Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-30 09:40:00
Bakının bu məktəbi Cocuq Mərcanlı məktəbi ilə qardaşlaşdı  

Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin müəllim və şagirdləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər ediblər. Nümayəndə heyəti səfər çərçivəsində əvvəlcə Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, önünə əklil qoyub.

AzEdu.az xəbər verir ki, səfər zamanı məktəblilər Cocuq Mərcanlıda həyata keçirilən yenidənqurma və tikinti işləri ilə tanış olublar. Cocuq Mərcanlı məktəbliləri plakatlar, şüarlarla Xırdalan məktəblilərini məktəbin qarşısında böyük coşqu ilə qarşılayıblar. Xırdalan 2 nömrəli tam orta məktəbin müəllim və şagirdləri məktəbin fəaliyyəti ilə yaxından tanış olublar.

Sonra iki məktəb arasında qardaşlaşma haqqında sənəd imzalanıb.

Cocuq Mərcanlı məktəbinin direktoru Zamin Həziyev məktəblərin qardaşlaşmasını xoş hadisə adlandırıb: “Çox sevinirik ki, bundan sonra Xırdalan məktəbi ilə bizi dostluq əlaqələri bağlayacaq. Belə bir layihə həyata keçirdiyinə və ilk olaraq bizim məktəbi seçdiyinə görə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin kollektivinə minnətdarlığımı bildirirəm. Bu gündən etibarən uğurlarımıza birgə sevinəcək, problemlərimizi birgə aradan qaldıracağıq. Görəcəyimiz bütün işlər Azərbaycanımızın daha da inkişaf etməsi, cəmiyyətimizin bilikli olması üçündür”.

Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Ədalət Camalova qardaşlaşan Xırdalan və Cocuq Mərcanlı məktəblilərini bir-biri ilə daim əlaqə saxlamağa, dostluğun, qardaşlığın bariz nümunəsinə çevrilməyə çağırıb. O, imzalamış qardaşlaşma haqqında sənədi iki məktəbin tarixində hadisə kimi dəyərləndirib və məktəblilərin yaddaşından heç vaxt silinməyəcəyini deyib.

Cocuq Mərcanlı məktəbi ilə ilk dəfə Xırdalan məktəbinin qardaşlaşmasından qürur duyduğunu dilə gətirən Ə.Camalova qeyd edib ki, Azərbaycanın əldə etdiyi nailiyyətlərdən biri də güclü ordunun yaradılmasıdır: "Bu ordu öz gücünü 2016-cı ildə Aprel döyüşlərində göstərib və üçrəngli bayrağımızı düşməndən azad edilən torpaqlarda ucaldıb. Əminik ki, yaxın zamanlarda bayrağımız işğaldan azad edilmiş Şuşada, Xankəndidə dalğalanacaq".

Qardaşlaşan məktəblilər də iştirak etdikləri layihə çərçivəsində keçirdikləri xoş saatları heç vaxt unutmayacaqlarını deyiblər. Sonra Cocuq Mərcanlı məktəbinin binasında “Mənim arzum budur ki..” mövzusunda “dəyirmi masa” keçirilib. Müzakirələrdə hər iki məktəbin müəllimləri və şagirdləri arzularını dilə gətiriblər. Onlar ən böyük arzularının işğalda altındakı Azərbaycan torpaqlarının tezliklə azad olunması olduğunu bildiriblər. Bunun üçün isə Vətənə layiqli, vətənpərvər, bilikli gənclərin yetişdirilməsinin vacibliyi vurğulanıb.

Sonra nümayəndə heyəti Prezident İlham Əliyevin tapşırığına əsasən Cocuq Mərcanlı kəndində inşa edilmiş məscidlə yaxından tanış olub.