Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-07 14:37:35
“Tələbə adını qazanan şagirdləri məktəblərə yığmaq olmur” - Ekspertdən İRAD

“Qəbul imtahanının birinci mərhələsində minimal keçid balını toplayan şəxs  nə şagird, nə də abituriyent sayılır”.

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Almaz Həsrət deyib. Onun sözlərinə görə, 15 sentyabrın dərs günü edilməsinin tarixi səbəbi var:

“15 sentyabr Bakının işğaldan azad olunma günüdür. Bunu şagirdlərin ilk dərs günündə onların şüuraltına yeridirik, bu barədə onlara məlumatlar veririk. Lakin dərs ilinin iyunun ortalarına qədər uzadılması müəyyən qüsurların yaranmasına gətirib çıxardı. Hazırda 11-ci sinif şagirdlərinin yarıya qədəri artıq tələbə adını qazanıb. Onlar nə şagird, nə də abituriyent sayılır. Yüksək bal toplayanlar isə  artıq tələbədir. Hansı status daşıdıqları belə bəlli olmayan halda onları  məktəblərə necə yığa bilərik?!”.

Ekspertin sözlərinə görə, hazırda şagird  adını daşıyanlar qəbul imtahanında  az bal toplayıb məktəbə gəlməyə məcbur olanlardır:

“Mayın ayının sonlarından havanın isinməsi, şagirdlərdən dərsliklərin yığılması  onların 15 gün dərsə boşuna gedib-gəlməsinə səbəb olur. Müəllimlərin özlərinin də başı yekun  sənəd məsələrinə qarışıb. Etiraf etməliyik ki, dərs ilinin sonlarında orta məktəblərdə davamiyyət xeyli aşağı düşür. Kəmiyyət keyfiyyətə müsbət təsir göstərmir. Təklif edərdim ki, dərs ilinin bitmə vaxtı əvvəlki qaydasına qaytarılsın”.

Qeyd edək ki, 2015-2016-cı tədris ilindən ümumtəhsil məktəblərində dərslər mayın 31-də yox, iyunun 14-də başa çatır. Dəyişikliyə əsasən, dərs ili iki yarımilə bölünüb, birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil - 1 fevral - 14 iyun tarixlərini əhatə edir.

2015-ci ilə qədər ümumtəhsil məktəblərində dərs məşğələləri, bir qayda olaraq, sentyabrın 15-də başlayıb mayın 31-də başa çatıb. Dərs ili 15 sentyabr - 29 dekabr və 6 yanvar - 31 may olmaqla iki yarımilə bölünüb. Dərs ili ərzində 6 gün payız tətili (12-17 noyabr), 7 gün qış tətili (30 dekabr - 5 yanvar), 8 gün yaz tətili (17-24 mart) və birinci siniflər üçün 6 günlük (12-17 fevral) əlavə tətil müəyyən edilib. 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları