Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-22 10:46:05
ABŞ-da nüfuzlu elm sərgisində mükafat alan azərbaycanlı şagirddən AÇIQLAMA

“Hakimlər yaxınlaşanda hamısına bir-bir Azərbaycandan bəhs edirdim və Bakının harada yerləşdiyi barədə məlumatlar verirdim”.

Bunu AzEdu.az-a açıqlamasında Amerika Birləşmiş Ştatlarında təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisinin mükafatçısı Məhəmməd Hacıyev deyib. Onun sözlərinə görə, müsabiqəyə 81 ölkədən şagirdlər qatılır:

“Bu il həmin müsabiqədə birinci yerə layiq görülmüşəm. Birinci yerə çıxanların arasından Amerika keçirilən sərgiyə 4 layihə təqdim olundu ki, onlardan biri də mənim layihəm idi. Çox sevinirdim. Artıq Amerikaya getməyimizin vaxtı gəlmişdi. Bu ölkədən gözləntilərim böyük idi. Çünki layihəmin üzərində çox işləmişdim. Hətta “Sabahın alimləri”də birinci yerə layiq görüldükdən sonra belə layihəmi inkişaf etdirdim. Çünki Amerikaya getməyin daha məsuliyyətli bir iş olduğunu bilirdim. Hansı ki, müsabiqəyə dünyanın 81 ölkəsindən şagirdlər qatılır. Buna görə də əlimdən gələni edirdim. Amerikanın ab-havası da başqa cür idi. Çindən, Yaponiyadan və digər inkişaf etmiş ölkələrdən şagirdlər iştirak edirdi”.

Məhəmməd Hacıyev müsabiqədə nəinki layihəni, hətta Azərbaycanı da lazımınca təmsil etdiyini qeyd edib:

“Ölkəmizi elmi cəhətdən təmsil etməklə yanaşı, coğrafi bilgilərimizi də xaricilərlə bölüşürdüm. Məsələn, hakimlər yaxınlaşanda hamısına bir-bir Azərbaycandan bəhs edirdim, Bakının harada yerləşdiyi barədə məlumatlar verirdim. Bir-birimizə köynəyə yapışan pinlər təqdim edirdik. Azərbaycan bayrağını götürüb hamıdan xahiş edirdim ki, qol çəkib öz pinlərini taxsınlar. Pini yapışdırmamışdan əvvəl soruşurdum ki, sən bilirsən hara qol çəkib pini yapışdırırsan? Bilməyənlərə bunun Azərbaycanın bayrağı olduğunu başa salırdım. Sonra deyirdim ki, indi qol çəkə bilərsən, çünki hazırda Azərbaycanın harada yerləşdiyini tanıyırsan”.

Qeyd edək ki, 13-18 may 2018-ci il tarixlərində Amerika Birləşmiş Ştatlarının Pittsburq şəhərində Intel Fondunun təşkil etdiyi Beynəlxalq Elm və Mühəndislik Sərgisi keçirilib. Beynəlxalq sərgiyə dünyanın 75-dən çox ölkəsindən 1800-dən çox məktəbli qatılıb. Azərbaycanı bu nüfuzlu müsabiqədə cari ilin fevral ayında ölkə üzrə keçirilən “Sabahın alimləri” müsabiqəsinin qalibləri - akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Əliağa Abdullayev və Adnan Bünyatov fizika-astronomiya bölməsi üzrə, Cavid Hüseynzadə və Ceyla Hüseynzadə kompüter elmləri, Fidan İbrahimova biologiya, Bakı şəhəri 238 nömrəli tam orta məktəbin şagirdi Məhəmməd Hacıyev ekologiya və ətraf mühitin idarə olunması bölmələri üzrə layihələrlə təmsil ediblər. Layihələrdən ikisi - akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Cavid Hüseynzadə və həmin liseyin IX sinif şagirdi Ceyla Hüseynzadənin “TreLop” layihəsi proqramlaşdırma sahəsində mükəmməl layihə kimi Oracle Akademiyasının 5000 ABŞ dolları məbləğində mükafatına, liseyin X sinif şagirdləri Əliağa Abdullayev və Adnan Bünyatovun “Neftin fiziki-kimyəvi xassələrinin dəyişdirilməsində elektromaqnit sahəsinin rolu” mövzusunda elmi layihəsi “BMT-nin dayanıqlı inkişaf hədəfi” nominasiyasında YUNESCO-nun nəzdində Ukrayna Milli Mərkəzi - Kiçik Elmi Akademiyası tərəfindən 1000 ABŞ dolları məbləğində mükafata layiq görülüb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları