Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-28 09:42:00
İctimai Şuranın katibi: “Ciddi problemə çevrilən repetitorluqla bağlı görüləsi çox işlər var”-MÜSAHİBƏ

İlqar Oruclu: “Rusiyanın hansısa dərsliyini tərcümə edib olduğu kimi tədris etməklə kadr hazırlamaq olmaz”

Təhsil məsələlərinin müzakirəsi üçün məsləhətləşmələr təşkil etmək, bir sıra problemlərin həlli ilə bağlı nazirliyə təkliflər verərək təhsilə birlikdə xidmət göstərmək ölkənin inkişafı üçün zəruri amillərdən hesab edilir. Bu mənada Təhsil naziri Ceyhun Bayramovun 11 iyul 2019-cu il tarixli əmrinə əsasən yaradılan Təhsil Nazirliyi yanında İctimai Şura mühüm əhəmiyyət kəsb edir. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətində şəffaflığı artırmaq, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyəti gücləndirməkdir. İctimai Şuranın 11 üzvü 2 aya yaxın müddət ərzində artıq bir sıra fəaliyyətləri birgə həyata keçiriblər və beləcə ölkə təhsilinin inkişafına öz töhfələrini verməkdə davam edirlər.

AzEdu.az İctimai Şuranın fəaliyyətini daha dolğun işıqlandırmaqdan ötrü üzvlərlə silsilə müsahibələrə start verir. İlk müsahibimiz Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucludur.

İlqar bəy, Təhsil Nazirliyi yanında İctimai Şuranın yarandığı gündən bugünə qədərki fəaliyyətini necə şərh edərsiniz?

- Təhsil Nazirliyi yanında İctimai Şura sentyabrın əvvəlində, yeni dərs ilinin başlamasına çox az müddət qalmış bir vaxtda fəaliyyətə başlayıb. Nəzərə alsaq ki, İctimai Şuranın fəaliyyətə başlaması ilə əlaqədar görüləcək ilk iş məhz reqlamentin müəyyənləşdirilməsi idi, deməli, yalnız bundan sonra rəhbər heyət seçilməli, fəaliyyət planı hazırlanmalı və s. bu kimi işlər görülməlidir. Elə buna görə də, 21 oktyabrda keçirilən sonuncu iclasda qərarlaşdırdıq ki, növbəti görüşə qədər İctimai Şuranın Fəaliyyət Planı hazırlansın və artıq növbəti iclasda müzakirə olunaraq qəbul edilsin. Nəzərinizə çatdırım ki, növbəti görüşün təxminən, 1 həftə - 10 gün sonra keçirilməsi planlaşdırılır.

Fəaliyyət planı ikiillik hazırlanacaq və bu, qətiyyən qeyd olunan müddətdə nəzərdə tutulduğundan əlavə hər hansı fəaliyyətin həyata keçirilməyəcəyi mənasını vermir. Yəni orada ümumi müddəalar öz əksini tapsa da, əlbəttə, zaman-zaman yeni fikir və təşəbbüslər yarandıqda, zamanın çağırışına uyğun olaraq plana müəyyən əlavələr ediləcək. Baxmayaraq ki, fəaliyyət planını hələ də hazırlamamışıq, lakin bu müddət ərzində biz - 11 şura üzvü ayrı-ayrılıqda müxtəlif televiziya kanallarında, mətbuat orqanlarında təhsillə bağlı öz fikirlərimizi səsləndirmişik. Eyni zamanda, müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə əldə edərək  fəaliyyətə başlayan gənclərlə Təhsil Nazirliyinin nümayəndələri ilə birgə görüşdə iştirak etmişik. Qısacası, təxminən, 2 aylıq fəaliyyət müddətində İctimai Şura xüsusi fəaliyyət planı üzrə işlər aparmasa da, bu müddət ərzində bir neçə məsələnin həllinə çalışıb.

-Təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyəti  təmin etmək üçün şura üzvlərinin vəzifələri nələrdir?

- Şuraya sədr, sədr müavini və məsul katibin seçilməsi o demək deyil ki, nəzərdə tutulan işlər 3 nəfərin fəaliyyəti ilə məhdudlaşacaq. Xeyr, şura üzvlərinin sayı 11-dir və hər bir üzvün fəaliyyəti olduqca önəmlidir. Sadəcə, rəhbər heyət şuranın cari fəaliyyətinə rəhbərliyi və əlaqələndirməni həyata keçirəcək. Yəni, bu, digərləri ilə müqayisədə rəhbərliyin xüsusi imtiyazlara sahib olması anlamına gəlmir. Çünki üzvlərin hər biri seçkidə iştirak edərək qalib olub.

Ümumiyyətlə şura üzvləri arasında iş bölgüsü hələ aparılmayıb. Hesab edirəm ki, şura təkcə üzvlərlə işləməməlidir, çünki təhsil elə bir sahədir ki, burada müxtəlif təcrübəyə malik insanların fikirləri öyrənilməli, onların təcrübələrindən yararlanılmalıdır. Növbəti mərhələlərdə artıq şuranın tərkibində müxtəlif komissiyaların fəaliyyətə başlaması nəzərdə tutulub. Belə olan halda, hər bir şura üzvünə fərqli sahələr üzrə xüsusi tapşırıqlar verilərək vəzifə bölgüsü aparılacaq. Üstəlik,  ölkədəki müxtəlif ictimai birliklər, informasiya portalları və ümumiyyətlə, təhsilə xidmət göstərən bir sıra qurum və ya şəxsləri də prosesə cəlb edərək təhsil üçün birlikdə xidmət etməyi düşünürük.

-Ölkənin təhsil sahəsində hansı boşluqlar müşahidə edilir? İctimai Şuranın üzvü kimi bu istiqamətdə yarana biləcək problemlərin qarşısını almaq və ya mövcud çətinlikləri aradan qaldırmaq üçün nə kimi təklif edərdiniz?

-Təbii ki, bütün sahələrdə müəyyən problemlər müşahidə edilir ki, bu mənada təhsil də istisna deyil. Təhsil hər bir dövlətin və cəmiyyətin dövlət siyasətində strateji mövqeyi olan sahədir. Bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda da ölkənin inkişafını müəyyən edən təhsilin keyfiyyətinə hesablanmış işlər görülüb və görülməkdə davam edir. Ölkənin birinci şəxsinin siyasi iradəsi və I vitse-prezidentinin bu istiqamətdəki fəaliyyəti göz qabağındadır. Lakin bütün bunlara baxmayaraq, bu gün təhsildə problemlərlə qarşılaşmaq olduqca təbiidir. Biz də İctimai Şura olaraq bütün bu çatışmazlıqları səsləndirməli və həll yolları ilə bağlı nazirliyə konkret təkliflər verməliyik.

Bu gün istər orta, istərsə də ali təhsilin keyfiyyəti ilə bağlı xeyli düşündürücü və cəmiyyəti haqlı olaraq narazı salan məqamlar var. Təəssüf  ki, hazırda Azərbaycan təhsili lazım olan keyfiyyət meyarlarına cavab verə bilmir. Müəyyən obyektiv və subyektiv səbəblərə dayanaraq yaranan bu göstərici illərin nəticəsidir. İndi isə dünya inkişaf edir və ən əsası, dünyadakı bu inkişafın tempi o qədər sürətlidir ki, ayaqlaşmaq çətindir. Bu baxımdan, hazırda dünyada təhsilin inkişaf etdirilməsi ilə əlaqədar müəyyən təcrübələr öyrənilməli, analiz aparılmalıdır. Müəyyən təcrübələri tətbiq edərək faydalanmaq, nəticə əldə etmək üçün isə nazirlik qarşısında tövsiyələrlə çıxış etmək vacibdir.

İctimai Şura olaraq hətta hüquqi sənədlərin qəbul edilməsinə ehtiyac yarandığı zamanlarda da nazirliklə bu istiqamətdə işləyə, təkliflər təqdim edə bilərik. Təhsil naziri ilə görüşdə cənab Ceyhun Bayramov özü də qeyd etdi ki, bu şuraya böyük ümid bəsləyir. Əlbəttə, nazirlikdə xeyli yeni fikirli insanlar var və onlar hər biri çox istəyirlər ki, təhsil sahəsindəki mövcud neqativlər aradan qaldırılsın.

Problemlərdən danışarkən bunu mütləq qeyd etmək istəyirəm: cəmiyyətdə dərsliklərin keyfiyyət məsələsi ilə bağlı çox ciddi iradlar var. Hətta ali təhsilli kadrların əmək bazarının tələblərinə, ali təhsil müəssisələrində istifadə olunan tədris proqramlarının ümumi keyfiyyət meyarlarına tam cavab verməməsi və dərsliklərdəki qüsurlar aktual məsələlərdir.

Əlavə olaraq, son dövrlər repetitorluq Azərbaycanda ciddi problemə çevrilir və təəssüf ki, ümumtəhsil məktəblərində oxuyan şagirdlərin repetitor yanına getmədən ali məktəbə qəbul olunması sual yaradır. Heç də təsadüfi deyil ki, valideynlər xeyli miqdarda pul xərcləyib övladlarını repetitor yanına göndərirlər. Bütün bunlar göstərir ki, bizim bu istiqamətdə görəcəyimiz xeyli işlər var və bütün bu məsələlərlə bağlı konkret təkliflər hazırlamalıyıq. Əminəm ki, Təhsil Nazirliyi də təkliflərimizə ciddi yanaşacaq və problemlərin aradan qaldrılması üçün çalışacaq.

-Təhsilin keyfiyyəti ümumilikdə orta və ali təhsil istiqamətindəki uğurlu islahatların nəticəsidir. Qeyd etdiyiniz problemlərdən birinci və ikinci dərəcəli olanları var. Bəs sizcə, ilk həllinə başlanılması lazım olan prioritet problem hansıdır?

-Təhsilin keyfiyyətinin artırılması ilə bağlı çox ciddi, bir-birindən asılı olan səbəblər var ki, həmin səbəblər zamanla təhsilin keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır. Burada, hesab edirəm ki, ilk növbədə dərslik problemi, tədris proqramları, peşəkar müəllim hazırlığı, orta və ali təhsil müəssisələrinin rəqabətədavamlı kadrlarla təmin edilməsi və s. kimi məsələləri qabartmaq lazımdır. Təhsil Nazirliyi təhsildəki boşluqları aradan qaldırmaq üçün bir sıra islahatlar keçirir: hələ bir müddət öncə saxta diplomlu müəllimlərin məktəblərdən uzaqlaşdırılması prosesi uğurla həyata keçirildi. Lakin cəmiyyətdə belə fikirlər dolaşır ki, həmin saxta diplomlular hələ də təhsil müəssisələrindən tam uzaqlaşdırılmayıblar.

Hesab edirəm ki, yaradıcı, peşəkar müəllimlərin hazırlanması olduqca vacibdir. Bilirsiniz, artıq bir neçə il öncə başlayan müəllimlərin işə qəbulu üzrə müsabiqənin uğurlu nəticəsi olaraq bu il gənc müəllim namizədlər yüksək nəticə göstərərək orta məktəblərə işə qəbul olunublar. Müəllim əməyinin stimullaşdırılmasının nəticəsi olaraq isə yüksək bal toplayan gənclər ən ucqar kənd məktəblərini seçiblər. Baxmayaraq ki, dağ kəndlərində vəziyyət qənaətbəxş deyil, amma yenə də şəhərdə yaşayan və işinin peşəkarı olan müəllimlər o məktəbləri seçməkdə tərəddüd etməyiblər. Bu kimi çox nümunə göstərmək olar. İstənilən halda yenə də müəllimləri, təhsilə xidmət göstərən hər kəsi stimullaşdırmaq, motivasiya etmək üçün islahatlara davam etmək labüddür.

Çünki təkcə müəllimləri seçib ucqar kəndlərə göndərməklə məsələ həll olunmuş sayılmır. Bununla bərabər, pedaqoji kadr hazırlığı ilə məşğul olan universitetlərin də təhsil keyfiyyəti artırılmalıdır. Yenə qeyd edirəm ki, bu problemlər bir-biri ilə zəncirvari şəkildə bağlıdır. Pedaqoji kadr yetişdirən ali təhsil müəssisəsi müəllimlərinin akkreditasiyası, onların peşəkarlığının artırılması məsələsinə diqqət yetirmək prioritet məsələlərdəndir. Səbəbləri araşdırıb bir səbəb üzərindən hərəkətə keçməklə problemi kökündən həll edə bilmərik. Bu məsələlərin həllinə kompleks şəkildə başlanılsa, növbəti illərdə təhsillə bağlı sevindirici məqamların şahidi olacağıq.

-Sadalanan problemlərin həlli üçün dünya təcrübəsindən yararlanmaq, təbii ki, vacibdir. Bu mənada Azərbaycan təhsil sistemi dünya təhsil sisteminin standartlarına necə uyğunlaşdırılır və bunu konkret hansı dəyişikliklərdə müşahidə etmək olar?

-Azərbaycan dünyanın, ən əsası təhsiltutumlu ölkələrin təcrübəsini mütləq şəkildə öyrənməlidir. Lakin elə məsələlər var ki, onlar sırf Azərbaycanla bağlıdır. Misal üçün, bu gün Finlandiya təhsil təcrübəsini Azərbaycan təhsilinə tətbiq etsək, bu, effekt verməz və bir müddətdən sonra zaman-zaman əldə etdiklərimizi də itirə bilərik. Ümumiyyətlə təhsiltutumlu ölkələrin fərqli təhsil modelləri ilə tanışıq: Cənubi Koreya, Sinqapur modeli və s. Hər cür fərqli model xalqların özünəməxsus təfəkkürü ilə sıx bağlıdır ki, bu ölkələr də artıq həmin modelləri tətbiq edərək faydasını görməkdədirlər.

