Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-10 15:26:00
Bakı şəhər məktəblilərinin əl işlərindən ibarət virtual sərgi başa çatır

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə təşkil olunmuş paytaxt məktəblilərinin əl işlərindən ibarət virtual sərgi başa çatır.

 

BŞTİ-dən AzEdu.az-a verilən məlumata görə, mayın 4-dən 10-dək təşkil olunan sərginin əsas məqsədi yaradıcılığın müxtəlif sahələrində xüsusi istedada malik uşaqları üzə çıxarmaq, məktəblilərə Vətənə, dövlətçilik tariximizə və müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev irsinə məhəbbət, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini aşılamaq, onların bədii-estetik zövqünü və yaradıcı düşüncəsini inkişaf etdirməkdir.

 

Qeyd edək ki, hər il Ulu Öndərin anadan olmasının ildönümü ərəfəsində BŞTİ tərəfindən təşkil olunan ənənəvi sərginin bu il mövcud tibbi-profilaktik vəziyyət nəzərə alınaraq, virtual keçirilməsi qərara alınıb.

 

Sərgidə iştirak etmək istəyən BŞTİ-nin tabeliyindəki ümumtəhsil məktəbləri şagirdlərinin və məktəbdənkənar təhsil müəssisələrindəki dərnək üzvlərinin əl işləri tədris müəssisələrinin rəhbərləri tərəfindən [email protected]  elektron poçt ünvanına göndərilib.

 

BŞTİ-nin rəsmi internet saytında, sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində yayımlanan virtual sərgidə istedadlı şagirdlərin təsviri incəsənət, dekorativ tətbiqi sənət, floristika, fauna, elmi-texniki və dizayn sahələrindən ibarət əl işləri nümayiş olunub.