Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-06 11:44:00
Şahmat tədrisinin inanılmaz faydası - Şəhriyar və Teymurlar necə yetişə bilər?

Şahmat düşüncəni inkişaf etdirər, yaddaşı yaxşılaşdırar, emosional sabitliyini formalaşdırar, iradəsini möhkəmləndirər. Məncə, şahmat ayrıca fənn kimi tədris olunsa kadr problemi olmamalıdır”.

Bu sözləri AzEdu.az-a şair, tərcüməçi Salam Sarvan deyib. O, şahmatın orta təhsil müəssisələrində ayrıca fənn kimi tədrisinə münasibət bildirərkən qeyd edib ki, bunun şagirdlərə ağırlıq yaratma ehtimalı da var:

“Əslində, şahmatın orta məktəblərdə tədrisi yaxşı olardı. Amma indiki tədris yükü baxımından uşaqlara əlavə ağırlıq yaradıb-yaratmayacağını deyə bilmərəm. Bunu təhsil mütəxəssisləri daha yaxşı bilər”.

O, uşaq yaşdan şahmatla məşğul olmağın faydalarından da söz açıb:

“Uşaq yaşlarından şahmatla məşğul olmağın faydasını isə  hamı etiraf edir. Məlumdur ki, oyun zamanı beynin sağ və sol yarımkürələri eyni zamanda işləyir. Yəni bir harmoniya yaranır – eyni zamanda həm məntiqi, həm də abstrakt düşüncəyə meydan açılır. Şahmat uşaqların həm intellektual, həm də şəxsiyyət kimi yetişməsinə güclü təkan verə bilər. Düşüncəni inkişaf etdirər, yaddaşı yaxşılaşdırar, emosional sabitliyini formalaşdırar, iradəsini möhkəmləndirər.

Məncə, şahmat ayrıca fənn kimi tədris olunsa kadr problemi olmamalıdır”.

Qeyd edək ki, dünyanın bir sıra ölkələrində şahhmat orta məktəblərdə tədris olunur. Türkiyədə isə orta məktəb və bakalavr pilləsində tədris olunan şahmat, artıq magistratura proqramına da daxil ediləcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları