Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-26 09:00:00
Valideyn iclasları necə keçirilməlidir? - Alim-deputatdan təkliflər

Əksər orta məktəblərdə siniflərdə valideyn iclasları keçirilir. Sinif rəhbəri valideynləri bir araya toplayaraq, müəyyən məsələləri müzakirə edirlər.

Lakin hazırda  bir çox valideyn bu iclaslara qatılmır və ya heç bir əhəmiyyət kəsb etmədiyini vurğulayırlar. Əslində isə sinif - valideyn iclaslarında valideynlər sinfin təlim-tərbiyə prosesində əldə etdiyi uğurlarla, ayrı-ayrı fənlər üzrə aparılmış ümumi analizlərlə tanış olmalı və onlara xəbərdarlıq edilməlidir.

Milli Məclisin Elm və təhsil Komitəsinin üzvü Kamilə Əliyeva mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında qeyd edib ki, məktəblərdə mütəmadi olaraq valideyn iclasları keçirilməli və valideynlər buna məsuliyyətlə yanaşmalıdırlar. O, təklif edib ki, iclaslarda təkcə sinif rəhbərləri deyil, bütün fənn müəllimləri iştirak etsin:

“Hər bir valideyn iclasda mütləq şəkildə iştirak etməlidir ki, övladı haqqında vaxtında bütün məlumatları əldə edə bilsin. Təşkili barədə isə onu deyə bilərəm ki, valideyn iclası çağırıldı, valideynlər toplandı – bu şəkildə olmamalıdır. Valideyn iclaslarında sinifin bütün fənn müəllimlərinin iştirak etməsini təklif edərdim. Yəni, təkcə sinif rəhbərinin iştirakı ilə keçirilməsin. Nəzərə alaq ki, əgər sinif rəhbəri uşaq haqda ümumi qiymətləndirmə aparırsa, fənn müəllimləri şagird haqda daha dərin, ətraflı məlumat verə bilər. Valideyn də iclasda müəllimlərlə bilavasitə ünsiyyətdə olduğuna görə uşağın hansı fənndən “axsadığını” bilər. Bilmirəm, bəlkə də bəzi məktəblərdə belə təşkil olunur, bütün müəllimlər iştirak edir, amma hər halda bütün məktəblərdə belə deyil. Hətta valideynlər də həmin iclaslarda müəllimlər haqda iradlarını bildirə bilərlər”.

Övladları Bakı və bölgə məktəblərində oxuyan valideynlərin əksəriyyəti mövzu ilə bağlı danışarkən, iclasların yalnız tədbirlərin təşkilinə yaradığını qeyd ediblər:

Valideyn Sevda Rəhmanova: “Valideyn iclaslarında həmişə 3-4 nəfər iştirak edir. Açığı onda da ancaq pul yığmaq haqda danışılır. Filan tədbirə pul lazımdı və s. Təxminən 45 dəqiqə davam edir”.

Valideyn Səidə Abbasova: “Axırıncı iclasımızda kollektiv gəzməyə getməklə bağlı yığışmışdıq İclasda səs-küy, ağız deyəni qulaq eşitmir. Ümumiyyətlə, iclaslarımız elə həmişə qonaqlıqla əlaqəli olur.  Bayramlara necə yığışaq, harda keçirək və s. mövzuları müzakirə edirik”.

Valideyn Sənubər Süleymanlı: “İclasda uşaqların səhv hərəkətləri, zəif olduqları dərslər deyilir. Bəzi uşaqların valideynləri isə bəzən deyilən iradları qəbul etmək istəmirlər. Müəllim onu basa salmalıdır ki, sən belə etməklə öz uşağına pislik edirsən. Valideynlər xoşlayır ki, iclasda uşaqları mənasız yerə təriflənsin. İclaslarda 95% valideyn iştirak edir. Amma bəzən uşağın nənəsi, babası gələndə gedib evdə valideynlərə iradları çatdırmırlar. Belə hallar da olur”.

Valideyn Qızılgül Mehdiyeva: “Adətən, iclasla uşaqların anaları iştirak edirlər. Həmişə də fikir vermişəm, elə eyni uşaqlar haqda danışırlar. Ya çox yaxşı qiymətlərlə oxuyanlar, ya da dəcəl uşaqlar barədə. Əsasən isə davranışları ilə bağlı şikayətlər və təriflər… Yəni, hansı dərsdə, hansı mövzuda zəifliyi barədə valideyn soruşmadıqca, demək olar ki, danışılmır”.

Valideyn Gülnar Qurbanova: “Bizdə ümumiyyətlə iclas ildə bir dəfə keçirərlər, ya yox… Uşaqlar böyüdükcə bilirəm ki, özləri onsuz da dərslərini yaxşı oxuyur, heç iclaslarda iştirak etmirəm. Çünki, iclaslar qeyri-səmimi təşkil olunur. Amma dərslərindəki zəifliklərlə bağlı müəllimlər lazım gəlsə özümüzlə də əlaqə saxlayırlar. O baxımdan çox razıyam. İclaslar isə, formal xarakter daşıyır”.