Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-28 14:44:00
Lənkəranın dördüncü dövr torpaqlarında tədqiqatlar aparılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Lənkəran təbii vilayətinin dördüncü dövr (Xəzər, Xvalın və Holosen) basdırılmış torpaqlarında tədqiqatlar aparılıb.

Bu barədə institutun növbəti elmi seminarında geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyevin “Lənkəran vilayətinin basdırılmış torpaqları” mövzusunda məruzəsi dinlənilib.

İnstitutdan AzEdu.az-a bildirilib ki, Lənkəran təbii vilayətinin dördüncü dövr basdırılmış torpaqlarının digər çöküntülər arasında stratiqrafik vəziyyəti müəyyənləşdirilib, mineraloji və palinoloji tərkibləri təhlil olunub. Torpağın tərkibindəki karbonatlılıq və humusun miqdarının kəsimlər və torpaq təbəqələrinin dərinlikləri üzrə dəyişmə dinamikası və korrelyasiyası öyrənilib. Alınmış nəticələr və mövcud məlumatlar əsasında tədqiqat ərazisində Xəzər, Xvalın və Holosen yaşlı basdırılmış torpaqların formalaşdığı paleocoğrafi şərait, o cümlədən həmin dövrün iqlimi və bitki örtüyü bərpa edilib.