Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-15 15:48:58
“Yaşıl şəbəkə”- Ekoklub” üzvlərinin üçüncü ekoloji forumu keçirildi

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək və gənclərin ətraf mühitin qorunmasında fəal iştirakını təmin etmək məqsədilə “Yaşıl şəbəkə”- Ekoklub” üzvlərinin üçüncü ekoloji forumu keçirilib.

AzEdu.az Mərkəzə istinadən xəbər verir ki,  üçüncü ekoloji forum ilk dəfə 1923-cü ildə Bakıda “Təbiəti sevənlər” dərnəyinin yaradılması ilə başlanan Azərbaycanda gənc təbiətçilər hərəkatının 95 illiyinə həsr olunub. Nazirliyin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşəbbüsü ilə 2015-ci ilin sentyabrından etibarən Bakının orta məktəblərində yaradılan ekoloji klublarda müasir innovativ təlim texnologiyaları tətbiq olunmaqla yeni ekoloji modul təhsil proqramları tədris edilib. Ekoklub üzvləri ekologiyanın əsaslarını öyrənməklə ətraf mühitin qorunması və təbii resursların davamlı istifadəsi sahəsində xüsusi bilik və bacarıqlara yiyələniblər. Respublika Uşaq-Gənclər Mərkəzinin təşəbbüsü ilə 2016-cı ildən etibarən hər il “Ekoklub” üzvlərinin ekoloji forumları keçirilir.

Tədbirdə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, dosent Firuzə Sultanzadə “Yaşıl şəbəkə” devizi altında keçirilən üçüncü ekoloji forumun əsas məqsədinin gənclərin ekoloji hərəkatının və “Ekoklub”lar şəbəkəsinin genişləndirilməsi, məktəblilərin ekoloji biliklərinin artırılması, onlarda ekoloji mədəniyyətin və ətraf mühitin qorunması sahəsində xüsusi bacarıqların formalaşması olduğunu söyləyib.

BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İradə Əliyeva, Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Ayla Həsənova, BDU-nun ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, professor Nazim Şəmilov, WWF-in Azərbaycan nümayəndəliyin direktoru Elşad Əsgərov məktəblilərin ekoloji biliklərinin artırılmasında bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

BDU-nun ekologiya və torpaqşünaslıq fakültəsinin dəstəyi ilə universitetin akt zalında keçirilən forumda Bakı şəhəri üzrə 40 orta təhsil məktəblərində fəaliyyət göstərən 2.000 “Ekoklub” üzvləri arasından seçilmiş 400 məktəbli iştirak edib.

Forumun proqramı çərçivəsində ekoklub liderlərinin illik hesabatı dinlənilib, yeni fəaliyyət planları müzakirə edilib və fləşmob təşkil olunub.