AzEdu.az xəbər verir ki, Talassemiya Mərkəzindən dəvət olunan həkimlər əvvəlcə müəllim və tələbə heyətinə talassemiya xəstəliyi barədə məlumat veriblər. Bildirilib ki, "talassemiya” yunan sözü olub Aralıq dənizi anamiyası deməkdir. Talassemiya qan azlığı ilə özünü büruzə verən və genetik qan qrupuna aid olan xəstəlikdir. Daşıyıcı ata və daşıyıcı anadan talassemiya genləri alan xəstə orqanizmdə sümük iliyi çox çalışsa da, lazımi qədər normal qan hüceyrələri yetişdirə bilməyəndə anemiya, yəni qan çatışmazlığı başlayır. Bildirilib ki, talassemiya davamlı müalicə tələb edən bir xəstəlikdir. Talassemiya daşıyıcıları zahirən çox sağlam görünürlər və heç bir problemləri olmur. Ancaq talassemiya daşıyıcılarının evliliyi zamanı xəstə uşaqlar doğulur. Buna görə də insanlar ailə həyatı qurmazdan öncə qan testləri etməli, sağlamlıqlarına əmin olduqda ailə həyatı qurmalıdırlar. Həkimlər qeyd ediblər ki, talassemiya xəstəliyinə tutulmuş uşaq düzgün və vaxtında müalicə alarsa, sağlam həmyaşıdlarından heç nə ilə seçilmirlər. Bildirilib ki, talassemiyadan əziyyət çəkən xəstələr əsasən Respublika Talassemiya Mərkəzində və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə olunurlar.

Maarifləndirmə xarakterli qısa söhbətin ardınca kollecin direktoru, filologiya üzrə fəlsəfə doktoru, əməkdar müəllim Faiq Şahbazlı müəllim və tələbələri aktiv olmağa, qanvermə aksiyasına qoşulmaqla həyat xilas etməyə səsləyib. 

Sonra aksiyaya başlanılıb. Müəllim və tələbələrin əvvəlcə qan təzyiqi ölçülüb, barmaqdan qan nümunələri götürülüb. Müayinədən uğurla keçən 25 nəfər qan verib.