Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-27 10:41:54
5 ay işıqsız qalan məktəblə bağlı açıqlama: “Elektrik enerjisinin kəsilməsinə səbəb...”  

Xaçmazın Çarxı kənd tam orta məktəbinin 5 aydır, elektriksiz qalması barədə mediada yayılan məlumatlar müzakirələrə səbəb olub. Məlumatda şagirdlərin qaranlıq otaqlarda dərs keçmələri, heç bir kompüterdən istifadə edə bilməmələri əks olunub.

Bildirilib ki, qaranlıq dəhliz və sinifləri işıqlandırmaq üçün məktəbin giriş qapılarını açmaq lazım gəlir. Deyilənə görə, işıq olmadığı üçün şagirdlər “Bilik günü”nü də qeyd edə bilməyiblər.

AzEdu.az məsələni dəqiqləşdirmək məqsədilə 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi ilə əlaqə saxlayıb. Mərkəzinin rəis müavini Fərhad Əmrahov məlumatı təsdiqləyib. Bildirib ki, məlumat bir qədər şişirdilmiş şəkildə verilib:

“Elektrik enerjisinin kəsilməsinə səbəb olan hadisə iyunda baş verib. Hazırda enerjinin bərpası üçün tədbirlər görülür. Onun smetası da hazırlanıb. Sabah məktəbi işıqla təmin edəcəyik.

Bizə də məlumat gec verilib. Biz yerində tədbir görə bilmirik, amma lazımi sturuktura bildirmişik. Xəbər tutan kimi vaxtında baş idarəyə məlumat vermişik. Sadəcə hadisə yay tətili müddətinə düşüb. 

Hazırda baş idarə tədbir görməyə çalışır.  Sabah məktəb işıqla təmin olunacaq”.

Qeyd edək ki, məktəbin may ayından bəri elektriksiz qalmasına səbəb həmin vaxt küləkli havada təhsil ocağına şəbəkə ötürən transformatorun sıradan çıxması olub. Bu müddət ərzində transformator düzəlmədiyindən məktəbdə elektrik sistemi işləmir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları