Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-31 16:17:00
Şagirdləri izləyən xüsusi saatlar: “Bu, onlarda ciddi travmalara səbəb olacaq"

Son zamanlar məktəblilər arasında yeni trend formalaşıb. Şəhərdə bir çox yerdə satışa çıxarılan  xüsusi qol saatları vasitəsilə valideynlər övladlarını izləyir, onların harada olduqlarından xəbərdar olurlar. Bu saatla SOS siqnalı göndərmək  və bir neçə nömrəyə zəng etmək  mümkündür. Lakin yeni trendin şagirdlərə nə qədər faydalı olub-olmayacağı sual altındadır.

Məsələ ilə bağlı AzEdu.az-a danışan ibtidai sinif müəllimi Nərgiz Pənahova bildirib ki, bütün texnoloji qurğular şagirdləri dərsdən yayındırır:

“Bir müəllimə kimi valideynlərə bu saatların alınmasını məsləhət görmürəm. Saat ola bilsin ki, telefon deyil. Ancaq qəbul edək ki adi saat da deyil. İstənilən texnoloji qurğu vasitəsilə şagirdi dərsdən uzaqlaşdıra və tamamilə dərsdən soyuda bilərsiniz. Ona görə də valideynlər bu mövzularda diqqətli olmalıdırlar”.

Pediatr Vaqif Qarayev bu saatların sağlamlığa zərərindən danışıb: 

“Yeni trend funksionallıq baxımından faydalı ola bilər. Amma bir çox firmaların istehsal etdiyi saatların brasleti tez qızdığına görə dəridə yanıqlar törədir. Bütün mobil avadanlıqlar kimi şüalandırma yaratdığına görə kiçik yaşlı məktəblilərə məsləhət görmürəm. Bundan başqa mobil telefonlar kimi bu saatlar da uşağın fikrini yayındırır,diqqətsizlik və s.kimi problemlər yaradır”.

Məsələnin şagirdlər  üzərində psixoloji təsiri də az deyil. Psixoloq Vəfa Əkbərin sözlərinə görə, bu saatlar şəxsiyyətin formalaşmasında mənfi təsir göstərir:

“Şagird daim üzərində nəzarət hiss edir. Çünki onun sözünün heç bir mənası yoxdur. O özünü qoruya bilmir və təfəkkür olaraq bunu dərk edir. Valideyn övladının sözünə, övladının səmimiyyətinə yox, hansısa bir cihaza inanır. Belə olduğu təqdirdə  yetişən fərddə  özgüvən formalaşmayacaq.  O  daim aqressiv olacaq, müəyyən problemlərlə qarşılaşacaq. Eyni zamanda verdiyi sözlərin arxasında durmaqdan qorxacaq, məsuliyyət hissini dərk edə bilməyəcək. Çünki onun əvəzinə məsuliyyəti uşaq vaxtı hansısa cihaz daşıyıb. Bu çox böyük psixoloji travmalara yol açan məsələdir.

Müsbəti cəhətləri isə müəyyən yaşa qədər özünü göstərə bilər. Hansı ki uşaq kiçik yaşda cihaz tərəfindən izlənildiyini dərk etmir. Uşaq özünüifadə etməyi bacaranda, seçicilik qabiliyyəti formalaşanda  həmin saat adi saatla əvəz edilsə sağlam şəxsiyyət formalaşa bilər”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları