Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-07 11:23:22
“Müəllimlərin özü də kurikulumun nə olduğunu bilmir...” – Yeni sistemə çətin keçid

Dünən Dövlət İmtahan Mərkəzi yeni təhsil proqramları (kurikulumlar) üzrə 10-cu sinif şagirdləri üçün respublikanın 10 şəhər və rayonunda sınaq imtahanları keçirib.

Bu, şagirdlərin kurikulum üzrə verdikləri ilk imtahandır. Bəs şagirdlər yeni proqram əsasında keçiriləcək imtahanlara adaptasiya oluna biləcəklərmi?

Kurikulum üzrə təlimçi, müəllim Günel Əliyeva AzEdu.az-a açıqlamasında bildirib ki, kurikulum əsasında hazırlanan test modelləri şagirdlərdən daha çox yaradıcılıq, eləcə də söz bazasının çoxluğunu tələb edir:

“Bu, kifayət qədər ciddi problemdir. Bir müəllim kimi kurikulumun ölkəmizdə tətbiqini yüksək qiymətləndirirəm. Məktəblilərin real imkanlarını nəzərə alsaq, onların əksəriyyətinin bu tipli testlərdən zəif nəticə göstərəcəyi fikrindəyəm. Lakin problemlər zamanla öz həllini taparsa, kurikulum təhsil sistemimizdə sözün əsl mənasında yeni yol açacaq və düşüncə tərzinin formalaşmasına yardımçı olacaq".

Saatlı rayon Hacıqasımlı kənd məktəbinin müəllimi Aynur Cavidin sözlərinə görə, kurikulum gözəl tədris və təlim üsulu olsa da, bizim şagird və müəllimlər buna hazır deyil:

“Kurikulumu dərk etmək birinci növbədə müəllimin özünə çətindir. Sertifikat almaq şərt deyil. Əslində, müəllimlərin çoxu ilə söhbət zamanı onların bu sistemi dərk etmədiklərini və çox vaxt ənənəvi üsulla dərs keçdiklərini eşidirəm. Bu da faktiki olaraq nəticəni zəiflədir. Müəllim özü belə araşdırma aparmaq, dolayı yollarla bilik əldə etmək istəmir. Özü başa düşmədiyini də başa sala bilmir. Bu da şagirdlərdə fikir ayrılığı yaradır. Bu sistemə hazır olmadığımızı düşünürəm”.

Təhsil eksperti Oruc Mustafayev adaptasiya prosesinin o qədər də çətin olmayacağı fikrindədir:

“Onuncuların kurikulum əsasında imtahan verməsinin anonsu əvvəlcədən verilmişdi. Bu, şagirdlərimiz üçün gözlənilməz deyildi. Artıq şagirdlərimizin müxtəlif imtahan texnologiyalarından xəbərləri də var. Onların bu prosesə adaptasiya olunmaları mümkündür”.

Qeyd edək ki, imtahanda iştirak etmək üçün 11827 şagird qeydiyyatdan keçib. İmtahanda şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları