Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-24 09:11:00
Professordan təsirli xatirələr - "Uşaqlığımı xatırlayanda ürəyim  ağrıyır" 

Deyirlər ki, insan yaşlandıqca doğulduğu yurda, körpəliyinin, uşaqlığının, gəncliyinin keçdiyi yerə meyili daha da artır. Başqa sözlə desək, torpaq insanı özünə çəkir. Yaşlı insanların uşaqlıq xatirələrini necə içdən, kövrək hislərlə ifadə etdiklərini görəndə, bir daha əmin olursan ki, boşuna belə demirlər…  Bu xatirələri dinlədikcə, insanda qəribə duyğular yaranır.

Modern.az-ın  "Mənim kəndim” rubrikasının növbəti qonağı, professor Ədalət Tahirzadədir:

Molla Çərkəz əfəndinin nəvəsi…

- Mən doğma kəndimə o qədər bağlı insanam ki, yurdum haqqında məlumatları gələcək nəsillərə çatdırmaq üçün kitab da yazdım. 19 il ərzində ərsəyə gələn, kirill qrafikalı əlifba ilə yazılan bu kitabın adı “Xırxatala kəndinin tarixi və buruqlarının soyadı ” adlanır. Buruq deyəndə nəsil, şəcərə nəzərdə tutulur. 1996-cı ildə işıq üzü görən kitabda 1300 nəfərin şəcərəsi əks olunub.

Ailəmdən danışım… Atam Şərif Tahirli Azərbaycan Yazıçılar Birliyinin üzvü olub, 42 il müəllim işləyib. Halbuki, çox kasıb ailənin övladı olub və bu kasıblıq bizim ailəyə də sirayət edib. Anam kolxozda çalışırdı, savadı yox idi. İnandırım sizə, ali savadı olmasa da, mənim anam savadı olanlardan qat-qat çox bilirdi. Kənddə Molla Çərkəz əfəndinin qızı Ruqiyyə deyəndə, hər kəs ona rəhmət oxuyurdu. Molla Çərkəz əfəndi, yəni mənim ana babam ruhani idi. Tək Qəbələdə deyil, bir çox bölgələrdə də ruhanilik edirdi. Babamın mollalığı dövründə kəndə bir nəfər də olsun, polis gəlmirdi. Kənddə kimsə dalaşanda, o dəqiqə deyərdilər ki, gəlin molla babanın yanına gedək, məsləhət eləsin. Hətta kəndimizdə camaatın bir andı vardı. Nəyəsə and içəndə “molla babanın oxuduğu qara (böyük) Quran haqqı” deyərdilər.



“Mənim kəndim üç nəsildən yaranıb”

- Kəndimizdə üç nəsil birləşib, camaatı formalaşdırıb. Birinci nəsil Alı uşağı (bizim obada nəsilin nümayəndələrinə “uşağı” deyirdilər), ikinci Məmmədsüflü uşağı (Məhəmməd Yusif), üçüncü Molla Mehdi uşağı (Molla Məhəmməd)… bu üç nəsil birləşərək, Xırxatala kəndini yaradıblar. Ata babam oğlan nəvələrini həmişə çox istəyirdi. İlk nəvəsi də mən olduğumdan, məni lap başqa cür sevirdi.

Kəndimizdə keçən uşaqlığımı yadıma salanda velosipedlə ilk tanış olduğum hadisə ağlıma gəlir. Kəndimizdə bir velosipedçi kişi vardı, adı Rəhman idi. Mən də o vaxtlar çox balaca idim, məktəbə belə getmirdim. Velosiped nə olan şeydir, hələ görməmişdim. Bizim taxtadan köhnə bir darvazamız var idi. Rəhman kişi gəlib bizim darvazanın yanından keçəndə, mən əlimdəki çubuğu düz velosipedin təkərlərinin arasına atdım. O vaxtı da kəndin yolları yayda toz , qışda isə əl qalınlığında palçıq olurdu. Elə çubuğu atmışdım ki, gördüm Rəhman kişi göydə uçur. İnanın, qorxumdan həyətə necə girdimsə, onu bir Allah bilir. Sonra dayanıb, qapının arxasından gizlincə xeyli baxdım. Birdə gördüm Rəhman kişi əlində əyri velosiped təkəri ilə bizə gəlir. Sən demə, babama şikayət eləməyə gəlib ki, sənin nəvən mən boyda kişini yıxıb. Həmin gün axşama qədər qonşularda gizləndim ki, babamın əlinə düşməyim. Axırda gördüm yox,  acından ölürəm evimizə gəlib, sakitcə süfrənin qırağında oturdum. İndi gözləyirəm ki, babam mənə nəsə deyəcək, amma demədi. Mənə nə qədər hirsli olsa da, xətrimə dəyməzdi, çünki məni həddindən artıq çox istəyirdi. Ancaq bir sirr açım, ana babama heç vaxt isti yanaşmadəm, ona görə ki, molla idi.


“Atam əsgər gedəndən üç ay sonra mən dünyaya gəlmişəm...”

