Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-29 13:26:16
Orta məktəblərin akkreditasiyasına görə dövlət rüsumu tələb olunacaq

Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyasına görə dövlət rüsumu tələb olunacaq.

AzEdu.az-ın məlumatına görə, “Təhsil haqqında” qanuna bununla bağlı dəyişiklik edilir.

Təklif edilən yeni dəyişikliklə qanunun “Təhsil sahəsində dövlətin vəzifələri” ilə bağlı maddəsinə dövlətin yeni bir vəzifəsi də əlavə edilir.

Bu əlavəyə görə, dövlətin vəzifələrindən biri təhsil müəssisələrinin akkreditasiyasına görə dövlət rüsumunun məbləğini müəyyən etmək olacaq. 

Qeyd edək ki, hazırda dövlət müəssisələrinin akkreditasiyası üçün rüsum tələb olunmur.

Hazırda təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə həyata keçirilir.

Akkreditasiyadan keçməyən təhsil müəssisəsinə və ya ayrı-ayrı proqramlar üzrə kadr hazırlığına növbəti tədris ili üçün qəbul planlaşdırılmır.

Akkreditasiyadan keçməyən təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları 1 ildən sonra təkrar akkreditasiyadan keçə bilər. Təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları təkrar akkreditasiyadan keçmədikdə, onun təhsil fəaliyyəti dayandırılır və təhsilalanların digər təhsil müəssisələrində təhsilinin davam etdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilir.