 manata qədər xərcimiz çıxıb”.

287 nömrəli “Zəkalar” liseyinin məzunu Nemət Yusifov da 2017-ci ilki qəbul imtahanında maksimum nəticə göstərərək Azərbaycan Tibb Universitetinə daxil olub.  Onun atası Kamran Yusifovun sözlərinə görə, Nemət Bakı şəhəri Xətai rayonunda təhsil alıb:

“Əslində hər kəs repetirorların  real qiymətlərini bilir. Biz də əksəriyyət kimi Nemətin hazırlıqları üçün aylıq təxminən 300-500 Azn arası pul ödəmişik”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları