Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-25 12:56:00
Prorektor olan sabiq Baş nazir, diaqnostik qiymətləndirmə intizarı -Həftənin icmalı

 

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

Ötən həftədə Azərbaycan Respublikasının sabiq Baş naziri Novruz Məmmədov yeni vəzifəyə təyin olundu

 N.Məmmədov Azərbaycan Dillər Universitetinə prorektor vəzifəsinə gətirildi. O, Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edildi.

 Ötən həftədə həm də beynəlxalq ikili diplom proqramlarının keçiriləcəyi xarici təhsil müəssisələrinin seçim qaydaları təsdiqləndi

Nazirlər Kabineti "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisas proqramlarının və təhsil səviyyələrinin seçim Qaydaları"nı təsdiq edib.

Bununla bağlı qərarı baş nazir Əli Əsədov imzalayıb.

Azərbaycan Prezidentinin 2018-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 6.1.7-ci və 6.1.8-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədilə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisas proqramlarının və təhsil səviyyələrinin seçim Qaydaları" təsdiq olunub.

Geridə buraxdığımız həftə həm də Təhsil Nazirliyinin yeni kadr dəyişikliyi ilə yadda qaldı

Bu barədə müvafiq əmri Təhsil naziri Ceyhun Bayramov imzalayıb.

Əmrə əsasən, Əfqan Abdullayev Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri vəzifəsinə təyinat alıb.

Təhsil Nazirliyinin nəzdində yaradılacaq ali təhsil üzrə Dövlət Proqramının İdarəetmə Qrupunun vəzifələri müəyyənləşdi 

Təhsil Nazirliyinin nəzdində yaradılacaq “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun vəzifələri müəyyənləşib.

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun Əsasnaməsində əksini tapıb.

İdarəetmə Qrupunun fəaliyyəti ilə bağlı xərclər Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaiti hesabına maliyyələşdirilir.İdarəetmə Qrupuna təyinatlar İdarəetmə Qrupunun ştat cədvəlinə uyğun olaraq Təhsil naziri tərəfindən aparılır. İdarəetmə Qrupunun ştat cədvəli və Azərbaycan Respublikasının büdcə təsnifatına uyğun tərtib edilən illik xərclər smetası Təhsil Nazirliyi tərəfindən ARDNF ilə razılaşdırılmaqla təsdiq edilir.

 Təhsil Nazirliyinə iki milyon manat ayrıldı

Prezident İlham Əliyev Sumqayıt şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Sumqayıt şəhərində 1 nömrəli şəhər tam orta məktəbi üçün 1800 şagird yerlik yeni binanın tikintisi məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Diaqnostik qiymətləndirilmənin cari ilin dekabr ayında keçirilməsi nəzərdə tutulub.

Diaqnostik qiymətləndirilmə zamanı psixoloqlara 60 test tapşırığı təqdim olunacaq. Namizədlər imtahan zamanı 90 dəqiqə ərzində test tapşırıqlarını cavablandıracaqlar. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.

Həftənin təhsil informasiyaları

Təhsil naziri Ceyhun Bayramov valideynlərlə görüşdü

Təhsil naziri Ceyhun Bayramov Bakı şəhəri 72 nömrəli məktəb-liseydə bir qrup valideynlə görüşüb.

Görüşdə nazir ümumi təhsil müəssisələrində məktəb proqramının yüklülüyü, şagird sıxlığı, növbəlilik, şagirdlər və şagird-müəllim-valideyn arasında olan münasibətlər, yeməkxanalara nəzarət və məktəbin fəaliyyəti ilə bağlı digər məsələləri valideynlərlə müzakirə edib.

Nazir müavini Məhəbbət Vəliyeva Goranboy rayonunda olub

Noyabrın 20-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təhsilin vəziyyəti və tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə Goranboy rayonuna səfər edib.

Məhəbbət Vəliyeva səfər çərçivəsində rayonda yerləşən Qızılhacılı qəsəbə Dilbazi Qasımov adına 1 nömrəli, Qızılhacılı qəsəbə Mahir Dosuyev adına 2 nömrəli və Goranboy şəhəri 2 nömrəli tam orta məktəblərə baş çəkib. Nazir müavini qeyd olunan təhsil müəssisələrində pedaqoji kollektivlə görüşüb, sinif otaqları və onların tərtibatı barədə öz tövsiyələrini bildirib.

Nazir müavini Məhəbbət Vəliyeva Tərtər rayonunda olub 

Noyabrın 22-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təhsilin vəziyyəti və tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə Tərtər rayonuna səfər edib.

 Məhəbbət Vəliyeva səfər çərçivəsində Tərtər şəhəri 1 nömrəli tam orta məktəbdə olub. Nazir müavini məktəbin müəllimləri ilə görüşüb, eyni zamanda təhsil ocağının şəraiti ilə tanış olub və dərs prosesini izləyib. Məhəbbət Vəliyeva tədris prosesində interaktiv təlim metodlarından istifadənin vacibliyi və əhəmiyyətini diqqətə çatdırıb.

 

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları