Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-21 11:13:06
Məşhur amerikalı professor Bakıya gəlir – AXC ilə bağlı mühazirələr DEYƏCƏK    

Yaxın Şərq və Avrasiya Tarixi sahəsində beynəlxalq müstəvidə ad qazanmış, Prinston Universitetinin professoru Maykl A. Reynolds 21-25 may 2018-ci il tarixlərində Bakıda səfərdə olacaq. 

Bu haqda AzEdu.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib. 

O, "Azərbaycan Demokratik Respublikasının (ADR) Yaradılması və Sonunun Geosiyasəti" mövzusunda Amerika Mərkəzi, Bakı Dövlət Universiteti, Azərbaycan Pedaqoji Universiteti, Xəzər Universiteti və Qərbi Kaspi Universiteti də daxil olmaqla ictimai mühazirələrlə çıxış edəcək. 

Professor Reynolds Azərbaycan Diplomatik Akademiyasında ADR-ın 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşları ilə görüşlər keçirəcək. Və "Azərbaycan Demokratiyasının Qlobal Çərçivədə Yaradılmasına Baxış" mövzusunda çıxışlar edəcək. 

Bakı Dövlət Universiteti Professor Reynoldsı həmçinin universitetdə yer alan Azərbaycan - 100: Şərqin İlk Müsəlman Parlament Respublikası beynəlxalq konfransda baş məruzəçi qismində iştirakını xahiş edib. 

Konfrans 2018-ci ilin 21-23 may tarixlərində Bakı Dövlət Universitetində keçiriləcək. Konfransa beynəlxalq və yerli tarixçilər və dövlət rəsmiləri qatılacaq. 

Qeyd edək ki, Prinston Universitetində Yaxın Şərq Tədqiqatları üzrə dosent olan Maykl Reynolds Avrasiya tarixi və Amerikanın xarici siyasətinə dair kurslar aparır. 

O, “Parçalanmış İmperiyalar: 1908-1918-ci illərdə Osmanlı və Rusiya İmperiyalarının Münaqişəsi və Dağılması” kitabının müəllifi, Amerika Tarixi Assosiasiyasının Jorj Louis Beer Mükafatının laureatı, və “Qafqaz Toplulmu: İmperiyalar, Xalqlar və Dinlər” kitabının redaktorudur. 

Professor Reynolds, tarixi tədqiqatla birlikdə, müasir Türkiyə, Rusiya, Qafqaz və Amerika xarici siyasətini araşdırır və və bu mövzuda nəşrlər dərc edir. O həmçinin Xarici Siyasət Araşdırmalar İnstitutunun baş elmi işçisidir.