Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-30 15:31:13
BP-dən Nəsimi irsinə böyük töhfə - Alman müəllifin möhtəşəm kitabı  -FOTO   

BP Azərbaycanın və dünyanın görkəmli ədiblərindən biri olan İmadəddin Nəsimi haqqında ingilis dilində dərc edilmiş tədqiqat kitabını təqdim edib. Kitabın ictimaiyyətə təqdimatı Heydər Əliyev Fondunun təşkil etdiyi Nəsimi Beynəlxalq Festivalı çərçivəsində bu gün Bakıda, İçərişəhərdə yerləşən Şirvanşahlar Sarayında keçirilib.

Bu kitab Azərbaycanın ölməz şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd olunmasına dəyərli töhfədir və eləcə də onun beynəlxalq oxuculara tanıdılmasında və onun mədəni irsinin dünyada təbliğinə xüsusi xidmət göstərir. Kitabın 1972-ci ildən etibarən Qərb dilində Nəsimi haqqında yazılmış ən geniş elmi nəşr olduğu hesab edilir.

Kitabın təqdimatında çıxış edən BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: “Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi, BP ölkənin zəngin mədəni irsinin və milli dəyərlərinin təbliğinə yönəlmiş təşəbbüsləri və fəaliyyətləri həmişə dəstəkləyib.

Biz öz mədəni irsinə görə dünyanın görkəmli klassikləri arasında çox yüksək yer tutan və adı Azərbaycanın ən görkəmli klassik şairləri olan Nizami və Füzuli ilə yan-yana çəkilən Nəsiminin 650 illik yubileyinin qeyd olunmasına verdiyimizi töhfə ilə qürur duyuruq. Kitab ilkin olaraq ingilis dilində yazılıb və dərc edilib ki, bu da onu beynəlxalq elmi ictimaiyyət və daha geniş oxucu kütləsi üçün əlçatan edir. Kitab İmadəddin Nəsiminin həyatına və onun ədəbi yaradıcılığının və fəlsəfi fikirlərinin şərhinə misilsiz metodoloji bir yanaşma təqdim edir. İlk dəfə olaraq, bu kitab Nəsiminin fəlsəfi fikirlərinin mənşəyini təkcə İslam və Şərq tarixi kontekstində araşdırmır, onu həm də antik Avropa və İslamdan əvvəlki mədəniyyət və intellektual ideya və konsepsiyalarla əlaqələndirir. Bu nəşri maliyyələşdirməklə biz onun dünyanın mədəni irsinin görkəmli şəxsiyyətlərindən biri olan Nəsiminin təbliğinə böyük töhfə verəcəyinə ümid edirik.”

Tədqiqat və kitabın müəllifi tanınmış ədəbiyyatşünas alim Maykl Reynhard Hesdir. Kitab Almaniyada “Gulandot” nəşriyyat şirkətində dərc edilib. 260 səhifəlik bu monoqrafiyada müxtəlif dillərdəki mənbələrdən götürülmüş 1000-dən çox alt yazı, ədəbiyyat siyahısı, sitatlar və şərhlər var və kitabda İmadəddin Nəsiminin həyatı, onun yaşadığı tarixi şərait, dövrünün tarixi və intellektual bilikləri barədə bütün mühüm aspektlər öz əksini tapıb.

Kitab Avropada aparıcı kitabxanalara və universitetlərə təqdim ediləcək.

Qeyd edək ki,  BP dünyanın ən tanınmış neft və qaz təchizatçılarından biridir və onun fəaliyyəti  əsas enerji mənbələrinin təhlükəsiz işlənməsi və hasilatını əhatə edir.

Şirkət 27 ildir ki, Azərbaycanda neft və qaz yataqlarının geoloji-kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələri təhlükəsiz və etibarlı şəkildə idarə edir. İndiyədək BP öz tərəfdaşları ilə birlikdə Azərbaycandakı layihələrə 73 milyard dollardan artıq sərmayə qoyub, on minlərlə iş yeri açmaqla və geniş sosial sərmayə fəaliyyətlərinə qatılmaqla yerli icmalara faydalar gətirib. BP şirkətində 2500 nəfərdən çox Azərbaycan vətəndaşı çalışır.

Ölkənin zəngin mədəni irsinin inkişafına və təbliğinə dəstək BP-nin sosial sərmayələr fəaliyyətinin prioritet sahələrindən biridir. Azərbaycanın uzunmüddətli və etibarlı neft-qaz tərəfdaşı kimi ötən 27 il ərzində BP yerli potensialın yaradılması, təhsil, icmaların,  yerli sahibkarlığın, idman potensialının inkişafı və bir sıra digər sahələrə sərmayələr qoymaqla ölkəyə dəstək verib. BP-nin bu fəaliyyəti ölkənin güclü gələcəyinin qurulmasına sərmayədir.