- Mən dünyaya gəlincə, atam əsgər gedib. Üç il ata üzü görmədim. Atam əsgərlikdən məktub yazıb ki, oğlu olsa, adını Ədalət qoyunsunlar. Ailədə 4 uşaq olmuşuq - 1 bacı, 3 qardaş. Evin böyüyü mən, sonbeşiyimiz isə bacım olub. Çox pis oluram ki, bir dənə də olsun, uşaqlıq şəklim yoxdur. İndi kimin uşaqlıq şəklini görsəm, həsəd aparıram ki, mənim niyə şəklim yoxdur? Atam kəndimizdə müəllim işləyirdi,120 manat maaş alırdı. Az maaş almasına baxmayaraq, hər birimizə ali təhsil verib. Maddi vəziyyətimiz çox ağır idi, deyərdim ki, atam bizi çox çətinliklə böyüdüb, boya-başa çatdırıb. Bizim kənddə məktəb 8 illik olduğuna görə, orta məktəbi Zarağan kəndində oxumalı oldum. Ailə vəziyyətimiz o qədər acınacaqlı olub ki, hələ də uşaqlığım gözümün qarşısına gələndə ürəyim ağrıyır. İnanın, atamın 20 qəpiyi olmurdu ki, mənə yolpulu versin. Qışda havalar çox sərt keçirdi, məktəblə də bizim evin arasında xeyli məsafə vardı. Bax o yolu piyada donaraq gedirdim, çünki yolpulum olmurdu ki, avtobusla məktəbə gedim.


Məktəb illəri...

- Orta məktəbdə dərslərimi yaxşı oxumuşam. Ən çox qorxduğum müəllim də atam olub. Çox sərt adam idi, düzdür, uşaq vuran deyildi, ancaq bir baxışı ilə şagirdi sakitləşdirməyi bacarırdı. İnanın ki, lövhədə yazı yazırdı, deyirdi “filankəs sakit dur!”. Elə bil arxada da gözü var idi. Mən “Səfillər” romanını 5-ci sinifdə oxuyub bitirmişəm. Kəndin kitabxanasında elə bir kitab olmazdı ki, onu mən oxumayım. Yeganə oxuya bilmədiyim əsər Lev Tolstoyun “Hərb və sülh” əsəridiri. Bu yaşıma qədər üç dəfə cəhd etdim ki, oxuyum, alınmadı. Kəndimizin kolxozu camaata nümayiş üçün kino gətirirdi. Lentyazıların arasında hind filmləri də olurdu. Hind filmləri ayda bir dəfə nümayiş etdirilirdi, onlara maraq elə idi ki, qonşu kəndlərdən də gəlib baxırdılar. O vaxtlar filmə baxmaq bizim üçün  möcüzə kimi bir şey idi.



“Atamdan sonra dayağım, köməyim əmim olub”

- Əmim rayonda zərgər işləyirdi, mən də o vaxtları tələbə idim. Bir tələbəyə əsas nə lazım idi, çoxlu ərzaq və pul. Ən çətin məqamımda əmim əlimdən tutub, tez-tez pul, ərzaq göndərirdi ki, mən korluq çəkməyim. Mənə ata əvəzi olub, ona görə də əmimin xətri həmişə mənə əzizdir. O vaxtlar indiki kimi deyildi ki, hər şey yaxşı olsun. Deməli, rayona getmək üçün avtovağzala gedirdim, birdən bilet olurdu, birdən də yox. Bilet tapmayanda isə 360 km-lik yolu ayaqüstə getməli olurdum.

İsmayıllı rayonunun Topçu kəndində 3 il müəllim işləmişəm. Demək olar ki, bütün rayonları qarış-qarış gəzərək, hər bir kəndin adət-ənənələrini öyrənmişəm. Elə bir kənd görmədim ki, öz camaatını bəyənsin. Hamısı özünü tənqid edir. Ancaq qıraqdan gələnlərə o qədər mehriban davranırlar ki…


Toy, yas mərasimlərində kəndin birliyi…

- Bizim kəndin bir özəlliyi vardı. Tutaq ki, bir insanın yas mərasimi düşdü, ölü nə vaxt götürüldü, məzarı nə vaxt qazıldı - bundan ev yiyəsinin xəbəri olmurdu. Adət idi, ölü öləndə camaata çay və qənd paylayardılar. Qonşumuzda Nabat nənə vardı, onun yaxını ölmüşdü, hər kəsə qənd, çay paylayırdı. Nəhayət bu qənddən mənə də gəlib çatanda, o qədər sevinmişdim ki… Çox balaca idim, anlamırdım, deyirdim “Ay Allah, bu ölülər tez-tez ölərdi...”