Ümumiyyətlə, nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycan təhsildə keyfiyyət səviyyəsi zəif olan ölkələr arasında deyil. Sovet dövründə ölkəmizdə tətbiq olunan alman modeli olduqca effektiv idi. İllər ərzində bu model cəmiyyət üçün oturuşmuşdu, nəticəsi də qənaətbəxş idi. Təsadüfi deyil ki, o dövrdə yaşayan ailələrin hər biri indi də Sovet təhsilinin müsbət tərəfləri barədə tez-tez söhbət açıb, həmin sistemin effektivliyindən danışırlar.

Qısacası, Azərbaycan hər hansı dövlətin təhsil modelini “kopyalayaraq” tətbiq etməməlidir. Onsuz da ölkəmizdə pedaqoji kadr hazırlığı ilə bağlı çoxillik ənənə var: iki ildən sonra artıq Azərbaycan Dövlət Pedaqoji Universitetinin yüzilliyi qeyd olunacaq. Bu o deməkdir ki, Azərbaycan xalqı təhsilli xalqdır. Əsas olan təhsildəki boşluqları görüb həll yollarını tapmaq və hədəflərimizi müəyyənləşdirməkdir. Fərqində olmalıyıq ki, dünya sürətlə inkişaf edir və biz də bu inkişafın çağırışına uygun irəli addımlamalıyıq.

Azərbaycanda həm orta, həm də ali məktəb proqramları ağırdır. Misal üçün, mühəndis hazırlığı ilə məşğul olan Azərbaycan Dövlət Texniki Universitetinin məzunları dünya əmək bazarında yer tuta bilirmi?! Əlbəttə ki, yox,  rəqabətə davam gətirə bilmirlər. Çünki universitetin qazandırdığı bilik əmək bazarının tələblərinə uyğun deyil. Lazımsız fənlərin tədrisi, bəzi dərsliklərin plagiat tərcümə edilib köçürülməsi və beləcə tələbənin mənasız yerə yüklənməsi kimi məsələlər var. Rusiyanın hansısa dərsliyini tərcümə edib olduğu kimi tədris etməklə kadr hazırlamaq olmur, nəticədə mənfi təsirlərini müşahidə edirik. Yenə qeyd edirəm, məncə, hər hansı ölkənin təhsil modelini olduğu kimi tətbiq etməyin təhsilin keyfiyyətini artırmayacağını düşündüyüm üçün bunun əleyhinəyəm.

-Şura üzvü kimi artıq təhsil sahəsində həm də nəzarətedici mövqedə dayanırsınız. Necə müşahidə etmisiniz, uşaqların məktəb həyatına psixoloji dayanıqlılığı hansı səviyyədə təmin olunur?

-Azərbaycan təhsilindəki bu məsələ ilə bağlı narahatlığımızı uzun illər boyunca səsləndirmişik. Ölkədə çox narahatedici məqamlardan biri də məktəb psixoloqları ilə bağlıdır. Məktəb psixoloqlarının əksəriyyəti qeyri-peşəkarlardan ibarətdir, ixtisaslı kadrlar olduqca azdır. Çalışanların böyük əksəriyyəti fərqli peşə sahibləridir. Məktəb psixoloqunun vəzifələri məktəb üçün çox vacibdir. Təəssüflər olsun, şagirdlər arasında psixoloji problemlilərin çox olması bunun nəticəsidir.

Təbii ki, səbəblərdən biri və ən əsası da Azərbaycandakı ailə modeli ilə əlaqəlidir: ailələrdə şiddət və aqressiyanın olması uşaqlarda travma yaradır. Beləcə məktəbə yollanan uşaqlar evdə “qazandıqları” aqressiyanı özləri ilə birgə gətirirlər. Bu səbəbdən, sözügedən problemin həlli üçün də təkliflər hazırlayaraq nazirliyə təqdim olunacaq. Üstəgəl, bəzi məktəblərdə psixoloq ştatının artırılmasına ehtiyac var: 2500 nəfərlik məktəbdə 2-3 psixoloq ştatının olması vəziyyətə uyğun deyil. Az sayda psixoloq 2500 şagirdə necə dəstək olacaq?!

Hazırlayacağımız təkliflər peşəkar kadrların hazırlanması və fəaliyyət göstərən məktəb psixoloqlarının təkmilləşdirilməsi, onların əmək haqlarının artırılması ilə bağlı olacaq. Çox vacib vəzifə daşıyan bu şəxsləri formal vəzifə daşıyıcısı kimi qiymətləndirmək doğru deyil. Yalnız bu məsələ üzərində ciddi nəzarət olduğu təqdirdə uşaqların məktəblərə psixoloji dayanıqlılığını təmin edə bilərik.