“Xeyirlə-şər qardaşdır” deyirlər, toylarımız da çox maraqlı keçirdi. Səsi-sədası qonşu kəndlərə kimi gedib çatırdı. İki gün, iki gecə toy çalınırdı. Həm də əsas musiqi aləti zurna və kos (böyük nağara) idi. Bizim toylarda içki olmurdu. Qonaqlar gəlib yeyirdi, yorulana qədər oynayırdı, şabaş verib gedirdi. Gəlinin başına düyü, konfet atardılar. Biz uşaqlar da o konfetləri elə həvəslə yığardıq ki, adama ləzzət eləyirdi.

Bir əhvalat danışım. Mənim əmim uşaqlıqdan bir qız istəyirdi, elə onunla da evləndi. Əmimin toyu idi. O vaxt mən 1-ci sinifdə oxuyardım. Toyda bir dava düşdü ki, gəl görəsən. Sən demə, əmimin evləndiyi qızı qonşu kənddən başqa bir adam da istəyirmiş. Toy günü həmin bu adam öz dəstəsi ilə davaya gəlmişdi. Dava qızışdığı vaxtda mən qorxumdan cinikdə (əl damı, meyvə-tərəvəz yığılan yer) gizlənmişdim.



“Çox dəcəl olmuşam”

- Bir məsəl var: yerdə yeri, göydə göyü yandıran uşaq olmuşam. Bir yerdə durmurdum, elə tərpəndikcə bir yerimi zədələyirdim. Qolumda, əllərimdə, bir salamat yer yoxdur. Həmişə sağ qolumla iş görürəm, sol qolum yaxşı işləmir. Təxminən 1950-ci illər olardı, ilk dəfə, kəndimizə maşın gəlmişdi. Bu maşın da Nəsrullah əminin idi. Kəndin yaxınlığında isə dəmirçixana var idi. Nəsrullah əmi maşını qoz ağacının altında saxladığı yerdə mən dinc dayanmayıb maşının təkərlərini boşaltdım. Bu əməlim özümə elə xoş gəlirdi ki, sevindiyimdən səsim aləmi götürmüşdü. Birdən gördüm ki, Nəsrullah əmi gəlir, qaçdım gizləndim. Nəsrullah əmi qonşu uşaqlardan soruşub ki, bunu kim eliyib? Öz dostlarım  məni satmışdılar, “Ədalətin işidir” deyə hamısı birağızdan xəbərçilik etmişdilər. Bunu eşidən kimi kişi məni əl-əl axtarırdı ki, çırpsın.

Həmin hadisədən xeyli vaxt keçmişdi. Bir gün darvazanın ağzında dayanıb uşaqlarla söhbət elədiyim yerdə, Nəsrullah əminin maşını düz yanımızda dayandı. Kişi maşından düşüb, yaxamdan yapışanda yadıma düşdü ki, başına oyun açmışam. Gördüm ki, Nəsrullah əmi məni pis vuracaq, əlini qaldırdığı anda onu qabaqladım. Dedim, Nəsrullah əmi, axşam qonaqlarımız gələcək, səni də dəvət edirik. İnanırsınız, kişini bir gülmək tutdu, əli boşaldı, yaxamı buraxıb, çıxıb getdi.



İlk məhəbbət yada düşər…
 

- Əslində məhəbbət mövzusu mənim ən yaralı yerimdir. İstər orta məktəbdə, istərsə də ali məktəbdə sevgi macəralarım çox olub. Həmişə yoldaşıma da deyirəm ki, sən mənim son məhəbbətimsən. İlk məhəbbətim yeddinci sinifdə oxuyanda olub. Deməli, sinfimizə yeni bir qız gəldi, adını çəkmək istəmirəm. Bu qızı görən kimi bir könüldən, min könülə ona vuruldum. Hətta adını balaca mismarlarla partaya həkk etmişdim. Ancaq bu qızla münasibətimiz alınmadı. Elə yaxşı ki, də alınmayıb. Sonradan eşitdim ki, mənə də, başqa bir oğlana da eyni zamanda məktub yazırmış.

Tələbəlik illərində isə qrupumuzdakı qızların əksəriyyətini sevmişəm. Hətta elə qızlar vardı ki, onları sevdiyimdən özlərinin xəbəri belə olmayıb. Mən qrup nümayəndəsi idim, ona görə çalışırdım ki, sevdiyim qızlara kömək edim. Nə problemləri vardısa, əlimdən gələni edirdim, imtahanlarda köməklik göstərirdim.

Hər imtahanda qızlara kömək edə-edə, hər dəhlizdə bir qızı görüb, aşiq ola-ola ömür keçməz ki… Zaman keçdikcə, düşünürdüm ki, belə olmaz, konkret biri ilə evlənməliyəm. Həyat yoldaşımı isə mənə atam məsləhət gördü. Bir gün yanıma gəlib dedi ki, “sənə dostum Yusifin qızını alacam”. Sən demə, bu qızın da məndən xoşu gəlirmiş. Evləndik və 42 ildir bir yerdəyik. Sizə bir sirr də açım: zamanında mənə gələn məktubların hamısını həyat yoldaşıma vermişəm ki, oxusun. Yoldaşım elə qadındır ki, indiyə qədər ona xəyanət etməmişəm.